QARANLIQ OTAQDA QARA PİŞİK AXTARANLAR

QARANLIQ OTAQDA QARA PİŞİK AXTARANLAR

Xüsusilə, ötən ilin sonlarından başlayaraq, Azərbaycanın media aləmində Gürcüstan hakimiyyətinin bizlərə münasibətdə, "bölgədə onların ən etibarlı tərəfdaşımız olmağımıza” rəğmən "üzüdönüklük etməsi” barədə ayrı-ayrı politoloq, millət vəkilləri tərəfindən analitik məqalə və açıqlamalar dərc edilməkdədir. Milliyyətcə azərbacanlı olaraq və bir Gürcüstan vətəndaşı kimi həmin araşdrma və açıqlamaların nə dərəcədə həqiqətə uyğun olub-olmamasının, müvafiq yazıların müəlliflərindən də az fərqində deyiləm. Hətta onun da fərqindəyəm ki, həmin yazılarda qeyd olunan məsələlərin hansı səbəbdən yarandığını, qaldırılan problemlərin bu şəkil almaması üçün kimlərin vaxtında nə etməli olduqlarını və bunu etmədiklərinə görə hazırda bu cür hallarla nədən qarşılaşdığımızın da cavabını o fikirləri söyləyənlərdən, bəlkə də, bir qədər çox bilirəm. Lakin onu da qeyd edim ki, qaldırılan problemli məsələlərin çoxunun çözümü KİV-lərdə bu barədə hay-küy salmaqla həll olunası deyildir. Zənnimcə, bu barədə söylədiklərim yetərlidir...

Bu yazımda isə Azərbaycan oxucularına çatdırmaq istədiyim bunlara oxşar, lakin gülməli olduğu qədər də təəssüfləndirici bir olayla bağlıdır. Deməli, bu il iyun ayının 3-də Axar.az, səhərisi günü isə bir neçə digər saytlarda "Gürcüstanda azərbaycanlılar təhqir olundu” başlığı altında bu yazı dərc edilib.

Gürcüstanda satılan fincanın üzərində həmyerlilərimiz təhqir olunub.

Miq.Az oxucuların nəzərinə çatdırır ki, bir həftə bundan əvvəl də Gürcüstanda satılan fincanın üzərindəki xəritədə orada yaşayan həmyerlilərimiz təhqir olunmuşdu.


Bu barədə tarixçi alim, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev məlumat yaymışdı.

"Gürcüstanda satılan bu fincanın üzərində Gürcüstan xəritəsi çəkilib. Diqqət yetirsək, görərik ki, hər yerdə insan şəkilləri qoyulub, həmyerlərimizin yaşadığı tarixi yurdumuzun yerləşdiyi ərazidə isə eşşək şəkili çəkilib: başının üstündə yekəqarın gürcü kişisi yumruğunu sıxıb, eşşək isə başını aşağı salıb", - deyə o, qeyd etmişdi.

Kəndimə zəhmət verib, həmin yazı müəllifinin telefon nömrəsini əldə etdim və aşağıdakı açıqlamamı onun email ünvanına göndərdim ki, qoy şəxsən özü həmin məlumatın yalan olduğunu təsdiq edən aşağıdakı açıqlamamı müvafiq sayta təqdim etsin... Və, təəssüf ki, o bunu etmədiyindən həmin açıqlamamı nəzərinizə çatdırıram - ürcüstanda buraxılmış bir fincan üzərində guya soydaşlarımızın təhqir olunduğu barədə siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin vermiş olduğu məlumata aydınlıq gətirərək bildirirəm ki, eşşək rəsmi Gürcüstanın Kaxet bölgəsi üzərində verilmişdir və bunun soydaşlarımızın kompakt yaşadığı Borçalı (Kvemo Kartli) bölgəsinə heç bir aidiyyatı yoxdur. Kaxet bölgəsi üzərində eşşək rəsminin verilməsinə gəlincə, qeyri-gürcüstanlılar və coğrafiyadan xəbəri olmayanlar üçün açıqlama verirəm ki, Gürcüstanın Kaxet bölgəsinin sakinləri xalq arasında eşşəklə (əlbəttə, zarafatla!) çox assosiasiya olunmaqdadır və bununla əlaqəli çoxlu sayda lətifə də movcuddur. Nümunə üçün birini burada yazıram - kaxetli evləndi və səhəri gün onun eşşəyi intihar elədi.

 

Bu xəritəyə diqqətlə baxın, Kvemo Kartli – soydaşlarımızın kompakt yaşadığı Borçalı bölgəsi haradadır, Kaxeti harada?! Bir SİYASİ ELMLƏR ÜZRƏ FƏLSƏFƏ DOKTORUNUN coğrafiya adlanan elmdən xəbərsiz olub (eyni zamanda, Gürcüstan özəlliyini bilmədən!), özünün etiraf etdiyi kimi, "odnoklasniki” sosial şəbəkəsindən bu cür məlumatı götürüb, rəsmi saytda "amerika kəşf etməklə” buradakı soydaşlarımızın "təəssübünü çəkməsi” heç yerinə düşmədi...

P. S. Əslinə qalsa, həmin kollajın müəllifi burada kaxetlilərə qarşı çox böyük səhvə, haqsızlığa yol vermişdir, belə ki, Gürcüstanın bu bölgəsi ölkəni dünya arealında daha gözəl tanıdan məşhur gürcü şərabının xammal mənbəyi, üzüm plantasiyaları və onu layiqincə becərib ərsəyə gətirən zəhmətkeş insanları ilə məşhurdur. Odur ki, həmin xəritədə Kaxet bölgəsinin rəmzi rəsmi, ən azı, şərab çəlləyi olmalı idi...

P. P. S. Konfutsinin bir məşhur kəlamı var – qaranlıq otaqda qara pişik axtarmaq, üstəlik, bilərək ki, o orada yoxdur! Yuxarıda qeyd etdiyim fikrimə yenidən qayıdıb, əlavə etmək istəyirəm ki, əziz qardaşlarım, onsuz da çox incə mətləblərə söykənən və məlum düşmənimizin də bu yöndə aramıza gözəgörünməz nifaqlar salmağa çox can atdıqları bir zamanda Gürcüstanda soydaşlarımızla bağlı mövzulara bir qədər ehtiyatla yanaşın və ... eşşək şəkili verilmiş xəritədə də qara pişik axtarışına çıxmayın.

Tapdıq YOLÇU,

Şair-publisist,

Gürcüstan, Rustavi şəhəri.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az