“Rusiya olmasa Ermənistan və Qarabağ erməniləri Azərbaycanın qarşısında dayana bilərmi? Mümkün deyil...”

“Rusiya olmasa Ermənistan və Qarabağ erməniləri Azərbaycanın qarşısında dayana bilərmi? Mümkün deyil...”

Ənənəvi olaraq erməniləin maraqlarını müdafiə etməsi və Azərbaycana qarşı çıxışları ilə tanınan, tez-tez mərkəzi telekanalların efirində görünən rusiyalı ekspert, MDB İnstitutunun direktor müavini Vladimir Yevseyev Ermənistanın indiki hakimiyyətinin Rusiyanı ciddi narahat etdiyini deyib.

Virtualaz.org xəbər verir ki, o "Moskovskiy Komsomolets” qəzetinə müsahibəsində Paşinyanın komandasının antirusiya mövqeli siyasətçilərdən formalaşdırıldığını bildirib.

Yevseyevə görə Rusiyanı narahat edən həm də budur ki, növbədənkənar parlament seçkilərindən sonra Ermənistan parlamenti bütülünlə Paşinyanın partiyasından və onu dəstəkləyən qüvvələrdən təşkil olunub. Onun fikrincə belə vəziyyətdə Ermənistanda yenidən inqilab baş verə və Paşinyanın yerinə daha radikal adamlar gələ bilər.

 

"Bax Rusiyanı narahat edən budur. Üstəlik bu Paşinyanın əhali arasında  populyarlığının sosial-iqtisadi problemlərin daha da dərinləşməsi üzündən azalması fonunda baş verir”-Yevseyev deyib.

Rusiyalı ekspertə görə belə vəziyyətdə ermənilər Qarabağı əldən verə bilərlər. Çünki Gürcüstan və Ermənistandakı proseslərlə müqayisədə Azərbaycan "sabitlik adasıdır” və açıq-aşkar Qarabağı geri qaytarmaq planları qurur.

Yevseyev deyir ki, Ermənistanda hazırda ABŞ və Böyük Britaniya çox yüksək fəallıq göstərir. Bunun özü də neqativ amildir.

"Neqativdir ona görə yox ki, biz həmin dövlətlərlə Ermənistanda rəqabət aparırıq. Ona görə ki, Rusiya ilə hərbi əməkdaşlığın zəifləməsi Ermənistanın ərazi bütpvlüyünü şübhə altında qoyur. Təəsüf ki, indiki hakimiyyət bunu dərk etmir. Mən hələ Dağlıq Qarabağda vəziyyətin destablizasiyası cəhdlərini demirəm, bu cəhdlər Qarabağın bütünlüklə itirilməsinə gətirib çıxara bilər”-Yevseyev ermənilərin əvəzindən Qarabağa görə ciddi narahatlığını ifadə edib.

Hansı ərazi bütövlüyündən söhbət gedə bilər, əgər söhbət Qarabağın itirilməsi təhlükəsindən gedirsə? Axı Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi deyil?

Yevseyev iddia edir ki, Ermənistana qarşı müxtəlif ölkələrin iddiaları var. Və Dağlıq Qarabağda irimiqyaslı əməliyyatlar başlasa münaqişə Ermənistan ərazisinə də keçə bilər. Onun sözlərinə görə, bunu Azərbaycan tərəfdən səslənən bəzi bəyanatlar da təsdiq edir. O cümlədən Azərbaycan və Türkiyə qoşunlarının birgə əməliyyatı istisna deyil.

"İndi sual yaranır: Ermənistandakı Rusiya hərbi bazası nə üçündür? Baza Ermənistanı Türkiyədən qoruyur. Ona görə də Rusiya ilə Ermənistan arasında hərbi müttəfiqliyin zəifləməsi Ermənistanı çox ciddi təhdid altında qoya bilər və onun özü təkbaşına bu təhdidin öhdəsindən gələ bilməz. Çünki əslində heç bir Qərb Ermənistanı müdafiə etməyəcək. Əgər Ermənistan Qarabağı itirsə bu bütün ermənilər üçün fəlakət olacaq. Söhbət bundan gedir, Rusiyanın Cənubi Qafqazda hegemon olmaq istəyindən deyil. Sadəcə olaraq Rusiya ilə münasibətlər pisləşsə Ermənistanın  öz təhlükəsizliyini necə təmin edəcəyi məlum deyil. Ona nə NATO kömək edəcək, nə ABŞ, nə Böyük Britaniya. Ermənistan çoxlu düşmənlərin əhatəsində tək qalacaq. Və əhalinin axışıb getdiyi bir vaxtda. İndiki Ermənistanın əhalisi cəmi 2.3 milyondur, Dağlıq Qarabağda 160 min erməni yaşayır. Onlar 10 milyonluq Azərbaycana qarşı dayana bilərmi? Necə düşünürsünüz?”-Yevseyev müxbirə sual edib.

-Çətin məsələdir...,-müxbir bildirib.

-"Çətin yox, ümumiyyətlə mümkün olmayan məsələdir. Və Ermənistanın Qarabağda hərbi iştirakının istənilən  zəifləməsi təkcə ətraf rayonların yox, Dağlıq Qarabağın özünün də itirilməsinə gətirib çıxarar. Dağlıq Qarabağın ordusu özünü müdafiə edə bilməz, çünki indiki şərtlərdə bu real deyil. Xüsusən də həmin məqama qədər indiki hakimiyyət Rusiya ilə münasibətləri xeyli pisləşdirməyə nail ola bilsə”-Vladimir Yevseyev deyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az