Sarkisyana cinayət işi açıldı – Həbs olunacaq?

Sarkisyana cinayət işi açıldı – Həbs olunacaq?

Ermənistanın Xüsusi İstintaq Xidməti keçmiş prezident Serj Sarkisyanın prezidentliyi dövründə Almaniyanın Baden-Baden kurortuna səfərləri ilə bağlı cinayət işi qaldırıb.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyunun verdiyi xəbərə görə ittihamnamədə deyilir ki, bu işdə "vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi ehtiyatsızlıq üzündən ağır nəticələrə səbəb olub”. Bu barədə məlumatı prokurorluq orqanlarına "Məlumatlı Vətəndaşlar Birliyi” ictimai təşkilatı təqdim etmişdi.

Baş prokururluq öz növbəsində bu məlumatı araşdırılması üçün Xüsusi İstintaq Xidmətinə göndərmişdi. Məlumatda deyilir ki, keçmiş prezidentin istifadəsinə verilmiş təyyarə 2008-2017-ci illərdə yüksək vəzifəli şəxslərə xidmət edib və heç bir rəsmi səbəb olmadan dövlət vəsaiti hesabına Almaniyanın bahalı Baden-Baden kurortuna ondan çox uçuş yerinə yetirib.

Xüsüsi İstintaq Xidmətindən oktyabrın 12-də Azatutyuna verilmiş məlumata görə materialların araşdırılması zamanı məlum olub ki, göstərilən müddətdə Serj Sarkisyana xidmət edən təyyarə Baden-Badenin Karlsrue aeroportuna çoxsaylı uçuşlar edib.

Məlumatda deyilir ki, bəzi hallarda reyslər mövcud qaydaların pozulması ilə təşkil olunub. Başqa sözlərlə sözü gedən uçuşlar üçün prezident aparatından yazılı və rəsmi sifariş verilməyib.

Bu da bildirilir ki, hazırda bu iş üzrə prosessual status baxımından konkret olaraq heç kim şübhəli və ya müttəhim qismində keçmir. Xüsusi İstintaq Xidməti bundan başqa təfərrüatlar verməyib.

Serj Sarkisyanın vəkili Amram Makinyan cinayət işinin qaldırılmasıa dair məlumata malik olmadığını deyib: "Qanuna görə respublika prezidentinə müvafiq sosial qarantiyalar verilir. Əgər bu işə görə cinayət işi qaldırılıbsa, mən bundan daha əsassız cinayət işi görməmişəm...”

Sentyabrın ortalarında Ermənistanın FIP.am jurnalist təhqiqatı saytı keçmiş prezidentin Almaniyaya səfərləri barədə bir sıra iddialar irəli sürmüşdü.

Təhqiqat hesabatında deyilirdi: "Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan 10 illik prezidentliyi dövründə dəfələrlə dövlət hesabına və hökumət təyyarəsi ilə Almaniyanın məşhur Baden-Baden kurortuna səfər edib”.

Faktların yoxlanması üzrə araşdırma platformasının iddiasına görə Sarkisyan bu kurort şəhərində 10 ildə 16 dəfə olub. Saytın yazdığına görə, bu səfərlərdən biri də 2016-cı ilin dördgünlük müharibəsindən dərhal sonra yer alıb.

Təhqiqatçıların iddiasına görə Sarkisyan həmin ilin 6-7 aprelində Almaniyaya rəsmi səfərindən də Baden-Badenə baş çəkmək üçün istifadə edib.

Hakim partiyadan olan bir deputat keçmiş prezidentin Baden-Badenə qumar oynamaq üçün getdiyini iddia edirdi.  Sarkisyan bu ittihamları rədd edir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az