Prezident: "Azərbaycan nadir ölkələrdəndir ki..."

Prezident:

Biz indi bazar iqtisadiyyatı şəraitində yaşayırıq və bazar iqtisadiyyatının öz qanunları var. Bəzi hallarda bazar iqtisadiyyatı sosial siyasətlə o qədər də uzlaşmır. Hesab edirəm ki, ölkəmizin uğurlu inkişaf modeli bu iki önəmli amilin hər iki istiqamətini özündə ehtiva edir. Çünki biz iqtisadi inkişafa ona görə nail olmaq istəyirik ki, sosial məsələləri daha genişmiqyaslı həll edək və vətəndaşlarımız daha da yaxşı yaşasınlar.

Bu sözləri Prezident İlham Əliyev yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşündə bildirib.

"Ağır vəziyyətdə yaşayan vətəndaşlara biz imkan daxilində kömək göstəririk. Biz evini, eşiyini, torpağını itirmiş vətəndaşlar üçün şəhərciklər salırıq, evlər tikirik, onlara mənzillər veririk. Bu gün hələ də öz maddi imkanlarını lazımi səviyyədə təmin edə bilməyən vətəndaşlara dövlət tərəfindən ünvanlı sosial yardım göstərilir.

Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, ünvanlı sosial yardım proqramı çox geniş miqyas alıb. Biz indi hələ ki, işlə özünü təmin edə bilməyən vətəndaşlar üçün yeni imkanlar axtarırıq, tapırıq, özünüməşğulluq proqramı artıq geniş vüsət alacaqdır. Təkcə bu il 7 min ailə özünüməşğulluq proqramı ilə əhatə olunacaq. Nəyə görə? Çünki imkanı olmayan ailələr dövlət tərəfindən xüsusi vasitələrlə təmin olunsunlar ki, onlar özləri üçün kiçik biznes qura bilsinlər. Bütün bu işləri görmək üçün əlbəttə ki, ölkəmizdə bugünkü siyasət davam etdirilməlidir. Bu siyasət yeganə düzgün siyasətdir. Məhz bu siyasət nəticəsində Azərbaycan dünya miqyasında müstəqil ölkə kimi özünü göstərə bilib", - dövlət başçısı söyləyib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az