Ser... Zülfüqar! – talışların, rusların və ingilislərin tanıdığı

Ser... Zülfüqar! – talışların, rusların və ingilislərin tanıdığı
Aydın Canıyev

Zülfüqarın 120 yaşı var – hələ 1200 yaşı olanda  da unudulmayacaq, baxmayaraq ki, cəmi-cümlətanı 44 ildən bir az artıq yaşayıb!
Zülfüqarın həm də 60 yaşı var – minimum 60 il də SER tituluyla fəxr edəcəyik!
120 ilin iki Zülfüqarı – talışların sevdiyi, amma Mircəfər Bağırovun rusların əliylə Sibirdə öldürdüyü Baba Zülfüqar və azərbaycanlı oxucuların sevdiyi, ingilis mediamarşallarının etiraf etdiyi Nəvə Zülfüqar təkcə yaradıcılıqları və mübarizələri ilə deyil, həm də yüksəldikləri titulla Azərbaycana – ölkə, dövlət və xalq olaraq töhfədir! Çünki bu 120 ilin içində daha bir SEVİMLİ Əhmədzadə var!
UZAQDAN olan odu ki, istənilən talışı danışdır, bəlkə də öz doğma babasından bir fərli-başlı nəsə danışmaz, danışa bilməz, danışmağa nəsə olmaz, amma Zülfüqar Əhmədzadə deyəndə həmən:

Əv çiçe bə tır-tıre,
Çı kəlxozi traxtore!
İ lıskə nat hardedə,
Kəlxozi ko kardedə!, - bəndini deyəcək. Əlavə şeirlər saatlarla səslənə bilər, amma axırda təəssüflə dilə gətiriləcək:
 
Lenin çəmə rəhbəre,
Bə dınyo bərobəre!

Sıravi, sadə, dünyadan bixəbər, siyasi problemləri bilməyən talış elə belə də əminliklə deyəcək: "Lenini o biri dünyaya bənzətdiyinə görə tutub sürgün ediblər: "bə dınyo” – "dünyaya” kimi yox, "BƏ dınyo”- "o dünyaya” kimi qəbul edilib”. Guya da!!! Əslində və halbuki:
Zülfüqar Əhməd oğlu Əhmədzadə (d. 1898, Pensə, Astara rayonu, Rusiya İmperiyası — ö.  6 iyun1942, Marinsk, Kemerovo vilayəti, Rusiya SFSR, SSRİ) — Azərbaycan şairi, publisisti, tərcüməçisi və ictimai-siyasi xadimi. Əhmədzadənin 1930-cu illərdə Talış ədəbi dilinin formalaşmasında müstəsna xidmətləri olmuşdur. İlk dəfə olaraq latın qrafikası ilə Taliş Əlifbasının yaradılması onun adı ilə bağlıdır. (...)

Həyatı
 


Zülfüqar Əhməd oğlu Əhmədzadə 1898-ci ildə Astara rayonunun Pensə kəndində anadan olmuşdur. 1918-ci ildə "Hümmət” təşkilatının üzvü olmuş, Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra bir çox vəzifələrdə işləmişdir. O, 1920-1922-ci illərdə Lerik rayonu (Zuvand) Qosmalyon kəndində İcraiyyə Komitəsinin sədri, 1922-1923-cü illərdə Lənkəran qəzasında Torpaq şöbəsinin müdiri işləmişdir. 1923-1925-ci illərdə Lənkəran rayonuMaarif Şöbəsinin müdiri işləmiş, 1925-1926-cı illərdə Laçın rayonunun, 1926-1928-ci illərdə Zaqatala rayonunun, 1928-1929-cu illərdə Ağdam rayonunun İcraiyyə Komitəsinin sədri seçilmişdir. Z. Əhmədzadə 1929-1930-cu illərdə Lənkəran Rayon Pedoqoji Texnikumunun direktoru vəzifəsinə təyin edilmişdir. 1930-cu ildə isə o, Mərkəzi Komitəya çağrılmiş və Astara Rayonu İcraiyyə Komitəsinin sədri təyin edilmişdir. 

1929-1930-cu illər Azərbaycanda kolxoz quruculuğu dövrü olmuşdur.Həmin illərdə Astara rayonunun kəndliləri İrana qaçırdılar. Z. Əhmədzadə kəndlərə gedərək, onlarin vəziyyətləri ilə tanış olur. Bundan sonra o öyrənir ki, Astara Rayon Daxili İşlər İdarəsinin sədri (NKVD) və milis işçiləri əhalini səbəb olmadan incidir, tuturmuşlar. Z. Əhmədzadə günahkarları həbs elətdirir, İrana qaçmiş əhalini geriyə qaytarır. 
1932-ci ildə Z. Əhmədzadə bir müddət Respublika Mərkəzi İcraiyyə Komitəsində işləmiş, həmin ildə komitədə fəalların yığıncağı keçirilmişdir. Z. Əhmədzadə də bu yığıncaqda iştirak etmişdir. Həmin illərdə Mərkəzi Komitənin katibi Vladimir Polonski, Nazirlər Sovetinin sədri Mir Cəfər Bağırov, Respublikanın ikinci katibi isə Yusif Qasımov olmuşdur. Mir Cəfər Bağırov Daxili İşlər orqanında rəhbər olarkan Yusif Qasımovla arası olmamışdır. 1932-ci ildə fəalların yığıncağında Bağırovla Polonski birləşib Yusif Qasımovu işdən azad etmək üçün plan qururlar. Hər iki tərəfdən çıxışlar olur. Yığıncaqda Z. Əhmədzadə də çıxiş edir: 
 
Azərbaycan Kommunist Partiyasına uzun müddətdir ki, Rubinlər, Polonskilər, Mirzayanlar başçılıq edirlər. Mərkəzi Komitədə cəmi 9% azərbaycanlı işləyir, qalanı erməni, rus, yəhudilər və gürcülərdir. Azərbaycanın məgər elə bir oğlu, kadrosu yoxmudur ki, rəhbər işləsin? Üstəlik Qasımovu da bəyənmirsiz... 

Məhz həmin çıxışdan sonra Zülfüqar Əhmədzadə haqqında "Xalq Düşməni” planı işə düşməyə başlayır. Z. Əhmədzadə işdən çıxır və Zaqafqaziya Mərkəzi Komitəsinə gedir. Komitə onu Ermənistan SSR-in Vedi rayonuna İcraiyyə Komitəsinin sədri təyin edir. 1932-1933-cü illərdə orada işləyir. 

1933-1935-ci illərdə Azərbaycan Xalq Maarif Komissarlığında Ali Məktəblər idarəsinin rəisi işləyir. 1935-1938-ci illər ərzində "Azərnəşr”də "Azlıqda Qalan Xalqlar” şöbəsinin müdiri işləmişdir. 1934-cü ildə Stalinin məsləhətiylə Zaqafqaziyada rəhbərlikdə olan Beriyanın razıliğı ilə Mircəfər Bağırov Azərbaycan Kommunist Partiyasinin birinci katibi seçilir. 1937-ci ildə M. Cuvarlinski və Z. Əhmədzadə saxta ittihamlarla həbs olunur. Z. Əhmədzadə cinayət məcəlləsinin 64-cü maddəsiylə: "Sovet hökumətinə qarşı silahlı mübarizə aparan təşkilatın üzvü kimi” ittiham olunur və həbs edilir. Lənkəran rayonunun Girdəni kəndindən olan (əslən Lerik rayonunun Rəzqov kəndindəndir) köhnə inqilabçı Şirəli Axundov Zülfüqar Əhmədzadənin üzünə durur. (...)

Z. Əhmədzadəyə qarşı cinayət işinin təhqiqatı bu ittiham üzərində qurulur. O, Sibirə sürgün edilir. Şirəli Axundovun yaraları sağalan kimi o, Əhmədzadənin üzünə ağrılardan qurtulmaq üçün durduğunu yazılı sürətdə bildirir: ”Məni işgəncələr ilə Əhmədzadənin üzünə durmağa məcbur etdilər, istintaqda verdiyim ifadə yalandır”. Bununla da onun gunahsiz olduğu sübuta yetirilir. Baxmayaraq ki, 1938-ci il mayın 12-də cinayət məcəlləsinin 64-cü maddəsiylə irəli sürülən ittiham rəsmən Z. Əhmədzadənin üstündən götürülür və onun azad olma vərəqinə imza atılır, buna baxmayaraq, o, həbsdən buraxılmır, 1938-ci il sentyabrın 21-də isə Z. Əhmədzadə, hec bir maddə göstərilmədən Moskva Xüsusi İdarəsinin qərarıyla "əksinqilabi dəstəylə əlaqəsi olduğuna görə” 5 il azadlıqdan məhrum edilir. Z. Əhmədzadə Sibirdə həbs düşərgəsində də yaradıcılıqla məşğul olur,həm də düşərgə qəzetinin redaktoru təyin olunur. Həbs düşərgəsində bir müddət çörəkbölüşdürən təyin olunur. O, neft tapıb, bu nefti arada çay qoymaq üçün istifadə edirmiş. Dustaqlardan biri rəhbərliyə xəbər verir ki, guya Əhmədzadə buranı neftlə yandırmaq istəyir. Bundan sonra Əhmədzadənin otağında axtarış aparılır və neft maddi sübut kimi götürülür. Əhmədzadəni 10 sutkalıq, boğaza qədər su ilə dolu "karserə” salırlar. Cəza bitdikdən sonra Z. Əhmədzadənin ayağı axsamağa, tez-tez xəstələnməyə, saçı tökülməyə başlayır. Zülfüqar Əhmədzadə 1942-ci il iyunun 9-da Kemerovo vilayətinin Marinsk şəhərində vəfat edir.

Tərcümeyi-halına baxanda Azərbaycanın və hər regiondan olan azərbaycanlıların sevimlisi olsa da, təkcə Azərbaycanın başçısının sevmədiyi Zülfüqar Əhmədzadəni yaşamağa, yaratmağa qoymasa da, dünyaya daha bir Zülfüqar gəlir – düz 60 ildən sonra!

Əslində sovetləşən, nəinki talışlığın unudulduğu, hətta türklərin özlərinə belə kimlikləri unutdurulduğu dönəmdə dünyaya gələn Zülfüqarın atası elə o Zülfüqarın oğlu Rüfət idi! Bir ailənin Zülfüqar adıyla başlanan 60 illik əzabının sonunda Zülfüqar adı təzədən səslənəndə həyatın sevinclərini dadmağa işıq ucu görünürdü!
Lakin 45 yaşa çatmayan Zülfüqarın oğlu Rüfət yaşanan əzabların üstündə cəmi 55 yaşa çata bildi – 1988-ci ilə qədər! Ata-oğul bu xalqın, bu dövlətin saxlancına kifayət qədər əmanət saxlaya bilmişdilər qısa, mənalı ömürlərində!

Rəsmi mənbə ilə tanış olun:

Rüfət Əhmədzadə (yazıçı, satirik şair)

Həyatı

Rüfət Əhmədzadə 1933-cü ildə Bakıda anadan olmuşdur. Atası Zülfüqar Əhmədzadə xalq düşməni kimi həbs edilir və ailə Azərbaycanın Balakən rayonuna köçür. Elə əmək fəaliyyətinə də erkən yaşlarında orada başlayır. 13 yaşında səyyar kinomexanik vəzifəsində çalışır. Bakıya döndükdən sonra pionerlər evində direktor vəzifəsində çalışır və mətbuatda müxtəlif şerləri ilə çıxış edir. 
"Kirpi" satirik jurnalının redaktoru Əvəz Sadıq onu jurnala dəvət edir və o, ömrünün sonuna qədər bu jurnalda çalışır. 
Korrektor vəzifəsindən baş redaktorun müavini vəzifəsinə qədər yüksələn Rüfət Əhmədzadə 1988-ci il dekabrın 15-də 55 yaşında vəfat edib. 
SSRİ Yazıçılar İttifaqının və SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur.
11 kitab, 4 musiqili komediya ("Sizin ilə, gülə-gülə", "Bildirçinin bəyliyi", "92 dəqiqə gülüş", "Hələlik"), 3 televiziya tamaşası ("Sonuncu məhəbbət", "Gülüş sanatoriyası", "Şirbalanın məhəbbəti") və yüzlərlə satirik televiziya novella-səhnəciklərin müəllifidir. Bir çox tanınmış mahnılar onun şerlərinə bəstələnmişdir.Sonuncu "Sizin ilə gülə-gülə" kitabı 2012-ci ildə dərc olunub.
Jurnalist, prodüser Zülfüqar Rüfətoğlunun atasıdır.
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru,əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin atasıdır.
... Növbə nəvə Zülfüqara çatmışdı!
... Mən Zülfüqar Əhmədzadəni – Zülfüqar Rüfətoğlunu 1988-ci ilin sonlarında "Kommunist” qəzetində gördüm, tanıdım! "Kommunist”in "patriarxlar”ı sırasında üç gənc imza vardı: Araz Qurbanov, Zülfüqar Rüfətoğlu, Vahid Əzizov.

Araz Qurbanov Gədəbəyin Şınıxından, Yaponiyanın Tokiosundan, nə bilim, Meğrinin Aşağı Nüvədisindən vurub çıxırdı, parlamentdən yazırdı, meydandan yazırdı – palaz-palaz, Zülfüqar balaca-balaca yazılar – informasiyalar, xəbərlər.Vahid Əzizov da həmçinin – korrektorluqdan müxbirliyə, redaksiyaya köç etməyə əlləşirdi!
Və mən... Cəmil Əlibəyovun, Rəfail Nağıyevin, Məzahir Süleymanzadənin imzalayıb çapa göndərdiyi yazıları Şakir Yaqubovun qabağına qoyub böyür-başını düzəltdiyi, səhifəyə yerləşdirdiklərinin hamısını oxuyurdum – məcburi olaraq! Ta 1990-cı ilin dekabrına qədər.
Sonra hamımız getdik "Kommunist”dən – Rəfael Nağıyev "Sovet kəndi”-"Bərəkət”ə (bir az sonra "Həyat”)baş redaktor, Məzahir Süleymanzadə "Səhər”ə baş redaktor, Əfqan Əsgərov "Həyat”a(bir az sonra "Azərbaycan”) baş redaktor, Vahid Əzizov Prezident Aparatına, mən Şakir Yaqubovun təklifi və Əfqan Əsgərovun razılığı ilə yeganə rəsmi dövlət qəzeti olan "Həyat”a. Eləcə də "Kommunist”in digər imzaları – Araz Qurbanov, Bəxtiyar Sadıqov, Rusvat Bayramov və başqaları.

Mənim həqiqətən Universitetdə müəllimim və dekanım olan Tofiq Rüstəmovlajurnalistikada özümə müəllim bildiklərim, saydıqlarım yollarını ayıranda tərəddüd etmədim. Mən iş yoldaşlarımla yola davamı seçdim. Və mənim sevimli müəllimim öz yerimdə qalmağıma israr etsə də, perspektivdə nələrinsə olacağını vəd etsə də, imtina etməyimdən incimədi, "bəlkə məndən nəsə istəyin var”, - deyə soruşanda, öz yerimə qardaşımı təklif etdim! Qeyd-şərtsiz, tərəddüd etmədən rəhmətlik Tofiq müəllim həmən qardaşımın əmrini verdi!
Zülfüqar Rüfətoğlu ilə bir daha 1992-ci ilin axırında görüşdük.

Bu dəfə də sevimli dekanımız kimi, sevimli baş redaktorumla sevimli müəllimim yollarını ayıranda seçim anı gələndə tərəddüd etmədim. Ancaq kampaniyaçılıq kimi çıxmasın deyə bir müddət sonra addım atdım.
Mən mətbuata gələndən minnətdar olduğum insanlar çox olub. Bioloji olaraq, kimsəsiz olduğum bu şəhərdə mənə atalıq, dayılıq, əmilik, hamilik qayğısı göstərən çox insan olub: fakültədə dekanlar Tofiq Rüstəmov, Akif Rüstəmov, həyatda Mehman Fərzullayev, Aqil Abbas, iş yerimdə Şakir Yaqubov, Rəfael Nağıyev, Məzahir Süleymanzadə, Rusvat Bayramov, ən yüksək səviyyədə isə Mehman bəy Cavadoğlu.
Ustad saydığım, bütün zamanların müəllifi Şakir Yaqubova "Azərbaycan” qəzetində yer olmayanda, artıq mənim o redaksiyada şöbə redaktoru olmağım bir elə də məni tərpətmirdi. Hətta Rusvat Bayramov "Mehman bəy sənə çox yüksək dəyər verir, qiymətləndir”, - deyib məsləhət versə də belə, mən "səhlənkarlığıma” davam etməyimdən qalmadım. Onda, səhv eləmirəmsə, elə Rusvat Bayramov "informasiya və tərcümə şöbəsi”nə DAHA LAYİQLİ, həm də Mehman bəyin mənim yerimə təyinatına etiraz etməyəcəyi redaktorun namizədliyini vermişdi!

Zülfüqarla bu dəfə eyni statusda olsaq da, mən yenə də sonacan davam etmədim: "idman və hərbi-vətənpərvərlik şöbəsi”nə məndən sonra kimin təyin olunduğunu isə xatırlamıram.
Zülfüqar Rüfətoğlu ilə bir redaksiyada müxtəlif statuslarda olmaqdan iki məqam yadımdadı: bir onu təsadüfən öyrənə bildim ki, İmişlidə hansısa kənddə müəllim işləyib və o məktəbdəki şagirdlərdən biri Şəmsi Vəfadar olub!

İkinci bir məqam isə "Səhər” qəzeti əlavə kimi çıxanda təqdim etdiyim yazını götürüb özü təzədən yazmışdı. Yazını görəndə, əlbəttə ki, Şakir müəllimə iradımı demişdim! "Tanımayıb, boş ver, elə hesab edib filankəsin yazısıdı” deyib üstündən gülüşüb keçmişdik! Yəni deməyim o ki... mən Zülfüqarı təzə-təzə tanıyanda o artıq imza-zad hərləmirdi: qabağına qoyduğu yazını oxuyurdu, onu öz istədiyi abıra salırdı!
Və bu gün həmin o Zülfüqarın – informasiya və tərcümə ASının, professionalının 60 yaşı var: 22 iyunda tamam olub. Ölkənin ən aparıcı qəzetlərində uyğun bölümlərin rəhbəri olub! Rus, ingilis dillərində mükəmməl bilir, yüzlərlə düşündürücü yazının sahibidir, tərcümələr edir, onullərlə əzbərdən çıxmayacaq şeirləri var, sanballı əsər müəllifidir, radioverilişləri ən reytinqli və gözlənilənlər sırasında olub!
Ancaq...

Bəlkə də mənim haqqım tapdana bilər, dəyərim verilməyə bilər, unudula bilərəm, hətta incidilə də bilərəm, amma axı Zülfüqar Rüfətoğlu Aydın Canıyev deyil ki, görməzlikdən gələsən!
Zülfüqar Rüfətoğlu indi yaşadığı Londonda dünyaya gəlsəydi, diplom aldığı gün ona Böyük Britaniya kraliçası SER titulunu verərdi!
Bilmirəm, özüm kimi yazılarım, arxivim, ömrüm səpələnib bu gözəlim Yer kürəsinə, haçan və harda oxumuşam, amma yadımda təxminən belə qalıb ki, Kembrici bir ailədən üç nəsil bitirəndə həmən SER titulu verilir, yəni baba-ata-nəvə əgər bu ali məktəbi bitirirsə!
Hesabınızı götürdünüzmü?
Baba  - Zülfüqar Əhmədzadənin 120 illiyini beş-on talış yığışıb müsabiqə keçirtdi!
Ata Rüfət Əhmədzadənin vəfatından 30 il keçir!
Nəvə Zülfüqar Rüfətoğlu (Əhmədzadə) 60 yaşı adladı!

Arada özünüzə də baxın, Zülfüqar Əhmədzadəyə də. Çoxunuzun nəinki babası, heç atası adını doğru yaza bilmir – çoxlarının buraxdığı qəzetlər, işlətdiyi saytlar üz qarası olsa da, onlara hər cür dəstək, təminat verilsə də, BBC-nin prodüserliyinəcən yüksələn bir nümayəndəmizə heç olmasa cüzi bir diqqət ayırmaq olardı! Luka Volonteyə o boyda pulu verincə, Zülfüqar Rüfətoğluya bu vətənin diqqəti bəs edərdi!
Mən Zülfüqarı tanıyandan heç vaxt giley etdiyini eşitmədim. Zülfüqar heç vaxt öz dərdini kiməsə yükləmədi!
Mənim yadımda Zülfüqar həm də 90-cı illərin əvvəlində həkim səhlənkarlığından xanımını itirməyiylə yadda qalıb!
Sovet gələndə bir, sovet gedəndə bir, müstəqillik dönəmində bir əlləri harasa çatanların ümidinə qalan ölkədə, əlbəttə ki, bundan artığını gözləmək olmaz!
"Kommunist”, eləcə də "Azərbaycan” qəzetlərinin elə bir əməkdaşı yoxdu ki, ən məhrəm dostluğum olmasın, təkcə Zülfüqardan başqa!
Hətta "Kommunist”də redaktorun birinci müavini olan, sonradan "Həyat” (əvvəlki "Sovet kəndi”) qəzetinin baş redaktoru işləyən, bir ara ARDNŞ-də tərcüməçi kimi çalışan, lap axırda ANS-n baş redaktoru olan Rəfael Nağıyev bir dəfə məni küçədə görəndə çağırıb soruşmuşdu ki, neyləyirsən, demişdim işsizəm, həmən məni dəvət etmişdi ANS-ə, ədəbiyyat, mədəniyyət, incəsənət sektorunun rəhbəri Əfqan Əsgərova təqdim etmişdi, Mir Şahinin otağına aparmışdı, halbuki məni tanımayası, saymayası ranqda bir nəfər var idisə, elə o imza da rəhmətlik Rəfael Nağıyev idi.
Mənə yazılarıyla doğma olan Zülfüqar Rüfətoğluyla niyə dostlaşa bilmədim, aramız niyə açıq olmadı başqalarından fərqli olaraq, burasını deyə bilmərəm, amma həmişə yaddaşımda bu imzanı yaşatdım!
Bu yazını da ad günündə yox, indi ona görə yazdım ki, il bitmək üzrədi və hələ də Zülfüqar Rüfətoğlunun 60 illiyi üçün nəsə etmək gec deyil!
Londonda doğulsaydı əgər...
Adamları Azərbaycanda doğulmağa peşman etmək yaxşı iş deyil, nə olsun ki, adı Zülfüqardı!

Bu addan 90 il qabaq qisas alınıb da!

Axı o həm də bu şeirin müəllifidi:

Gecəyarı qapıları döyməyin,
Ürək var ki, tıqqıltıya dayanar.
Gecəyarı qapıları döyməyin,
Yetim var ki, möcüzəyə inanar.

Gecə yarı qapıları döyməyin.
Gecəyarı qapıları döyməyin,
Ata var ki, yuxu bilməz həsrəti
Ana var ki, namaz üstə yaşayır
Oğul var ki, başa çatıb xidməti.

Gecə yarı qapıları döyməyin.
Gecəyarı qapıları döyməyin,
Bir möcüzə saxlayıbsa sizi sağ,
Bu dünyadır, vallah-billah, bilinməz
Qapı açıb, kim qarşıya çıxacaq?

Gecə yarı qapıları döyməyin.
Gecəyarı qapıları döyməyin,
Haradasa "Ev yiyəsi!”- deyən var,
Gecəyarı evinizə tələsin,-
Bəlkə sizin qapını da döyən var.

... 1990-cı ilin sonunda yazdığı şeirdi:

Bir addım irəli çıxsın o adam!
Bir addım irəli çıxsın o adam!
Gecəni yatmışıq biz səksəkədə,
Axşam bir "hürriyyət” sözü işlədib,
Səhər tırtıl izi vardı səkidə…
- Bir addım irəli çıxsın o adam!!!
O adam bu sözü üfürüb yelə,
Yelbeyin adamlar alıb yayıblar,
Hələ dil açmayan çağalar belə,
Sübhəcən "hürriyyət” sayıqlayıblar…
- Bir addım irəli çıxsın o adam!!!
O adam bu sözü deyəndən bəri,
Elə bil kəsilib elin ruzusu,
Daha görməzsiniz dəm İskəndəri
Yüz qram hürriyyət olub arzusu…
- Bir addım irəli çıxsın o adam!!!
Çıxıb yadımızdan iman, din də,
Yüyən-zad tanımır nə dil, nə ağız,
Tapılmır aptekdə volokardin də,
Elə bil qayıdıb adamlığımız…
- Bir addım irəli çıxsın o adam!!!
- Bir addım irəli çıxsın o adam!!!
Çaxmaq şaqqıldadı, çəkildi tətik,
O söz başımızı xarab eləyib,
Yoxsa o adamı nə göstərərdik…
- Bir addım irəli çıxsın o adam!!!
-Bir addım irəli çıxsın o adam,
Üçəcən sayıram, öləcəksiniz,
…Gözlərdə barışdı ürəklə beyin,
Zilləndi yazığa nəzərlərimiz…
Bir addım irəli çıxdı o adam…
Bir addım irəli çıxdı o adam,
Bir sıra gözünü zillədi ona,
Sıradan bir addım qabaqda olmaq,
Doğrudan yaraşdı zalım oğluna…
Tuşlandı lülələr düz sinəsinə,
Çevrilib son dəfə baxdı o adam…
Qırpıldı gözümüz güllə səsinə,
Daha heç açmarıq…Yoxdu o adam…
…Və birdən sarsıldım özüm bu səsə,
Dondu, laxtalandı damarımda qan,
"İtaət” bağırmaq istədim, nəysə,
"Hürriyyət” sədası qopdu ağzımdan…
- Bir addam irəli çıxsın o adam!!!

SON: Əziz oxucu, bilirəm, iri yazılar oxumağa həvəsin yoxdu! Amma bu iri yazını yazmağı özümə borc bildim: Zülfüqarı və Zülfüqarı axtaran deyilsiniz! Ancaq haçansa, kimsə Zülfüqar Rüfətoğlunu axtarışa verəcək – inanıram! Onda da istəmədim ki, haça-paça qalsın, qoy elə hamısını bir yazıdan oxusun. İnanıram da ki, tam və ətraflı təqdim edə bilmişəm!
 
Miq.Az
 
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az