Qarabağdan İrəvana tank birləşmələri göndərildi

Qarabağdan İrəvana tank birləşmələri göndərildi

Ermənistanda paytaxtında Serj Sərkisyanın baş nazir seçilməsinə və nəticədə hakimiyyətinin ömrünü uzatmasına etiraz olaraq günlərdir davam edən etiraz hərəkatına görə Dağlıq Qarabağdan İrəvana tanklar göndərilib. Virtualaz.org xəbər verir ki, bu məlumatı Rusiyanın "Ekspress qazeta” (EG.ru) nəşri İrəvandakı mənbələrinə istinadən yayıb.


Məlumatda deyilir ki, dünəndən başlayaraq İrəvan ətrafına ordu birləşmələri cəmləşdirilir. Habelə Dağlıq Qarabağdan tank birləşmələri İrəvana göndərilib və tezliklə şəhərə daxil olacaq. Deyilənlərə görə etiraz hərəkatının lideri, deputat Nikol Paşinyan tərəfdarlarına bildirib ki, bu gündən Ermənistanda vətəndaş müharibəsi başlayacaq.

Xəbər verildiyi kimi Nikol Paşinyan ötən gün Ermənistanda "məxməri inqilab”ın başladığını elan edib, inqilab komitəsi yaradıb. Onun bildirdiyinə görə, inqilab komitələri yerlərdə hakimiyyəti ələ alacaq.

Hələlik İrəvanda etirazlar dinc məcrada davam edir və polis aksiyaçılara qarşı total güc tətbiqindən çəkinir. Baş verənlər isə Rusiyanın ekspert-siyasi dairələrində, KİV-lərində çox ciddi narahatlıqla izlənməkdədir. Çünki Sərkisyanın baş nazir olmasına etiraz edənlər antirusiya meylli qüvvələrdir və indi bu qüvvələr Ermənistanda güclənməkdədir. Nəticədə Ermənistanda "rəngli inqilab” etmək istəyənlərə Rusiyadan mesajlar verilir ki, bir qədər də irəli getsələr, yəni hakimiyyətin üzərinə qəti hücuma keçsələr Azərbaycan bundan dərhal istifadə edəcək.

Məsələn, "Vzqlyad” qəzetində Andrey Babitski yazır: "Heç bir şübhə yeri yoxdur ki, Ermənistandakı siyasi böhran dərhal qonşu Azərbaycan üçün Dağlıq Qarabağı öz nəzarəti altına qaytarmağa yönəlmiş yeni cəhdlər üçün siqnal olacaq”.

Müəllif bildirir ki, Ermənisanda iki millətçi qanad var. Bunlardan radikal millətçilər Rusiya ilə münasibətlərin kəsilməsinə çağırır, hesab edirlər ki, Rusiya Qarabağ məsələsində boşboğazlıqla məşğuldur. Azərbaycana kifayət qədər təsir etmir, əksinə silah satır.

"İkinci qrup millətçilər isə Gürcüstandan, Ukraynadan və digər postsovet respublikalarından bizə yaxşı tanışdır. Onlar Avropaya inteqrasiya tərəfdarıdır və əmindirlər ki, Avropaya, Amerikaya yaxınlaşmaqla acınaqcaqlı iqtisadi vəziyyətlərini yaxşılaşdıracaqlar Habelə indiki rejimin avtoritar kapsulunu sındıracaqlar. İfrat millətçilərlə bu avrointeqrasiya tərəfdarlarını antirusiya əhval-ruhiyyəsi birləşdirir. Bu qüvvələr hesab edirlər ki, Rusiyadan aralanan kimi Ermənistan çiçəklənən və siyasi baxımdan qabaqcıl ölkə olacaq. İndiki situasiya Gürcüstanda Mixail Saakaşvilinin hakimiyyətə gəlişi ərəfəsinə çox oxşayır”.

Müəllif onu da yazır ki, ola bilsin Rusiyaya qarşı dəhşətli və qarşısıalınmaz düşmənçilik bu qüvvələri Dağlıq Qarabağın itirilməsinə dözməyə də kömək edəcək...

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az