Qaranlığın BAĞRINI DƏLƏN Azərbaycan ORDUSU -Döyüş hazırlığının sübutu

Qaranlığın BAĞRINI DƏLƏN Azərbaycan ORDUSU -Döyüş hazırlığının sübutu

"İyulun 3-də baş verən qəzanın Ordumuzun "işığının” sönməsinə heç bir təsir etməməsi əslində Silahlı Qüvvələrin hazırlıq vəziyyəti üçün bir növ təlim oldu. Bu Azərbaycan Ordusunun bütün fors-major situasiyalarda döyüş hazırlığının sübutudur"

İyulun 3-də Mingəçevir Su Elektrik Stansiyasının 6-cı blokunda baş verən partlayış bütün ölkəni qaranlığa qərq etdi. Hadisə ilə bağlı Prezident İlham Əliyevin təxirəsalınmaz tədbirləri problemin aradan qalxması ilə nəticələndi. Dövlət başçısı belə bir hadisənin baş verməməsi üçün lazımi tapşırıqlar verdi. Lakin bütün respublika qaranlığa qərq olduğu bir vaxtda Azərbaycan Silahlı Qüvvələrinin bütün hərbi hissələri, hərbi tibb müəssisələri, maddi-texniki təminat, rabitə, kəşfiyyat bölmələri, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, o cümlədən, zabitlərin ailələrinin yaşadığı şəhərcikləri və digər hərbi obyektlərinin xüsusi rejimdə fəaliyyət göstərən ehtiyat enerji mənbələri ilə təchiz edilməsi təqdirəlayiq hal olaraq diqqət çəkdi. Bu, Azərbaycan Ordusunun bütün fors-major situasiyalarda döyüş hazırlığının sübutu idi.

Miq.az xəbər verir ki, Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilirdi ki, elektrik enerjisi olmadıqda həmin enerji mənbələri avtomatik rejimdə işə düşür.

İyulun 3-də yayılan məlumatda bildirilirdi ki, "dünən gecədən elektrik enerjisinin verilməsi müvəqqəti dayandırılan kimi, bu enerji mənbələri avtomatik işə düşüb və hazırda ordunun heç bir hərbi hissəsində, xüsusilə də ön xətt bölmələrində elektrik enerjisinin təchizatı ilə bağlı problem yoxdur. Hərbi hissələrdə xidməti-döyüş fəaliyyəti fasiləsiz rejimdə davam etdirilir. Ehtiyac olduğu halda, mühüm mülki infrastruktur obyektlərinin (xəstəxanalar, uşaq bağçaları, doğum evləri və s.) də enerji ilə təchiz edilməsinə köməklik göstərməyə hazırıq”.

Ordumuzun bu hazırlığı istər ölkə sərhədlərindən kənarda, istərsə daxildəki xain qüvvələrin məyusluğuna səbəb oldu. Çünki xüsusilə işğalçı ölkə Ermənistan hesab edirdi ki, Azərbaycanın əsas enerji bloku olan Mingəçevir SES-in sıradan çıxarılması gələcəkdə baş verəcək mümkün müharibədə onların qələbəsinin əsas təminatı olacaq. Hətta zaman-zaman Ermənistanın hərbi-siyasi rəhbərliyinin Mingəçevir SES-in "partladılması” haqda təhdidlər irəli sürməsi də buna hesablanıb.

İyulun 3-də baş verən qəzanın Ordumuzun "işığının” sönməsinə heç bir təsir etməməsi əslində Silahlı Qüvvələrin hazırlıq vəziyyəti üçün bir növ təlim oldu.

Ordumuzun belə situasiyalara tam hazır olması düşmənin xain planlarının baş tutmayacağını bir daha nümayiş etdirdi.

Təsadüfi deyil ki, Azərbaycanın "qaranlığa qərq olmasından” sevinən ermənilər Ordumuzun elektrik enerjisi ilə tam təchiz olunmasını sosial şəbəkələrdə təəccüblə qarşıladılar. Ermənistanın baş naziri Nikol Paşinyan isə bu faktdan ciddi şəkildə narahat olduğunu gizlətmədi.

Təbii ki, qəzadan heç bir ölkə sığortalanmayıb və Prezident İlham Əliyevin atdığı addımlar onu göstərdi ki, belə situasiyalara qarşı ölkəmiz daha tədbirli olacaq. Lakin müharibə şəraitində yaşayan Azərbaycanın Ordusunun fors-major situasiyalarda hazırlığı həm ölkəmizin əmin əllərdə olduğunu göstərdi, həm də bu, düşmən üzərində böyük psixoloji üstünlük yaratdı. Burada Ali Baş Komandanın və Ali Baş Komandanın böyük etimad göstərdiyi müdafiə nazirinin əməyi əyani şəkildə görünür.

Ərşad Əhədzadə
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az