Şəhid pilotumuzun xanımı yazdı: O an yetişdi

Şəhid pilotumuzun xanımı yazdı: O an yetişdi

Bu gün hamı sevinc içərisindədir. 30 ildən artıqdır ki, gözlədiyimiz an yetişdi. Yağı düşmənin - erməni faşizminin torpaqlarımızda at oynatmasına qəlbimizi dəlib-deşən bir ağrı ilə dözürdük…

Sentyabrın 27-si hər şey dəyişdi. Ordumuz erməni qəsbkarlarının hücumuna əks-həmlə ilə cavab verdi. İnsanlarımız bir ağızdan Ordumuza uğurlar arzuladı. Evlərimizin pəncərə və eyvanlarını milli bayraqlarımız bəzədi. Cəmiyyətimiz coğub-qaynamağa başladı.

Bu gün səhər şahidi olduğum bir məqam məni daha da qürurlandırdı. Qız tələbələrimdən biri, "Könül xanım, müharibə şəraitindəyik, əgər dərslərimiz təxirə salınsa, cəbhə bölgəsinə getmək üçün müraciət edib, oradakı yaralı əsgərlərimizə tibb bacısı kimi yardım edib, Vətən qarşısındakı borcumdan az da olsa, çıxmış olaram” dedi.

Bu cür övladı olan millət heç zaman torpaq həsrəti çəkə bilməz.

Rəşadətli Ordumuzun hücumları qürurvericidir. Bu dəfə qələbə çalacağımıza, ərazi bütövlüyümüzün təmininə tam inanıram.

Cəmiyyətimizdəki milli həmrəylik, ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyət və dəyanəti bu məsələnin gerçəkliyini əyani surətdə təsdiq edir.

Mən qürur hissi keçirirəm ki, həyat yoldaşım, şəhid-pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin vətənimizin bütövlüyü naminə olan arzuları onun döyüş yoldaşları tərəfindən böyük uğurla həyata keçirilir.

Könül Hüseynova,

Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az