Şəhidlərin “qan pulunu” kimlər və necə yeyir? – MƏĞRUR BƏDƏLSOY YAZIR

Şəhidlərin “qan pulunu” kimlər və necə yeyir? – MƏĞRUR BƏDƏLSOY YAZIR

Son çağların gündəmini şəhid ailələrinə dövlət büdcəsindən ayrılan və 20 oktyabr 2006-cı il tarixindən 11 min manat müəyyən olunmuş, eldə "qanpulu” deyilən sığorta haqqının prezident fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) araçılığı ilə şəhid vərəsələrinə ödənilməsi qonusu "işğal edib”. Başlıca problem şəhid varislərinin bir çoxuna sözügedən fərmanın şamil edilməməsindən qaynaqlanır. Elə fərmanın şamil edilmədiyi şəhid ailələri də çıxış yolunu dövlət qurumlarının "qapısını birlikdə döyməkdə” görürlər. Artıq belə qapı döyməyin acı sonucu da baş verib: Səbail Rayon Məhkəməsi şəhid atasının üzünü görməyən Toğrul Qocayevin qapısını 30 sutka anasının da üzünə bağlayıb! ŞƏHİD HAQQI YEYİLİB!

Bəs şəhid ailələrinin qapılara düşməsinin suçluları, şəhidlərin qan haqqını yeyənlər kimlərdir? Bəri başdan deyək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu yem(ə)də heç bir suçu yoxdur. ƏƏSMN müvafiq güc strukturlarının və Dövlət Sığorta Kommersiya Şirkətinin (DSKŞ ), Ədliyyə Nazirliyinin təqdim etdiyi siyahı üzrə Maliyyə Nazirliyindən köçürülən vəsaiti şəhid vərəsələrinin bankda açılmış hesabına keçirir. Prezidentin 19 aprel 2018 tarixli "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlar zamanı xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında əlavə tədbirlər haqqında” 1 saylı fərmanına uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci ilin 2 avqustuna qədər şəhid sayılan hərbi qulluqçuların ümumi siyahısını, Ədliyyə Nazirliyi həmin şəhidlərin varislərinə sığorta ödənişinin verilməsinin təmin edilməsi haqqında məhkəmə aktlarını, DSKŞ isə sığorta haqqı verilməyən şəhid ailələrinin siyahısını ƏƏSMN-ə təqdim edib.

Göründüyü kimi, əsas suç sığorta ödənişinin verilməsini vaxtında təmin etməyən DSKŞ-nın boynundadır. İndi də bu dövlət şirkəti şəhid ailələrinin haqqında ayrıseçkilik edərək narazılıq yaradır, etiraz aksiyalarına nədən olur. Haqlı suallar doğur: Nəyə görə, DSKŞ vaxtında şəhid ailələrinə sığorta ödənişi verməyib? Necə olub ki, şəhid ailələrinin yarıdan çoxu qan pulunu almayıb? Bu sualların cavabı sığorta, qanpulu korrupsiyasının araşdırılması predmetidir. Əbəs yerə DSKŞ sədrinin "Sığorta Mamed” ayamalı sədrinin oğlunu Hacı Məmmədovun bandası girov götürüb, 800 min dollar qarşılığında azad etməmişdi. Bu pulla bütün əlil və şəhid ailələrinin sığorta haqqını vaxtında ödəmək mümkün idi.

Əlil və şəhid ailələrinin artıq "Qanpulu Mamed” adı verdiyi bu sədrin iştahası elə açılmışdı ki, sovet dönəmindən yığılan sığorta haqlarını yeyib, üstündən su içəndən sonra bu haqların da dövlət büdcəsindən qaytarılmasını təklif etmişdi. DSKŞ-nın özbaşınalığında hüquq mühafizə orqanlarının, nəzarətedici qurumların, özəlliklə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (hazırkı Maliyyə Bazarlarına Nəzarət Palatası ) önəmli payı vardır. Təsəvvür edin, Maliyyə Bazarlarına Nəzarət Palatası (MNBP) və Dövlət Sığorta Kommersiya Şirkəti Konstitusiya Məhkəməsinin 28 yanvar 2014 -cü il tarixli qəti, təfsir oluna bilməz qərarını təfsir edirlər! (?) Özü də yanlış, korrupsiyaya uyğun olaraq! Konstitusiya Məhkəməsi (KM) həmin qərarında indiyədək sığorta ödənişi almayanlara sığorta məbləğinin 20.10.2006-cı ildə müəyyən edilmiş məbləğdən az ola bilməzliyini təsbit edib. DSKŞ-nın qanpulundan rüşvəti ilə MNBP KM-in həmin qərarını belə izah və tətbiq edib ki, KM-in 28.01.2014 tarixli qərarı qəbul edilənədək, məsələn, 1 ay qabaq 2006 -cı ildən qabaq müəyyən edilmiş onqat az məbləğdə ödəniş alanlara şamil edilmir. Yəqin dövlət başçısı DSKŞ-nın sığorta dələduzluğundan xəbərsiz deyil və ona görə də 19.04.2018 tarixli 1 saylı fərmanının icrasını ona yox, ƏƏSMN -ə tapşırıb.

Amma DSKŞ yenə öz ampluasındadır. Yenə də "yarı-yarı” bölgüsü ilə siyahı tərtib edilir, rüşvət verməyəndə şəhidin 2 yaşlı oğlunun, şəhiddən qabaq ölən valideynin qanpulunu almaları "notarial qaydada” təsdiq edilir. Fikrimizcə, DSKŞ-nın sığota ödənişini almayanların siyahısına Milli Məclisin Hesablama Palatası nəzarət etsə, narazılıq bir qədər azalar.

Ədliyyə Nazirliyinin icra baş idarəsinin və məhkəmələrin də şəhidlərin qanpulunun yeyilməsində payı var. Nəyə görə, barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı olanlara on illərdir sığorta ödənişi verilməsi aktları icra olunmayıb? Bəyəm DSKŞ-nın qanpulundan rüşvəti vəzifə, vicdan borcundan, Konstitusiyadan üstündür? Axı, Konstitusiyanın 129-cu maddəsinə görə, məhkəmə qərarları dövlətin adından çıxarılır və icrası hamıya, elə məhkəmənin özünə də məcburidir.

Bir sözlə, şəhid ailələrinin qan haqqını yeyənlərin siyahısına Dövlət Sığorta Kommersiya Şirkəti başçılıq edir. Bu yemdə məhkəmələrin, icra şöbələrinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının, güc strukturlarının maliyyə bölmələrinin, şəhid adına ödənişlə hesab açan bankların da payı var.

MƏĞRUR BƏDƏLSOY




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az