Rəhim Qazıyev İsa Qəmbəri İTTİHAM etdi: "İsa Qəmbər, Pənah Hüseyn, Arif Hacılı və Sülhəddin Əkbər..."

 Rəhim Qazıyev İsa Qəmbəri İTTİHAM etdi:

Sabiq nazir Əbülfəz Elçibəyə qarşı çalışanların adlarını açıqladı

"1993-cü il, fevralın 9-da AXC İcirayyə Komitəsinin adından ciddi narahatlığa səbəb olan bəyanatının verilməsinin gerçək səbəbini deyə bilərəm. Həmin dövrdə cəbhədə gərgin durum mövcud idi. Bu bəyanat niyə cəbhədə gərgin döyüşlərin getdiyi bir vaxtda meydana çıxdı, nədən bu sənəd heç bir dövlət strukturu tərəfindən müzakirə və təhlil edilmədən səsləndirildi? Bu bəyanat verilərkən prezident Əbülfəz Elçibəy Gəncədə səfərdə idi. Həmin bəyanatın xarakteri belədir ki, vəziyyət gərgindir, uğursuzluqların səbəbkarı Rəhim Qazıyev və Sürət Hüseynovdur".

Teleqraf.com xəbər verir ki, bu sözləri sabiq müdafiə naziri Rəhim Qazıyev səsləndirib.

O, iddia edib ki, həmin dövrdə Ali Sovetin sədri olan İsa Qəmbərin razılığı olmadan bu bəyanat nə yazıla, nə də efirdən səsləndirilə bilərdi:

"Məqsəd belə idi ki, bəyanatı verirlər. Daha sonra Ağdərədə olan müdafiə naziri Rəhim Qazıyev əsəbləşir. Üstəlik Sürət Hüseynovla Əbülfəz Elçibəy də Gəncədədir. Bəyanatın təsiri altında mənimlə Sürət birləşərək dövlət başçısına qarşı ən azı təxribat törədirik. Başqa sözlə, Əbülfəz Elçibəy prezident kimi zərərsizləşdirilir. Bəli, bu bəyanatdan xəbər tutan kimi mən bərk əsəbləşdim. Eləcə də Sürət Hüseynov əsəbləşmişdi. Mən Sürət Hüseynovla telefon əlaqəsi saxlayaraq dedim ki, prezident Gəncədədir və ona qarşı bir addım belə atıla, təxribat törədilə bilməz. Bu, yolverilməzdir. Sürət Hüseynov da dediklərimi qəbul etdi. Fevralın 9-da Əbülfəz Elçibəy Gəncədəki Qonaq Evində qonaqları qəbul edib, daha sonra qrup yoldaşının anasını ziyarət edib. Əgər Əbülfəz bəyin şəxsiyyətinə və həyatına təhlükə vardısa, bunlar baş verməzdi. Sadəcə olaraq bəyanatı verənlərin məqsədi belə olub ki, Rəhim və Sürət Əbülfəz Elçibəyə təxribat etsin, onu zərərsizləşdirsin. Bundan sonra ölkənin ikinci adamı olan İsa Qəmbər hakimiyyəti avtomatik ələ alır. Ancaq bunlar baş vermədi. Onların məqsədi baş tutmadı”.

Rəhim Qazıyev əlavə edib ki, bəyanatdan sonra baş nazir Pənah Hüseynlə əlaqə saxlayıb: "Mən ona demişəm ki, belə bəyanatın səslənməsinə nə ehtiyac olub? Axı bu bəyanat cəbhədə vuruşan 10 minlərlə əsgərin əhval-ruhiyyəsinə pis təsir edir. Daha mən deməmişəm ki, təyyarələri qaldırıb Prezident Aparatını bombalayacağam. Pənah Hüseyn 25 ildən sonra ilk dəfə iddia edib ki, bu hadisələrdən dərhal sonra Bakıya gələn müdafiə nazirinin mühafizəçilərinin tərk-silah edilib. Belə bir şey olmayıb. Həmin vaxt Arzu Səmədbəyli mənim yanımda olub və ondan soruşa bilərsiniz”.

R. Qazıyev iddia edib ki, Əbülfəz Elçibəy hakimiyyətə gələn gündən onun fotosunu kabinetində asan İsa Qəmbər, Pənah Hüseyn, Arif Hacılı və Sülhəddin Əkbər gecə-gündüz çalışıb ki, prezident hakimiyyətdən getsin.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az