"Prezidentin FƏRMANI məhkəmə hüququ sistemində İNQILABA səbəb olacaq"-VƏKİL VÜSAL SƏFƏROV

 
Vəkillər Kollegiyasının üzvü vəkil Vüsal Səfərov MİQ.AZ saytının Azərbaycan Respublikasının Prezidentinin 03 aprel 2019-cu il tarixli "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə bağlı suallarını cavablandırıb.

-  Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı barədə oxucularımıza nə məlumat verə bilərsiz? Həmin Fərmanda hansı məsələlər öz əksini tapıb, fərmanla bağlı hansı islahatlar gözlənilir?

-Cənab Prezidentin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı Respublikamizda məhkəmə hüquq sistemində yeni dövrün başlanğıcıdır və həmin fərman məhkəmə hüquq sistemində inqilaba səbəb olacaq. Fərmanın giriş hissəsində cənab Prezident ilk olaraq tövsiyyə edir ki, qanunun ümumi prinsiplərinə qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə riayyət edilsin.  Həmin fərman ədalət mühakiməsində səmərəliyin artırılması, məhkəmələrin nüfuzunun yüksəldilməsi, sahibkarlıqla bağlı və digər mübahisələrdə yeniliyin, daha sadə prosedurlar tətbiq edilməklə məhkəməyə müraciət edilmənin asanlaşdırılması, həmçinin məhkəmə hüquq sistemində müasir informasiya texnologiyalarından üstünlüklərindən istifadə edilməklə məhkəmə icraatının dahada təkmilləşdirilməsinə dair göstəriş və tövsiyyələr öz əksini tapıb. Hal-hazırda həmin fərmandan irəli gələn tələblərlə bağlı müvafiq qanun lahiyələrinin hazırlanması üçün Vəkillər Kollegiyasında, Ədliyyə Nazirliyində,  Prokurorluq və s orqanlarda birgə işçi qrupu  yaradılıb.

- Fərmanda vəkillər barədə hansısa yeniliklər və tədbirlərin görülməsi tövsiyyə olunubmu?

-Bildiyiniz kimi cənab Prezident vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün böyük əhəmiyyət kəsb edən güclü və nüfuzlu vəkillik təsisatının yaranması üçün ilk olaraq məhkəmədə təmsilçiliklə bağlı bəzi şəxslərin nümayəndəlik statusunu ləğv edilməsi ilə bağlı sərəncam imzalamış, vəkillər kollegiyasına vəkillərin sayının artırılması göstərişini vermiş, 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə müəyyən edilmiş məbləğin 3 dəfə artırılmasını təmin etmişdir. Həmçinin Anar Bağırovun Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri seçildikdən sonra cənab Prezidentin göstəriş və tövsiyyələrini vaxtinda və layiqincə yerinə yetirərək vəkilliyin inkişafı naminə silsilə tədbirlər görərək, çox qısa zaman ərzində həm vəkillərin, həm də əhaliyə xidmət göstərən regionlarda və Bakı şəhərində vəkillərin olduğu vəkil burolarının sayının artırılmasına nail olmuşdur. Anar Bağırov bu gün həmçinin vəkillərin nüfuzunun əvvəlki illərə münasibətdə cəmiyyətdə daha da artması üçün Rəyasət heyətinin digər üzvləri ilə birlikdə gərgin iş rejimində çalışmaqdadır. Cənab Prezidentin 03 aprel 2019-cu il tarixli fərmanına əsasən dövlət hesabına təyinatla işlərə çıxan vəkillərə ödənilən ödənişlə bağlı indiyədək rast gəldikləri süründürməçilik və digər bürokratik əngəllər nəhayət ki, qısa zaman ərzində son qoyulacaqdır. Belə ki,  əvvəllər həmin ödənişləri vəkillər müvafiq yerli icra hakimiyyətləri vasitəsi ilə çox çətinliklə əldə edirdilər. Fərmana əsasən cari və növbəti illərin dövlət büdcəsində dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Vəkillər Kollegiyasına ayrılması və həmin ödənişin vəkillərə Vəkillər Kollegiyası tərəfindən ödənməsi tələbi dövlət hesabına göstərilən hüquqi yardımın səmərəliliyini artıracaq və bundan isə ən çox vətəndaşlarımız yararlanacaqdır. Bu isə vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsində təsbit olunmuş keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin edəcəkdir.

- Fərmana  əsasən məhkəmələr tərəfindən ədalətli qərarın çıxarılması, şəffaflığın artırılması və digər neqativ halların aradan qaldırılması üçün hansı tədbirlərin görülməsi nəzərdə tutulub?

- Fərman 13 bəndən ibarətdir və hər bəndində ədalətli qərarın çıxarılması, şəffavlığın artırılması və neqativ halların aradan qaldırılması üçün müvafiq göstərişlər və tövsiyyələr öz əksini tapıb. Belə ki, hakimlərin müstəqilliyinin təmin edilməsi, hakim və digər proses iştirakçıların qeyri prosesual münasibətdə olmaması üçün müvafiq göstərişlər, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün qaynar xətt yaradılması, məhkəmələrdə işlərin təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi, məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbinin müəyyən edilməsi nəzərdə tutulub. Məhkəmə iclaslarında audiyazının proseslər zaman aparılması artıq hakim adina ləkə gətirən, ədalətsiz qərar qəbul etmək istəyən hakimlərin işini mümkünsüz edəcək. Belə ki, hal-hazır ki praktikada məhkəmə iclas protokollarını hakimlər istədiyi kimi yazdırır və əvvəlki məhkəmə proseslərində hansısa faktın, epizodun və ya ifadənin olmasını sübut etmək çox çətin olurdu.

Bu yaxınlarda Milli Məclisdə Mediasiya institutunun yaradılması ilə bağlı qərar qəbul olundu. Mediasiya institutunun üstünlükləri nələr olacaq?

- "Mediasiya haqqında" Qanun həqiqətən də ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması istiqamətində irəli atılmış bir addımdır. Qeyd edilən qanun məhkəmələrdə iş yükünü azaldacaq, bu isə sonda işlərə vaxtında və keyfiyyətlə baxılması ilə nəticələnəcək. İnsanlar öz mübahisələrini qərəzsiz, neytral, peşəkar mediatorun köməkliyi ilə həll edə biləcəklər. Bu onları məhkəmə instansiyalarında əlavə vaxt itkisindən və xərclərdən azad edəcək. Həm də insanlar arasındakı münasibətlər qorunub saxlanacaq. Məsələn, aralarında mübahisə yaranan iki şəxs rəqib kimi məhkəmədə qarşı-qarşıya gəlmək əvəzinə sivil qaydada, danışıqlar yolu ilə mübahisələrini həll edəcəklər. Bu isə həmin şəxslər arasında aralarında olan qohumluq və digər hər hansı münasibətin qoruyub saxlamağa kömək edəcək.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az