"Qarabağda MÜHARİBƏ ehtimalları artır"-Polkovnik


Dünya analitik mərkəzlərin 2018-ci ilə Qarabağda hərbi əməliyatların başlayacağı proqnozlarını "erməni inqlabı” pozsa da, bir il gecikmə ilə müharibə ehtimalları daha artır.

Səlahiyətlər müddəti başa çatan ABŞ-ın Ermənistandakı səfiri R.Mills bu günlərdə İrəvanda Amerikan Ticarət Evində geniş çıxışında Qarabağ məsələsinə toxunarkən, "Ərazilərin qaytarılması Madrid prinsiplərinin əsas bəndlərindəndir. Mən Ermənistana yeni gələndə çox təəcübləndim ki, "sülh əvəzinə-torpaq” prinsipi erməni cəmiyəti tərəfindən dəstəklənmir... Qarabağ probleminin nizamlanması müəyyən tutulan əraziləri qaytarmadan mümkün deyil”, fikrini söyləyib. Səfirin sözləri erməni cəmiyətində hiddətlə qarşılanıb.

Paşinyan R.Mills-in bu fikrinə münasibət bildirərkən, "səfirin sözlərini gedən səfirin son sözləri kimi qəbul olunmalıdır... Bizim Qarabağ nizamlanmasına yanaşmamız məlumdur” ifadəsini işlədib. 

Yanaşmanı isə oktyabrın 15-i Ermənistan XİN Mnasakyan ifadə edib, "(cəbhə xəttində-NB) etimadın möhkəmləndirilməsi tədbirləri; əvvəl əldə olunmuş razılaşmaların yerinə yetirilməsi; vəziyətin gərginləşməsi risklərinin azaldılması tədbirləri; hərbi ritorikadan və nifrət təbliğatından çəkinmək; Dağlıq Qarabağ həlledici səsə malikdir və danışıqlar prosesinə daha yaxından cəlb olunmalıdır”.

"Xalq premyeri” Paşinyan Qarabağın danışıqlara birbaşa cəlb olunmasını qəti tələb kimi irəli sürürdü. O, Qarabağ döyüşlərində iştirak etmədiyinə və qarabağlı olmadığına görə danışıqlarda "Qarabağ xalqını” təmsil etməyə mənəvi və hüquqi haqqı olmadığını əsas gətirərək, "Ermənistan yalnız "Qarabağın xalqının” təhlükəsizliyinin qarantıdır”, əlavə edirdi. Lakin danışıqlar formatının dəyişdirilməsi ideyasına həmsədrlərin soyuq münasibətini görüncə, xarici işlər nazirinin dili ilə Paşinyanın yeni şərti tələblər kateqoriyasından arzu və istəklər kateqoriyasına dəyişdirildi. Qalan tələblər Sarqsyan zamanından dəyişməyib(söhbət 2016-cı ilin may ayında Vyanada və iyunda S.-Peterburqda ermənilərin irəli sürdükləri və həmsədrlər tərəfindən dəstəklənən müddəalardan gedir).
Baş nazir Paşinyan legitimlik qazanandan sonra da Ermənistan işğal etdiyi torpaqların qaytarılmasına prinsipial münasibətini dəyişməsə(bu isə çətin), danışıqlar Sarqsyanın vaxtında düşdüyü dalandan çıxa bilməyəcək-köhnə yanaşmaların potensialı çoxdan tükənib. Status-kvonun başqa yollarla dəyişdirilməsi tezliklə gündəmə gələcək.

R.Mills həmin çıxışında, ABŞ-ın "erməni inqlabının” hazırlığında iştirakını qeyd etməsi, Rusiya XİN tərəfindən, ”Ermənistanın daxili işlərinə qarışmasının "fəxrlə söylənmiş” təsdiqi kimi qıcıqla qarşılandı. İlk dəfə idi ki, Amerika erməni inqlabında əli olduğunu rəsmən bildirmişdi. Baxmayaraq ki, səfir sözünün davamında, "Ermənistanda baş vermiş inqlabın sırf daxili səbəblərdən baş verdiyini”, söyləsə də, Rusiya XİN rəsmisi bunu Amerikanın ifşası kimi qəbul etdi. Beləliklə, inqlab nəticəsində Ermənistan artıq qlobal geosiyasi qarşıdurma xəttinə çevrilir. 
Dünya analitik mərkəzlərin 2018-ci ilə Qarabağda hərbi əməliyatların başlayacağı proqnozlarını "erməni inqlabı” pozsa da, bir il gecikmə ilə müharibə ehtimalları daha artır.

Nazim Bayram
Hərbi icmalçı

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az