Saxta vətənpərvərlik - Ordumuza yabançı "sevgisi"...

Saxta vətənpərvərlik - Ordumuza yabançı
Xaricdə yaşayan bəzi həmvətənlərimizin Azərbaycan Ordusu ilə bağlı apardığı qara piar kampaniyası ölkəmizə qarşı törədilən növbəti təxribat hadisəsidir. Bu təxribat düşmənlə üst-üstə düşən mövqeyi ilə daha çox Vətənə xəyanət səviyyəsində yadda qalır. Yad diyarlarda, isti otaqlarda əyləşib soyuq səngərlərdə yurdun keşiyini çəkən hərbçilərimizi hədəfə almaq, əslində, düşmənlə bir masanı, bir məqsədi bölüşmək deməkdir.

Bütün bunlar adama istər-istəməz 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərini xatırladır.  Azərbaycan Ordusunun yaradılması zərurəti haqqında gedən kəskin diskussiyalar bir sıra xarici ölkələrin yerli emissarları tərəfindən daha çox ümidsizliyə doğru yönləndirilir, Silahlı Qüvvələrin təşkili məsələsinin qeyri-mümkünlüyü haqqında süni mənfi rəy formalaşdırılırdı. Məqsəd Azərbaycanı təpədən-dırnağadək silahlanmış düşmənlə əliyalın qarşı-qarşıya qoymaq və maraqları toqquşan xarici dövlətlərin diqtəsilə oturub-durmağa vadar etmək idi. 

Hələ sovetlər dönəmində hərbi xidmətə yollanan azərbaycanlı gənclərin mütləq əksəriyyətinin bir qayda olaraq tikinti taborlarına göndərilməsi,  bu taborlarda xidmətə marağın qəsdən artırılması və ictimai rəydə aparıcı mövqeyə çevrilməsi imperiya metropoliyasının əsas siyasi xətti kimi müəyyənləşdirilmişdi. Bütün bunlar o dövrlərdə şüurlu şəkildə həyata keçirilən boyunduruq siyasətinin ilk baxışdan gözə çarpmayan gizli, ancaq son dərəcə təhlükəli uzantısı idi. Şirnikləşdirilmiş insanlar öz övladlarını döyüş hərbi hissələrindən çox, inşaat bölüklərində görmək istəyirdilər. Bura onlardan ötrü əsgər balalarının daha təhlükəsiz, daha rahat, daha sakit, daha "maraq"lı xidməti üçün ən münasib yer sayılırdı. Tarixin gözlənilməz və amansız "sürpriz"ləri haqqında fikirləşmək isə hələ heç kimin ağlına gəlmirdi...

Həmin dövrlərdə Azərbaycanı gözləyən təhlükə gözübağlı xalqın kor-koranə üçuruma doğru addımlaması qədər böyük idi! Belə bir vaxtda pespublikaya rəhbərlik edən və öz siyasi-ictimai, şəxsi nüfuzuna görə həmişə ön cərgədə addımlayan Heydər Əliyev gələcəyin ilğım təsəvvürlərilə real mübarizəyə atıldı. Bu, sovet imperiyasının şovinist rəhbərliyilə fikir ayrılığı üzündən qarşı-qarşıya gəlmək, həm siyasi, həm də şəxsi nüfuzunu risq altında qoymaq demək idi. Ancaq Heydər Əliyev özünün tutarlı faktları, əsaslandırılmış fikirlərilə böyük bir siyasi ordunu haqlı olduğuna inandıra bildi və bərkimiş ideoloji baryeri yardı. Nəticədə məhz onun  təşəbbüsü ilə 1971-ci ildə Bakıda C.Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Sonradan həm bu liseydə, həm də Bakı Ali Hərbi Komandirlər Məktəbində istər rəhbər, istərsə də kursant heyətilə maraqlanan Heydər Əliyev, buradakı azərbaycanlı hərbçilərin sayca çox az olmasını görmüş, dərhal say nisbətinin xeyrimizə dəyişdirilməsi haqqında  göstəriş vermiş və bunu şəxsi nəzarəti altında saxlamışdı.

Məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində həmin illərdə hərbi məktəbləri bitirən  məzunlar sonradan Ordumuzun yaradılmasında müstəsna rol oynadılar. Ordumuz həm də bu qəhrəman hərbçilərimizin fədakarlığı hesabına formalaşdı və ayağa qalxdı. Onun keçdiyi əzablı yollar doğula-doğula döyüşmək, döyüşə-döyüşə böyümək kimi ağır bir missiyanı özündə ehtiva edir. Bu çətin və keçilməz yolda ləyaqətlə addımlayan Azərbaycan Ordusu indi çoxlarının köks ötürdüyü, görmək və tanımaq istəmədiyi danılmaz gücdür. Çünki həyatının bütün sahələrində qazandığı uğurlara görə  ən yaxın rəqiblərini dəfələrlə üstələyir. 

Bu gün yad torpaqlarda, isti, rahat otaqlarda oturub düşmənə vəkillik edənlər Ordumuza çamur atmaqla öz torpağını qoruyan Azərbaycan Əsgərinə can yandırdıqlarını düşünməsinlər. Bizim Əsgərin düşmən kürkünə bürünmüş yabançı sevgisinə ehtiyacı yoxdur. Ona arxa-dayaq duran Xalqı var, Dövləti var! Azərbaycan Ordusu bu Xalqın, bu Dövlətin Sevgisindən doğulub. Əsl sevgi isə həmişə böyük olur...

İbrahim RÜSTƏMLİ,
əməkdar jurnalist,
ehtiyatda olan polkovnik-leytenant,



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az