Qarabağla bağlı YENİ VARİANT: 2019-cu ildə İrəvan ya əraziləri qaytaracaq, ya da...

Qarabağla bağlı YENİ VARİANT: 2019-cu ildə İrəvan ya əraziləri qaytaracaq, ya da...
"2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi proseslər gözlənilir".
 
Bunu publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Azərbaycan Prezidenti İlham Əliyevin "Rossia 24" telekanalına müsahibəsində münaqişə ilə bağlı fikirlərini şərh edən Q.Hüseynli bildirib ki, ciddi informasiyaya malik olan dövlət başçısının gələn il Qarabağ məsələsinin həllinə dair ümidlərin olduğunu deməsi real gözləntilərdən xəbər verir.
Onun sözlərinə görə, Azərbaycan münaqişənin həllində Rusiyanın aparıcı rol oynadığını anlayır: "Buna görə də Rusiya ilə ciddi əlaqələr qurulur. Bu il Rusiya prezidenti Vladimir Putin bir neçə dəfə Azərbaycana səfər etdi, Azərbaycan Prezidentinin də Rusiyaya səfərləri oldu. Moskva münaqişənin həllində təşəbbüsü ələ almaq niyyətindədir. Görünən budur ki, Moskva yeni variant irəli sürür. Bu, Azərbaycan və Ermənistan rəhbərlərinin vasitəçi olmadan müzakirələr aparması və həll yolunu tapmasıdır. Bu proses Minsk formatını sıxışdıra bilər. Lakin xarici işlər naziri Elmar Məmmədyarov bildirir ki, danışıqlar formatı əvvəlki kimi davam etdiriləcək. Proseslərin inkişafı nələr olacağını göstərəcək. Hazırda Rusiyanın səyləri aydın görünür. Burada narahatlıq doğuran məqam Rusiyanın hansı variant üzərində dayanmasıdır. Onlar əvvəlcə beş rayonun qaytarılması, sonra Qarabağa müvəqqəti statusun verilməsini nəzərdə tutan Kazan düsturunu, yoxsa işğal altındakı rayonların hamısının azad edilməsi, Qarabağın statusunun müzakirəyə çıxarılması variantını irəli sürürlər? Bizim üçün bu prinsipial məsələdir, çünki bu ərazilər beynəlxalq hüquqda Azərbaycan torpağı olaraq tanınır və tarix boyu belə də olub".
Q.Hüseynli qeyd edib ki, Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirsə, Azərbaycan Ordusu hərəkətə keçə bilər. "Prezident İlham Əliyev də bunu açıq şəkildə bəyan edir. Azərbaycan Ordusunu gücləndirib, müasir silahlarla təchiz edib. BMT-nin müddəalarında da Azərbaycanın özünü müdafiə hüququ öz əksini tapır. Zənnimcə, hərbi variant gələn il də daim gündəmdə saxlanılacaq", - deyə o bildirib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az