Prezient İlham Əliyev Şah İsmayıl XətaiŞah Təhmasibdən danışdı

Prezient İlham Əliyev Şah İsmayıl Xətai və Şah Təhmasibdən danışdı

Azərbaycan nefti böyük həcmdə İtaliyaya nəql edilir. İtaliyanın neft idxalında Azərbaycan birinci yerdədir və ölkəmizin İtaliyanın xam neft idxalında payı 15 faiz təşkil edir.

Miq.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın şərəfinə keçirilən rəsmi qəbulda bildirib.

Prezident İtaliya ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından danışıb:

"İkitərəfli münasibətlərimizin tarixində ilk dəfədir ki, İtaliya Respublikasının Prezidenti Azərbaycana rəsmi səfərə gəlmişdir. Əminəm ki, bu əlamətdar hadisə əlaqələrimizin inkişafında yeni bir səhifə açacaqdır. Bu gün Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq bütün istiqamətlərdə, o cümlədən siyasi sahədə uğurla inkişaf edir. Bu işdə müxtəlif səviyyəli qarşılıqlı səfərlər mühüm rol oynayır. Mən İtaliyaya etdiyim səfərləri və Sizinlə görüşümüzü məmnunluqla xatırlayıram. 2014-cü ildə Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi əlaqələrimizi yüksək səviyyəyə qaldırmışdır.

İqtisadi sahədə əməkdaşlığımızı xüsusilə qeyd etmək istərdim. İtaliya Azərbaycanın ticarət tərəfdaşları arasında birinci yerdədir. 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi və Azərbaycandan İtaliyaya ixracın həcmi artmışdır. Uzun illərdir ki, energetika sahəsində əlaqələr mövcuddur. Azərbaycan bu sahədə fəaliyyət göstərən İtaliya şirkətləri ilə sıx əməkdaşlıq edir. Bu ilin may ayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı nəticəsində energetika sahəsində Azərbaycan-İtaliya əlaqələri üçün yeni imkanlar açıla bilər. Azərbaycan nefti böyük həcmdə İtaliyaya nəql edilir. İtaliyanın neft idxalında Azərbaycan birinci yerdədir və ölkəmizin İtaliyanın xam neft idxalında payı 15 faiz təşkil edir. Bu gün işə saldığımız polipropilen zavodu sənaye istehsalı sahəsində əməkdaşlığımızın gözəl nümunəsidir. Digər sahələrdə, o cümlədən infrastruktur, inşaat, nəqliyyat, kənd təsərrüfatı sahələrində də ölkələrimiz əməkdaşlıq edir.

Ölkələrimiz arasında zəngin tarixi-mədəni əlaqələr mövcuddur. Hələ XV əsrdə Azərbaycan Ağqoyunlu dövləti ilə Venesiya Respublikası arasında siyasi-diplomatik əlaqələr qurulmuş, 1469-cu ildən 1478-ci ilə kimi Venesiya Respublikasının Azərbaycanda səfirliyi fəaliyyət göstərmişdir. Həmin dövrdə Azərbaycan diplomatları Neapol Krallığında danışıqlar aparmışlar. Qeyd etməliyəm ki, 1972-ci ildə Bakı ilə Neapol qardaşlaşmış şəhərlər olmuşdur.

Mədəniyyət sahəsində əməkdaşlıq uğurla aparılır. 2012-ci ildə Romada dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılışı olmuşdur. Azərbaycan tərəfinin dəstəyi ilə Roma Forumunun bərpası işləri aparılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən birgə humanitar layihələr mədəniyyət sahəsində əlaqələrimizi daha da möhkəmləndirir.

Azərbaycan "Milan Ekspo”da 2015-ci ildə fəal iştirak etmiş və orada ayrıca pavilyon inşa etmiş ilk ölkələrdəndir. Bizim pavilyonu 3 milyon 200 min insan ziyarət etmişdir.

Sabah Heydər Əliyev Mərkəzinin İtaliyanın Ufisi Qalereyası ilə birgə təşkil etdiyi sərginin açılışı nəzərdə tutulur. Bu sərgidə Azərbaycan xalqının böyük oğlu, sərkərdəsi və şairi Şah İsmayıl Xətainin və Şah Təhmasibin Ufisi Qalereyasında saxlanılan portretləri nümayiş etdiriləcək. Mən bu münasibətlə İtaliya tərəfinə öz minnətdarlığımı bildirmək istəyirəm".

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az