Paşinyanı Azərbaycan mətbuatı niyə "AĞ atlı OĞLAN" kimi TƏQDİM EDİR?

Paşinyanı Azərbaycan mətbuatı niyə
Şahin Bağırov 
Siyasi elmlər üzrə fəlsəfə doktoru, 
AMEA-nın əməkdaşı, dosent

Və yaxud bizə şirin yalan yedizdirmək istəyənlər kimlərdir?

Dağlıq Qarabağla bağlı şərhləri izlədikcə adamı soyuq tər basır...
 
Bəzi KİV-lər Paşinyanı sanki "Qarabağı Azərbaycana qaytaracaq AĞ ATLI OĞLAN" kimi təşviq edirlər. Guya ki, Paşinyan ölkəsindəki "Qarabağ klanı"nı tam olaraq ram etdikdən sonra bizim arzuladığımız kimi bu məsələyə baxılacaq.
 
Belə görüntü aşılanır ki, bu neçə illərdə başımıza oyun açan həmin bu "Qarabağ klanı"nı rəhbərlikdən uzaqlaşdırmaq üçün sanki Azərbaycan da maraqlıdır. Və odur ki, cəbhə bölgəsində və eləcə də Ermənistanda sabitliyin bərqərar olmasını elə cani-dildən təbliğ edirlər ki, heç Paşinyan özü bundan ötəri özünü bu qədər həlak eləməz.
 
Halbuki ermənilər Azərbaycandakı sabitliyin pozulması və qarşıdurmalardan istifadə edərək torpaqları işğal ediblər. Biz isə əksinə, onlarda tezlikcə sabitliyin yaranmasını arzu edirik ki, torpaqlarımız qaytarılsın (?). Hətta cəbhədə atəş açanların Paşinyanın tərəfdarlarının yox, məhz "Qarabağ klanı"nın istəyilə olduğunu iddia edirlər... Axı buna kim zəmanət verə bilər ki, qarabağlı ermənilərə rəğmən, Paşinyanı sevən ermənilər cəbhədə sakitlik yaradacaq?! Hətta buna zəmanət verə bilən erməninin də doğulduğuna inanmaq qeyri-mümkün görünür. Bəs, belə yanaşmalar haradan qaynaqlanır? Heç Rusiya mətbuatı belə düşünmür, bizim KİV-lər isə sanki havadan informasiya alırlar... Bu zehniyyət, özümüzü aldatmaqdan və başımızın altına yastıq qoyulmasından başqa bir şeyə xidmət eləmir...

P.S. Qeyd edək ki, Rusiyanın  tanınmış  politoloqları və ABŞ-ın nüfuzlu siyasi analitikləri Dağlıq Qarabağda hər an müharibənin başlanması  barədə həyəcan təbili çaldığı halda, Azərbaycan KİV-ləri rahatlıq və arxayınçılıq notları üstündə bu cür təbliğat aparıb ictimai rəyi çaşdırırlar.
 
 
Miq.Az
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az