SALTIKOV-ŞEDRİN ŞƏMSİ MÜƏLLİM HAQQINDA NƏ YAZARDI?

SALTIKOV-ŞEDRİN ŞƏMSİ MÜƏLLİM HAQQINDA NƏ YAZARDI?
Mətləb Ağa


İnsanın mahiyyəti, necəliyi onun vicdanlı olub-olmamasında ortaya çıxır, insanlığımızın "hara qədər” olması ürəyimizdəki vicdan məhfumunun "hara qədər” olmasından,  ümumiyyətlə, vicdanımızın olub-olmamasından asılıdır.

Başqa sözlə, ibarəli desək, insanın boyu onun vicdanıyla tən mütanasibdir və yaxud ayrı cür  ifadə etməli olsaq, insan kəlməsinin sinonimi məhz vicdan anlayışıdır. 

Türk memarı və yazıçısı A.Boysan yazır ki, "bütün insanlar dünyaya baş və ürəklərindəki daxili bir məhkəmə ilə gəlirlər. Bu məhkəmə vicdan adlanır.”

Nə vaxtsa, yaşlı bir nəfərlə (müəllimlə) söhbətləşərkən, kifayət qədər həyat təcrübəsi olan  o qadın mənə, "vicdanlı olmaq o deməkdir ki, sən gecələr yatmaq üçün yerinə girib uzananda səninlə Allahın arasında heç kim və heç nə dayanmır və buna görə də, sən, Allahla istədiyin kimi danışa, dərdləşə bilirsən” demişdi...

ABŞ-ın yaradıcılarından olan B.Franklinin elə buna oxşar sözləri aforizmə çevrilib: "Rahat yatmaq istəyirsənsə, yatağa təmiz vicdanla uzan.”

Rejissor Tofiq İsmayılovun isə belə bir filmi var, "Yay günlərində xəzan yarpaqları” adlanır, adı kimi özü də maraqlı bir filmdir.

"Yay günlərində xəzan yarpaqları” 1986-cı ildə ekranlaşdırılıb, ancaq nədənsə, yəqin ki, rus dilində olduğundan, (dilimizə dublyaj edilib) Azərbaycan tamaşaçıları arasında bir o qədər  məşhur deyil.

Səyavuş Aslanın barmaqla sayıla biləcək "ciddi” rollarından saydığım Şəmsi müəllim uzaq dağ kəndi Daşdatükdə məktəb direktorudur, (təəssüfləndiricidir ki,  Şəmsi müəllim obyektiv, vicdanlı və halal adam olması səbəbindən öz rəhbərlərinin qəzəbinə tuş gəlib və əslində, bu dağ kəndinə sürgünə göndərilib), bura yeni təyin olunub, özü ədəbiyyat fənnindən dərs deyir. Film bu xəttə köklənib ki,  Şəmsi müəllim sələfi Kazım müəllimin (Şahmar Qəribli) buraxılış sinfində direktor yoxlaması keçirməkdə israrlıdır, cünki onuncu sinif şagirdləri məktəbə vaxtlı-vaxtında gəlməkdən, dərs oxumaqdan savayı hər şeylə məşğuldurlar, birini anası Səməngül tezliklə ərə verməyi arzulayır, o səbəbdən ki, bu ananın on iki qızı var, onları dolandıra bilmir,  digəri aşıq paltarında  toylarda saz çalıb beş-on manat pul qazanmağa çalışır, o biri şagird yeməkxanada işləyən atasının yanında  ofisiantlıq eləyir, bu birinin başısa atası Rizvanın (Yaşar Nuri)  mağazasında alverə qarışıb və s.

Bu şagirdlərə Həsən bəy Zərdabinin Lev Tolstoya yazdığı məktubu oxutdurmaq əsl məşəqqətdir, onları Zərdabinin Tolstoya nə yazması qətiyyən maraqlandırmır, düzdür, bir-iki kitab oxusalar da bu mütaliə uzaqbaşı, Şəmsi müəllimin təbirincə, Cəmşid Əmirovun "Qara Volqa” sından o yana geçməyib.

Kazımdan yerdən–göyə qədər  fərqlənən Şəmsi müəllim vicdanlı, dürüst insandır, ürəyinin hökmü ilə uşaqların bu gündə olmasıyla razılaşmır, şagirdlərin gələcəyi üçün məsuliyyət daşıdığını ürəkdən dərk edib  onları indiki "bataqlığ”dan çıxarmaqdan ötrü yanıb-tutuşur, bunun yolu ilk növbədə Kazımın uçuruma sürüklədiyi şagirdləri direktor yoxlamasından keçirməkdən başlayır, bu sorğu-sualdan kəsilən uşaqlar sinifdə qalıb attestat almayacaqlar.

Şəmsi müəllimin öz oğlu Yalçın da bu sinifdədir və şübhə var ki, deyəsən o da məktəbi qurtara bilməyənlərin siyahısında  olacaq...
Şəmsi müəllim bu sinifdə oxuyan uşaqların valideynləri ilə bir-bir görüşüb söhbətləşir, bununla onların həyat, gələcək barədə   dünyagörüşlərini dəyişmək istəyir.
Dükançı Rizvanın evinə gəlib onunla oğlundan danışarkən Rizvan Şəmsi müəllimi bərk acılayır: "Mən elə uşağımın gələcəyini düşünürəm, pulum, maşınım, evim var, nəvələrimə da bəs eləyər, səninsə bu pencəkdən başqa axı nəyin var?” 

Şəmsi müəllim bu tənələrin qabağında Rizvana: "Ömür gedir, heç olmasa bir az da olsa həyatı necə yaşadığın haqqında fikirləş, televizora bax, qəzet oxu, sən isə qəzetə ancaq qaloş bükürsən” deyir.
Doğrudan da, oğlunu mağazada oturdub özü "böyrəklərim xəstədir” bəhanəsiylə evdə və yeməkxanada avaralanan, Şəmsi müəllim gələrkən həyətdən əyilə-əyilə evə qaçıb ardınca  belini mələfəylə bağlayaraq "ah-ufla” evdən çıxıb direktoru qarşılayan Rizvanda insan şəxsiyyətindən başqa nə istəsən tapmaq olar, ancaq, o, bu rəzil halıyla belə, Şəmsi müəllimə meydan oxuyur, puldan-paradan ötrü ortalıqda təlxəklik eləməyinə baxmayaraq, özünü hamıdan ağıllı sayır. Hər necə olsa da, belələrinin Şəmsi müəllimə dərs keçməsi, ağıl verməsi  ürəkağrıdıcı və kədərlidir.
Burada əsas problem təkcə insanların (rizvanların) vicdansızlığı yox,  həm də təhsilsizliyi və təhsilsizlikdən törəyən həyat baxışıdır ki, Şəmsi müəllim də məhz bununla çarpışır, bilir ki, bütün bu dar düşüncələrin  kökündə əsasən, təhsilsizlik durur, bu gün oxumaqdan qaçan uşaqlar, nə qədər vicdanlı olub-olmamalarından asılı olmayaraq sabahın rizvanlarına çevrilməyə  çox yaxındırlar. 
Çünki, cəhalət və nadanlıq onların vicdanını qaraldacaq, böyüdükdə həyata alver prizmasından baxacaqlar.
Kazım müəllimləsə məsələ başqa cürdür, o da xasiyyətcə Rizvan kimidir, təhsili  bazar sayır və əlbəttə, burada, Şəmsi müəllimin vucdanlı olması artıq hər şeyə nöqtə qoyur,  onu Kazımdan ayırır, necə deyərlər, Kazımın nə vicdanı, nə də müəllim olsa da savadı var,  Zərdabini tanımaması da öz yerində. Şəmsi müəllim uşaqların gələcəyinə, təhsilinə vicdanla yanaşır, onların həqiqi insan kimi böyümələrini, düşüncəli olmalarını istəyir və elə buna görə də, arvadı Nərgiz (Nəcibə Hüseynova) və uşaqları onu atıb şəhərə qayıtsa da, rayon təhsil şöbəsinin başbilənləri onunla düşmənçilk həddinə çatsa da, o, dediyindən dönmür, film də belə yekunlaşır ki, Şəmsi müəllim direktor yoxlaması barədə qəti qərarını yerinə yetirib  mənəvi qələbə çalır, bu, Şəmsi müəllimlərin əbədiyaşarlığına bir işarədir, rizvanlarınsa öz düşüncəsizlikləri, böcək beyinləri  səbəbindən həşaratlardan  fərqsizliyinə  bizi dönə-dönə inandırıb əminlik yaradır ki, insanlığın və vicdanlılığın alternativi yoxdur, heç bir vaxt da olmayacaq, belə yaşamaq daha rahatdır, ümumiyyətlə, bü cür yaşamaq bütün insanlardan ötrü daha yaxşı olardı... 
...19-cu əsr məşhur Rus yazıçısı Mixail Yevqrafoviç Sаltıkоv-Şеdrinin əsərlərindən biri "İtmiş vicdan” adlanır. 
Ezop üslubunda, nağıl dilində yazılmış "İtmiş vicdan”da ondan danışılır ki,  bir gün vicdan ortadan yoxa çıxır və vicdanın itməsindən insanlar heç xəbər də tutmur.  
("Bir çoxları özlərini hətta gümrah və sərbəst hiss etməyə başladılar.Hər şey çox asan alınırdı: yaxın adama badalaq vurmaq adi hal idi, yaltaqlıq eləmək, quyruq bulamaq, kəf gəlmək, söz gəzdirmək və böhtan atmaq daha əlverişli olmuşdu. Bütün qadağalar elə bil birdən qeybə çəkilmişdi... heç nə onları kədərləndirmirdi, heç nə düşündürmürdü....müdrik adamlar başa düşdülər ki, əl-qollarını bağlayan sonuncu əsarətdən, nəhayət azad olublar və aydındır ki, bu azadlığın bəhrəsindən istifadə etməyə tələsdilər. Camaat azğınlaşdı: soyğunçuluq, quldurluq ayaq açdı, talanlar hər yanı başına götürdü.”)
Sonra iş elə gətirir ki, itmiş vicdanı bir nəfər əyyaş tapdı və bu tapıntının nəticəsində əyyaşın ağlı başına gəldi, həyatı olduğu kimi gördü, "sonra da, əlbəttə məhkəmə quruldu.”
Bütün bunlarsa əyyaşın nəyinə lazımdı?! Ona görə də vicdanı başından eləyib onu birtəhər meyxanaçı Proxorıça sırıyır. ("Zavallı əyyaş fikirləşir: Yox, bunu birtəhər başımdan eləməliyəm! Yoxsa it gününə düşərəm.”)
Sonra hamı vicdanı bir-birinə ötürmək, ondan yaxa qurtarmaq yarışına qoşulur. Ortalıqda qalmış vicdan axırıncı yiyəsinə, meşşana yalvarır ki,  onu bir uşağın qəlbinə qoysun ki, heç olmasa orada rahat yaşasın:
(”... Mənim üçün balaca bir rus  uşağı axtar tap... onun pak qəlbini aç və məni orda saxla! Bəlkə o günahsız tifil mənə sığınacaq verər, qulluq edər, bəlkə o, öz paklığı ilə məni adam eləyər, mənimlə camaat arasına çıxar və bunu özünə ar bilməz.”)
Və beləliklə, "körpə uşaq böyüdükcə, onunla birlikdə vicdan da boy atırdı.Və o böyüyüb yekə kişi olanda vicdanı da böyük olacaqdı. Onda bütün yalanlar, riyakarlıqlar, hər cür zorakılıq itib batacaq, cünki vicdan cəsarətli olacaq və hər şeyi özü idarə etmək istəyəcək.”
Bax, Şəmsi müəllim də elə bunu istəyirdi, arzulayırdı ki, dərs verdiyi uşaqlar vicdanlı olsun, dərs oxusun, çünki, körpə  ürəklərdəki vicdan zoğlarının cücərməsi  daha asandır, nəinki, Rizvan və Kazım kimi artıq pozulub məhv olmuş, düşüncəsiz adamların islahı.
Ümid o balalaradır ki, təhsil, döğru-düzgün həyat təsəvvürü və düşüncəylə ürəklərində doğuluşdan  var olan vicdan hissini ölməyə qoymayacaqlar...
...Saltıkov-Şedrinsə, Şəmsi müəllimi tanısaydı, yəqin yazardı ki, itmiş vicdanı uşağa yox, elə Şəmsi müəllimə də etibar etmək olardı... 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az