Şamaxıda zəlzələdən zərər çəkənlər üçün 251 evin inşası başa çatdı

Şamaxıda zəlzələdən zərər çəkənlər üçün 251 evin inşası başa çatdı
"Bu il fevralın 5 -də Şamaxı, Ağsu və İsmayıllıda baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı yaradılan komissiyaya 10 min 649 müraciət daxil olub".

Miq.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Şamaxı rayonunda Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Həsən Qasımzadə deyib.
Onun sözlərinə görə, daxil olan müraciətlərin 10 min 608-nə baxılıb: "Bəzi evlərdə yaşayış olmadığı üçün həmin evlərə baxış keçirilməyib. Komissiya regionda 547 fərdi yaşayış evini qəzalı hesab edib. Onlardan 251-nin tikintisi başa çatıb, digər yaşayış evlərinin isə tikintisi aparılır. Bundan başqa, Şamaxıda 20, 44, 110 mənzilli yaşayış binaları tikilir. Bunlardan 20 və 44 mənzili olan iki binanın tikintisi sentyabrın sonunda başa çatacaq".
H.Qasımzadə deyib ki, komissiya 2 192 fərdi yaşayış evinin bərpaya ehtiyac olduğunu müəyyən edib: "1 339 fərdi yaşayış evində bərpa işləri aparılır, bunlardan 449-u tamamlanıb. İşlər Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, Heydər Əliyev Fondunun "Regionların İnkişafı" İctimai Birliyinin dəstəyilə aparılır. Texniki qruplar mütəmadi olaraq hər 3 rayonda evlərin keyfiyyətli tikintisinə nəzarət edirlər. Bu günə kimi təhvil verilən evlərin keyfiyyəti ilə bağlı şikayət daxil olmayıb".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az