Rusiyanın yeni Qarabağ vədi – reallıq nikbinliyə əsas verirmi?

Rusiyanın yeni Qarabağ vədi – reallıq nikbinliyə əsas verirmi?
Kremlin regiondakı prioritetləri arasında hərbi maraqlar hələ ki öndədir; "Rus NATO-su”nun başına erməninin gətirilməməsi işğalçı ölkədə Moskvaya qarşı narazılığı artırdı; erməni analitik: "KTMT-nin baş katibi məsələsinin 3-cü dəfə təxirə salınması onu göstərir ki...” 

2016-cı il Qarabağ münaqişəsi tarixində atəşkəsin ilk dəfə geniş miqyasda pozulması ilı yanaşı, yəqin ki, həm də sülh danışıqları baxımından ən passiv illərdən biri kimi qalacaq. 

Təkcə o fakt ki, bu il prezidentlərin cəmi iki görüşü (Vyana və Sankt-Peterburq) mümkün olub, özlüyündə çox şey deyir. Ən təhlükəsi odur ki, bu il konfliktin həllində real irəliləyişin əldə olunması, status-kvonun pozitivə dəyişməsi və növbəti ildə müharibə riskinin minimuma enməsi üçün baza, əsas yaradılmadı.

Demək ki, bunda yalnız işğalçı Ermənistan günahkardır, bir qədər insafsızlıq olardı. Bir o qədər günah payı ixtilafın həllindən özünü kənarlaşdırmış ABŞ-ın və əlbəttə ki, problemin çözümündə müstəsna potensialından sui- istifadə edən Rusiyaya məxsusdur. Aprel döyüşlərindən sonrakı danışıqlar prosesi göstərdi ki, Moskva məsələnin həllində real irəliləyişə təkan verməyə ya hazır deyil, ya da sadəcə, bunu arzulamır. 

Bütün bunların fonunda Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın "Rusiya gələn il problemin həllində səylərini davam etdirəcək” fikri, yumşaq desək, ciddi səslənmir. Rəsmi Kreml illərdir bənzər bəyanatlar versə də, real həyatda bu bəyanatların heç bir təzahürünü görmürük. Halbuki problemin həll açarı böyük ölçüdə məhz Moskvadadır. Nə vaxta qədər ki, Rusiya Ermənistana işğalçı kimi deyil, öz forpostu və müttəfiqi kimi baxacaq, aydındır ki, o vaxtadək də bu "açar” istifadəsiz qalacaq. Ancaq təbii ki, ən böyük səbəbkar təcavüzkar Ermənistandır.     
*** 
"Ermənistan xoşniyyətli danışıqlar aparmaq əvəzinə, münaqişənin sülh yolu ilə həllinə yönəlik bütün cəhdləri açıq şəkildə pozur. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymayan və beynəlxalq hüququ kobud şəkildə pozan Ermənistan öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmaqdan imtina edir, qanlı etnik təmizləmə nəticəsində məcburi köçkünə çevrilmiş yüz minlərlə azərbaycanlının öz doğma yurd-yuvalarına geri qayıtmasının qarşısını alır və işğal olunmuş ərazilərin fiziki, demoqrafik və mədəni xarakterini dəyişdirməklə mövcud status-kvonu daha da gücləndirməyə çalışır”.
 
 

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov AzərTAc-a son müsahibəsində bildirib. Nazir Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyişin olmasına imkan verməmək üçün Ermənistanın həmişə təxribatçı əməllərə əl atdığını xatırladıb: "2014-cü ilin sonunda prezidentlərin Paris görüşündən sonra Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində 40 mindən çox şəxsi heyətin iştirakı ilə hərbi təlimlərə başladı və məlum helikopter insidentinin baş verməsinə rəvac verərək vəziyyəti gərginləşdirdi. 2015-ci il ərzində və 2016-cı ilin əvvəlində də münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə edildiyi halda, Ermənistan tərəfi hücum xarakterli yeni hərbi doktrina qəbul etdi və aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri, o cümlədən məktəblər, xəstəxanalar və ibadət yerlərini ağır silahlardan atəşə tutaraq, məlum aprel hadisələrinin baş verməsinin səbəbkarı oldu. Ermənistanın məsuliyyətsiz hücumları nəticəsində uşaqlar da daxil olmaqla, 6 nəfər həlak oldu, 33 nəfər ciddi yaralandı. Beynəlxalq ictimaiyyət bir daha şahidi oldu ki, status-kvonun saxlanması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu münaqişə zonasında gərginliyin əsas səbəbidir və münaqişənin siyasi həllinə başlıca maneə olaraq qalmaqdadır”.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində dəfələrlə status-kvonun qəbuledilməz və qeyri-davamlı olması barədə bəyanatlarla çıxış etdiklərini yada salan XİN başçısı Azərbaycanın hazırkı status-kvonun dəyişməsində ən maraqlı tərəf olduğunu diqqətə çatdırıb: "Bu xüsusda, biz Vyana və Sankt-Peterburqdakı yüksək səviyyəli substantiv müzakirələri doğru istiqamətdə atılmış müsbət addımlar kimi qiymətləndiririk. Biz bu fürsəti davam etdirməli və həmin görüşlərdə əldə olunmuş razılaşmaları gecikdirmədən konkret tədbirlərə çevirməliyik”.

*** 


Ancaq çevirmək mümkün olacaqmı? Təəssüf ki, siyasi ekspertlərin bu xüsusda proqnozları nikbin deyil. Bu da özəlliklə təcavüzkarın Rusiya kimi etibarlı hərbi-siyasi müttəfiqə malik olmasıdır. Daha doğrusu, Kremlin Ermənistana bölgədəki yeganə hərbi forpostu kimi baxması onun Qarabağ məsələsinə yanaşmasını da xeyli dərəcədə müəyyən edir.
Vəziyyətə mürəkkəblik gətirən isə həm də "Rus NATO”su deyilən KTMT-nin mövcudluğu və bu təşkilat çərçivəsində təcavüzkar ölkəyə əlavə təhlükəsizlik qarantı verilməsidir. Hərçənd qurumun son Sankt-Peterburq sammitində İrəvanı pərt edəcək qərar verilib. KTMT-nin baş katibi postuna erməni generalın gətirilməsi məsələsi növbəti, üçüncü dəfə ertələnib. Bu da Ermənistanda Rusiyaya qarşı yeni narazılıq dalğası doğurub. 
Musavat.com-un məlumatına görə, açıq-aşkar görünür ki, Rusiyanın yaratdığı hərbi quruma daxil olan dövlətlərdən heç birinin təşkilatın silahlı qüvvələrinə bir erməni hərbçisinin rəhbərlik etməsi ürəyincə deyil. Bunu Ermənistan mətbuatında da etiraf edirlər.

"Görünən budur ki, ya Ermənistan baş katib postuna görə KTMT üzvlərinin onun qarşısında irəli sürdüyü şərtlərlə razılaşmır, ya da təşkilatın bir və ya bir neçə üzvü baş katib vəzifəsini Ermənistana vermək istəmir”,- analitik Aram Amatuni yazır. 

"Hər halda, KTMT-nin baş katibi məsələsinin artıq 3-cü dəfə təxirə salınması onu göstərir ki, biz KTMT adı altında hər kəsin ümumi maraqlara sahib olduğu hərbi-siyasi alyansı və ya ittifaqı deyil, vəzifə etibarı ilə icraedici, habelə koordinator funksiyası daşıyan adi bir vəzifəni seçə bilməyən, bizə qarşı anti-ittifaq mövqeyində duran bir təşkilatla üz-üzə qalmışıq. Halbuki bu kimi məsələlər NATO-da olduqca tez və asan həll edilir. Bu yaxınlarda 20 illiyi tamam olacaq KTMT isə baş katibin seçilməsi məsələsində aciz qalıb”, - erməni analitik yazıb.

Erməni müəllifin fikrincə, bu, təşkilatın struktur olaraq baş tutmamasını göstərir. "Təşkilatda ümumi maraqların və təhlükəsizliyin ümumi formulunun mövcud olmaması Ermənistan üçün sirr deyil. Ermənistan bunu Qarabağ münaqişəsinin nizamlanması məsələsində daima hiss edir. Təşkilatın lideri sayılan Rusiya Ermənistanı müharibə ilə hədələyən Azərbaycana hərbi-texniki dəstək göstərir, aprel döyüşləri zamanı isə Belarus prezidenti Aleksandr Lukaşenko və Qazaxıstan prezidenti Nursultan Nazarbayev həm KTMT, həm də Avrasiya İqtisadi İttifaqında Azərbaycan prezidenti Əliyevin Ermənistanın ləyaqətini alçaldan istəklərini yerinə yetirməklə fərqlənib”,- Amatuni ardınca qeyd edib. Onun fikrincə, Ermənistan özü baş katib məsələsinə qurumun digər üzvlərinin Azərbaycana qarşı vahid mövqe tutmaları halında razılıq verməlidir.

***

Məsələ ilə bağlı Ermənistanın rəsmi dairələri isə kəskin bəyanatlar verməkdən çəkinir. Belə ki, KTMT-nin Sankt-Peterburq sammitində baş katib vəzifəsinə Ermənistan nümayəndəsinin seçilməməsi faktını Ermənistan prezidentinin mətbuat xidməti orada kvorumun olmaması ilə izah edib.

Ermənistan parlamentinin hakim Respublika Partiyası fraksiyasından xarici  əlaqələr komissiyasını üzvü Samvel Fərmanyan isə AzadlıqRadiosunun Ermənistan bürosuna verdiyi müsahibədə situasiyanı özünəməxsus tərzdə şərh edib. "Ermənistanda başa düşməlidirlər ki, ölkənin KTMT-yə üzvlüyü Rusiya və Ermənistan arasında hərbi-siyasi münasibətlərin bir davamıdır. Buna görə də bu təşkilata böyük ümidlər bəsləməyin adı yoxdur", - Fərmanyan qeyd edib.

"KTMT baş katibinin təyinatı, bildiyiniz kimi, konsensus əsasında həyata keçirilir. Yəni baş katibin seçkisində bütün ölkələrin rəhbərləri iştirak etməlidirlər. İndi necə ola bilər ki, birinci dəfə İrəvana Nazarbayev, ikinci dəfə isə Sankt-Peterburqa Lukaşenko gəlməyib? Üçüncü dəfə necə olacaq, bilinmir”, - Fərmanyan narazılığını ifadə edib.

Ancaq erməni tərəfinin xüsusi narahatlığına əsas da yoxdur. Çünki Rusiya Ermənistanın "ətini yesə də, sümüyünü atmaz”.(musavat.com)
 
Miq.az