“Şəhid Şikəstəsi”

“Şəhid Şikəstəsi”
Aqil Alışov
Ehtiyatda olan baş leytenant

"Şəhidləri şəhid edən ölümləri deyil, ölümlərinin səbəbidir".

(Napaleon)

Var "Qarabağ şikəstəsi!".. Xan Şuşinski oxuyub! Qarabağlılar ona görə sevir ki… Bax o "ki" ilə işim yox!

Var "Şirvan şikəstəsi!"… Oxuyublar Aşıq Şakir, Əvəzxan Xankişiyev, Alim Qasımov! Şirvanlılar sevir və həmişə də "Qarabağ şikəstəsi"ndən sonra yada salınır ki... Bax bu "ki" ilə də işim yox!

Var "Kəsmə şikəstə!"... Oxuyub Fatma Mehrəliyeva! Qarabağlılar hörmətlə yanaşar, şirvanlılar sevər, bütün Azərbaycan isə zövqlə, həvəslə dinləyər. Amma ki... Bax bu "kəsiklik" "ki"si də öz yerində!

Var... hə, var "O" şikəstə! O şikəstə bütün "Şikəstə"lərin ŞAHIdır. Bütün "Şikəstələr" ondan qaynaqlanır, ondan başlanır. Onu 1988-ci ildən bütün Azərbaycan oxumalı(y)dı!

Oxudumu?

O "Şikəstə" Ümumazərbaycan şikəstəsi - "Şəhid şikəstəsi"dir ki... Bax mənim işim bu "Kİ" ilədir: bütün "Şikəstələr" bu ağrıdan doğar, bu teldə inləyər!

Tarixin verdiyi ağır suallara cavab axtararkən böyük bir həqiqətin şahidi oldum: Və duyub-eşitmədiyim "şikəstə" axtarışındaykən ŞƏHİD ŞİKƏSTƏSİNİN YOXLUĞUNDA bir millətin varlığını gördüm!

Onu da gördüm ki, bütün muğamlarımızın arxasında məhz bir şikəstə boylanır: ŞƏHİD ŞİKƏSTƏSİ!

Anladım ki, dözüm göstərib intiqam almalıyıq!

- Kimdən?

- İllərin intiqamını düşmənlərimizdən, əsrlərin intiqamını tarixdən!

Biz cox əzildik, zaman-zaman yadellilərin əsarətində qaldıq. Bəlkə də millət kimi bəzi nöqsanlarımız tarixdən ibrət almamağımız, bizə asi kəsilənlərin "ASİ"liyini unutmağımızdadır!

Qələbə də, mübarizlik də, istiqlaliyyət də məğrurluq olan evlərdə, ocaqlarda, yurdlarda yaşanır!

Qoy bütün evlərimizin pəncərəsi qələbəyə açılsın, ölkəmizin üstündən məğrurluq və qurur mənbəyimiz olan bayrağımız dalgalansın.

Bəlkə, elə buna görədir ki, zaman bizə epoxal janr olan muğama bu aranjiman diktə edir: XORLA OXUYUN "Şəhid Şikəstəsini" ki:

-Şəhid məzarlarına qan danmasın;

-Şəhid balalarının göz yaşı qurusun;

-Şəhid torpaqlarımızda "şimal küləkləri" əsməsin;

- "Yağı düşmən" Cıdır düzündə at çapmasın və…

"Ki"-nin burası buracan!

***

Analarımızın bizə oxuduğu laylaların alt qatında da o kövrəklik uyuyur: "Şəhid şikəstəsi!"

Bayatıların alt qatından boylanan ərən qardaşın - hansısa düşmən əsgərinin tüfəngindən açılan "kefli güllə"yə tuş gələn bir igidin baxışdakı ifadə, İSMƏTLİ BACILARIN naləsindəki o hönkürtü… Bax, odur "Şəhid şikəstəsi!

"Şəhid şikəstəsi"ni ağlaya-ağlaya yox, sevə-sevə səsləndirmək lazımdır "Oğuz Eli"ndə! Çünki bu "ki" şəhidin ilk qanı torpağa düşəndə Allah onun bütün günahlarını yuyar və ona bütün nemətlərini verər! Şəhidi torpaq da çürütməz, ƏMANƏT saxlar.

"Əgər şəhidə təklif olunsa ki, təzədən bu dünyaya qayıtsın, imtina eylər", deyir peyğəmbərimiz Həzrət Məhəmməd (s.ə.s.)!

Bu gün "Qarabağ şikəstəsi" Qarabağda eşidilmir, havalanmır Xanın səsi! Qarabağsız "Şirvan şikəstəsi"nin də dadı, duzu qaçıb. "Kəsmə şikəstə"siz də kəsik qalmışıq – vətən torpaqlarından, döyüşdən, qələbədən…

"Şəhid şikəstəsi" ona görə oxunmur ki… Bu gün "hər kəsin Allaha bir can borcu var" deyilsə də, eşitdirilsə də, həqiqətən də, hələ o canı Allaha və onun torpağına qurban verməyə-qaytarmağa SƏFƏRBƏR OLMAMIŞIQ.

"Şəhid şikəstəsi"nin, mənası, dəyəri, fəlsəfəsinin "ki"si bu: Millət torpaq uğrunda yox, torpağı düşməndən azad edib qələbə qazanmaq uğrunda Zəfər şərqisi - simfoniyası oxuyur... Bizlərsə adına "muğam" deyirik!

Və bizlər bilə-bilə ki, "Şuşasız, Ağdamsız, ümumiyyətlə Qarabağsız Azərbaycan yoxdur" (Ümummilli lider, Heydər Əliyev), yenə də "Şəhid şikəstəsi" səslənmir!

Bəs var olan nədir?

Axı Azərbaycan xalqının taleyində dərin və ağır iz buraxmış cox müharibələr olub, amma tarix bizim əlimizdə olmayıb deyə tariximizin şikəst olduğunu gec dərk etmişik.

Və biz bilməliyik ki, nə vaxtacan millət bir yerdə "Şəhid şikəstəsi"ni "mənim olümümdən, sənin sağ qalmağına peşman olma" nəqəratının üstündə səsləndirməyib, tarix də şikəst qalacaq!

Bizim TARİX ÜÇÜN "Şikəst şikəstə" bəstələmək haqqımız yox!

***

Amma çox da uzaq çəkməz, səslənəcək "Şəhid şikəstəsi"... Bu ulu məmləkətin cəsur övladları – bizlər ön cəbhədə düşmənlə sinə-sinəyə dayananların, ayaqları paytaxtda, ürəkləri səngərdə olanların xatirinə şikəst torpaqlarımızın uğrunda düşmənə qarşı mübarizəmizdən, qələbəmizdən ötrü açdığımız hər güllənin atəşində sübut edəcəyik varlığımızı.

Bunu bizə şəhidlərimizin ruhu deyir! Bunu bizə zaman diktə edir.

Bunu əsgər yoldaşlarının, komandirlərinin qucağında ağzını arayıb sözünü demək istəyib, amma deyə bilmədikləri, arzusu, son sözü belə ürəyində qalan "şəhid məqamı" tələb edir!

Bəlkə də elə onların son nəfəsdə deyəcəkləri "Şəhid şikəstəsi"ni səsləndirin!" olacaqmış!

Bəlkə... Yox!

Şəhidlər... Onlar da "Şəhid şikəstəsi"nin səslənməsini istəyiblər, istəyirlər və istəyəcəklər. Ki, təki torpaq azad olsun, Vətən sağ olsun!

Bəlkə də, onların da demək istədiyi "Kİ" məhz budur:

"Şəhid şikəstəsi": Oxuyur Azərbaycan xalqı!
 
Əziz oxucular! Fikir və iradlarınızı infomiqaz@gmail.com email ünvanına göndərə bilərsiniz.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az