"Qarabağdakı sülhməramlıların mandatı haqda məlumat məxfidir...” - Rusiya jurnalisti


"Bu, çox qəribədir. Təxribatlara necə reaksiya veriləcəyi bəlli deyil?..”
 
"Cənubi Osetiya və Abxaziyadakı sülhməramlılarımızda da bütün sənədlər ictimaiyyətə açıqdır...”
 
Rusiyanın "Komsomolskaya pravda” qəzetinin xüsusi müxbiri Dimitri Steşin növbəti dəfə Ermənistan-Azərbaycan sərhədini keçərək Rusiya hərbi kontingentinin nəzarətindəki Laçın dəhlizi vasitəsilə Qarabağa -  Xankəndinə, Xocavəndə gəlib və şahidi olduqları haqda öz baxışı və niyyətinə uyğun reportaj hazırlayıb.
 
Öncə onu qeyd edək ki, əcnəbi jurnalistin Azərbaycan XİN-dən icazə alıb-almaması haqda məlumatımız yoxdur.  Yəqin ki, Rusiya hərbçiləri olan ərazimizə keşmək üçün Rusiya vətəndaşlarından, o cümlədən həmin ölkənin media mənsublarından Azərbaycan tərəfinin icazəsi tələb olunmur… 
 
Rus jurnalistin hazırladığı materialda Azərbaycan torpağındakı "köçkün” hayların miskin durumundan, lakin ümumilikdə Xankəndində sanki "COVİD-19” pandemiyası olmamış kimi şən əhval-ruhiyyədən bəhs edir,  noyabrın 8-də Şuşa yaxınlığındakı müəmmalı təxribat nəticəsində guya "Azərbaycan hərbçisi tərəfindən” güllələnərək yaralanmış ermənilərdən biri ilə söhbətini açıqlayır, separatçı-terrorçu rejimin "xarici işlər” "naziri”  David Babayan və Ermənistan parlamentinin sədri Alen Simonyanla müsahibəsinin maraqlı məqamlarını təqdim edir, Xocavənd rayonundakı qədim Azərbaycan məbədi Amarasa ziyarətindən və s. danışır.
 
"Qarabağ müharibəsindən bir il sonra: Rusiya qırğını dayandırdı, ancaq yenə günahkardır?” başlıqlı materialda Moderator.az-ın ölkəmizin maraqları baxımından diqqətini cəlb edən əsas iki məqam olub.
 
 
Birincisi, məqalənin başlanğıcında  Qarabağın Ukraynanın faktiki olaraq Rusiya işğalında olan Donbas  və Luqansk əraziləri ilə müqayisəsi və  bu zaman "Burada da Rusiya var” yarımbaşlığının işlənməsidir…
 
"Qarabağ (və ya ermənilərin dediyi kimi, "Artsax”) "materik” Ermənistanı və tanınmamış respublikanın qalıqlarını birləşdirən dar yoldan başlayır. Bir il əvvəl Qarabağ nəzarətində olan ərazilərin 80 faizini itirdi. Paytaxt Stepanakert(Xankəndi-S.L.) qalır və arzu olunarsa, xəritə asanlıqla Ukraynanın cənub-şərqinə bənzədilər. Orada xalq müdafiəçiləri yalnız Luqansk və Donetski əllərində saxlaya biliblər. Ancaq orada hər şey daha sadədir: dağlar yoxdur və arxada Rusiya var...
 
Burada da Rusiya  var...”
 
İkinci məqam isə D.Steşinin Rusiya sülhməramlılarının mandatının, yəni Azərbaycan torpaqlarındakı fəaliyyətlərini tənzimləyən qanuni mexanizmin olmamasını etiraf etməsidir. 
 
"Nə Stepanakertdə(Xankəndi-S.L.), nə də İrəvanda mən rəsmilərdən sülhməramlıların  malik olduğu mandatın məzmununun təxmini izahını belə ala bilmədim. Dnestryanıdakı Rusiya sülhməramlılarının mandatlarının məzmununu internetdə yerləşdiriblər. Cənubi Osetiya və Abxaziyadakı sülhməramlılarımızda da bütün sənədlər ictimaiyyətə açıqdır. Qarabağda isə bu məlumatların məxfi saxlanıldığı görünür...
 
Və bu, çox qəribədir. Təxribatlara necə reaksiya veriləcəyi bəlli deyil?” – deyə Rusiya jurnalisti bildirir...
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az