Prezident bu qurumu Mərkəzi Banka birləşdirdi – Səbəb

Prezident bu qurumu Mərkəzi Banka birləşdirdi – Səbəb

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ləğv edilməsi və qanunvericilikdə maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətlərinin, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqlarının, habelə əmlakının Azərbaycan Mərkəzi Bankına (AMB) verilməsi gözlənilən addım idi.

Miq.Az xəbər verir ki, bunu iqtisadçı Pərviz Heydərov qeyd edib. O bildirib ki, Palata ötən dövrlər ərzində çox effektsiz xarakter daşıdığını sübuta yetirmişdi:

"Ölkə Prezidentinin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə yaradılan Palata ötən 3 il 10 aylıq dövrdə fəaliyyəti ərzində çox effektsiz xarakter daşıdığını, faktiki olaraq heç bir halda yenilik gətirmədiyini sübut etmişdi”.

Ekspert MBNP-nun yaranma səbəblərini bir daha xatırladıb:

"Palata ona görə yaradılmışdı ki, ölkə iqtisadiyyatının maliyyə sektorunda dayanıqlıq təmin olunsun və bu sahədə nəzarət tədbirləri gücləndirilsin. Başqa sözlə desəm, ölkənin qiymətli kağızlar bazarında, investisiya fondu, bank və sığorta fəaliyyəti sahələrində, habelə ödəniş sistemlərində çeviklik və şəffaflıq əldə olunsun, eyni zamanda, bu sahələrdə tənzimləmə və nəzarət sistemi təkmilləşdirilmiş formada təşkil edilsin. Bütün bunlar təşəkkül tapmadı”.

Ekspert qeyd edib ki, 2014-2016-cı illər ərzindəki neftin dünya bazar qiymətlərinin düşməsi ilə yaranan məlum böhran və xarici təsirlər üzündən maliyyə bazarımızın yaşadığı təlatüm Palatanın yaranmasını şərtləndirmişdi.

P.Heydərovun sözlərinə görə, ümumiyyətlə, AMB və Maliyyə Nazirliyi olan yerdə sözügedən bazarı idarə etmək, tənzimləmək və ona nəzarət üçün əlavə bir quruma ehtiyac yoxdur:

"Digər tərəfdən, bank sektoru, sığorta və qiymətli kağızlar bazarı maliyyə bazarının ayrı-ayrı seqmentləridir”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az