Ramazan "kəf"i- Qazanc və mənsəb üçün Allahı UNUDANLAR

Ramazan

Azər SARIOĞLU

Hər Ramazan gələndə bəzi şirkətlərin və məmurların "dindarlığı” tutur. Bir də görürsən ki, hansısa icra hakimiyyəti başçısı bir dəstə jurnalisti yığıb fisincan plov yedizdirdi və saytlar boy-boy şəkillərlə imanlı və əməli saleh bir məmur obrazını oxucunun beyninə sırımağın imitisiyası edir. Əslində, bu xəbəri yayan jurnalistlər də, onların patronları da oxucuların bu yalana inanmayacaqlarını yaxşı bilirlər. Amma nə etsinlər? Arada bir qarın bozbaşın, abunənin, "aylıq”ın xətri var.
 
Ya da hansısa şirkət bahalı restoranların birinə əməkdaşlıq etdiyi KİV əhlini yığıb özlərini zəmanənin Hacı Zeynalabdin Tağıyevi kimi tanıtmağa boş və mənaszı cəhd edirlər. Halbuki axtarsan, qohumunda, qonşusunda aylarla ət yeməyən, şirənin nə olduğunu bilməyən uşaqlar var.

Restoran və ərzaq biznesi ilə məşğul olan şirkətlərin üzlülüyü isə hamısından betərdir. Orucluq ayı girər-girməz öz xidmət və məhsullarını "Ramazan keyfi” adı altında reklam edərək kasıb camaatın tamarzı övladlarının nəfsi ilə oynayırlar. Doğrudur, bu, onlar üçün, həmin reklamı yayımlayan teleşirkətlər üçün də kefdir -qazanc mənbəyidir. Onlar qazanc və mənsəb üçün Allahı çoxdan unudublar. Əslində unutmayıblar. Hesab edirlər ki, Allah onların təsəvvür etdikləri kimidir - bir az da biz jurnalistlər kimi. Bizi bir az pula və bir qarın yeməyə susdurduqları kimi, pirlərə apardıqları bir qoç qurbanı və seyidlərə verdikləri bahalı hədiyyələrlə Allahın da qəzəbini soyuda bilərlər. 

Başa düşürəm, etiraz edə bilmirik və bunun üçün də patron qorxusundan tutumuş ailə qarşısında xəcalətə, komfortlu həyat yaşamaq arzusumuzun reallaşdırılmasına qədər xeyli səbəblərimiz və əsaslarımız var. Etiraz etmiriksə, heç olmasa, tək qalanda özümüz-özümüzə sual verək: 

Ramazandan PR üçün faydalanmağın, lovğalanmağın, yəni şirkətlərin, məmurların "iftar" adı altında işləri keçən jurnalistlərə qonaqlıq verməsinin adı nədir? 

Jurnalistlər də bilir ki, onlar bunu nə üçün edirlər? Həmin şirkətlər və məmurlar Allahı da aldada biləcəklərini yəqin ki, düşünmürlər. O zaman kimə "kəf" gəlirlər?
Məncə, kimisə aldatdıqlarını düşünmürlər də. Hesab edirlər ki, onlar bizi məcbir etmirlər, təklif verirlər və təklifi qəbul ediriksə, günahı biz qazanırıq, onlar yox.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az