Qarabağa sülhməramlılar yeridilərsə... - Centlmen razılığı

Qarabağa sülhməramlılar yeridilərsə... - Centlmen razılığı

Gələcəkdə razılıq olarsa, Qarabağa yeridiləcək sülhməramlı qüvvələrdə Rusiya, ABŞ, Fransa, Türkiyə və İran təmsil olunmayacaq.

Miq.Az BBC-yə istinadla xəbər verir ki, belə nəticəyə ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlikin sözlərindən gəlmək olar.

ABŞ-ın paytaxtı Vaşinqtonda Atlantik Şura analitik mərkəzinin ötən həftə sonu "Dondurulmuş münaqişələr və Kremlin gündəmi" mövzusunda keçirdiyi müzakirələrdə etdiyi çıxışında Ceyms Uorlik Dağlq Qarabağda sülh prosesinin son mərhələlərində yerləşdirilməsi ehtimal edilən gələcək sülhməramlı qüvvələrin mümkün tərkibinə işıq salıb.

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Ceyms Uorlik qeyd edib ki, indiyədək heç bir rəsmi sənəddə əks olunmamış, lakin Minsk Qrupu həmsədrləri arasında vaxtilə əldə edilmiş "centlmen razılığının" şərtlərinə əsasən, gələcəkdə Dağlıq Qarabağda beynəlxalq sülhməramlı qüvvələr yerləşdiriləcəksə, onların tərkibində "nə danışıqlarda iştirak edən ATƏT-in Minsk Qrupu ölkələrinin, nə də qonşu ölkələrin sülhməramlıları olacaq".

"Bu isə o deməkdir ki, Rusiyanın, eləcə də ABŞ, Fransa və digər ölkələrin sülhməramlıları istisna edilir", - Ceyms Uorlik vurğulayıb.

Ceyms Uorlikin dediklərindən, məntiqlə, belə nəticəyə gəlmək olar ki, Rusiya, ABŞ, Fransa ilə yanaşı, həmin sülhməramlı qüvvələrdə, əgər nə vaxtsa belə qüvvələr təşkil edilərsə, Türkiyə, İran və Gürcüstanın da iştirakı istisna olunur.

ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədrinin sözlərinə görə, Dağlıq Qarabağ üçün sülhməramlı qüvvələrin tərkibinin necə ola biləcəyi ilə bağlı məsələlər sonuncu dəfə 10 il bundan əvvəl müzakirə olunub.

"O zamandan bəri 10 il keçib, amma bu məsələyə indiyədək qayıdılmayıb. Düşünürəm ki, bu məsələ müzakirə olunmalı mövzulardan biridir", - Ceyms Uorlik bildirib.
 
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az