Sevgilisevgisiz günlər

Sevgili və sevgisiz günlər

"Uşaqlar, geri çəkilin, indi Namiqlə Makedon dava edəcəklər”.
 
Yəni, "importnı” sevgililər gününün tərəfdarları kosmopolitlərlə milli sevgililər gününün tərəfdarları olan millətçilər arasında qiyamət qopacaq. Hər il olduğu kimi, yenə də bir Kefli İskəndər kimisi tapılıb deməyəcək ki, ayə, bir-birinizi qırmayın, qoyun, camaat sevgi məfhumunu yadına salsın, bu fani dünyada guya iki sevgililər günü olsa, nə olacaq?

İnsafən, Araz aşığından, Kür topuğundan olanların bu dava heç vecinə də olmayacaq, nöşün ki, sevgi elə bir zaddır ki, onu ildə nəinki uzağı iki dəfə, elə hər gün də qeyd eləyib demək olar ki, kərəminə şükür ilahi, nə yaxşı, bu qədər çirk-çirkab içində bütün hər şeyin fövqündə duran bir hissi yaratdın. Başqa bir tərəfdən, bizim sevgi simvolumuzun adı Məcnun, yəni dəlidirsə və dəliyə də hər gün bayramdısa, deməli... Arxasını özünüz düzüb qoşun, məndən fakt deməkdi.

Nə isə, çox fəlsəfə yapmayaq, əsas məsələ və sabahın özəlliyi odur ki, bəzi milli və növcavan "ayılar”ımız öz sevgililərinə ayı oyuncaqları alıb sevincdən atılıb düşəcək, bəziləri ala bilməyib qəm dəryasına batacaq, bəzi milli "quzu”larımız öz "ayı” sevgililərindən ayı oluncağı alıb sevinəcək, bəziləri ala bilməyib burnunu sallayacaq. Metrolar, parklar, küçələr əli ayılı, əli ayısız, qucağı güllü, qucağı gülsüz, iki-iki, ya tək-tək gəzən,barışan və ya hələ də ayrı qalan, təzə sevgili tapan və tapmayan, kefi kök və ya boynubükük  gənclərlə aşıb-daşacaq, pulu olub sevgilisi olmayanlar sevgilisi olub pulu olmayanlara, heç birisi olmayanlar hər ikisi olanlara həsəd aparacaq, bir sözlə, aləm qarışacaq, məzhəb itəcək, it yiyəsini, dəli qız ərini tanımayacaq.

Xub, nə ziyanı var, bir günümüzü də verək, şair demiş, sevənlərə, necə istəyirlər idarə etsinlər, əgər nəzərə alsaq ki, hər hansı bir günü SEVGİsiz yaşamaq az qala yasaqdı, odur ki, şəxsən mən sizə bütün günlərinizi SEVGİli yaşamağı arzu edərdim, nöşün ki,başqa bir şair bu barədə belə deyir:
 
Canı kim cananı üçün sevsə, cananın sevər, 
Canı üçün kim ki, cananın sevər, canın sevər.

Bu dünyanı başqası üçün sevmək daha rahatdı, nəinki özün üçün, ən kəsə yolla izah etsək, müəllif belə demək istəyib. Odur ki, xülaseyi- kəlam, çalışın SEVGİli olun, SEVGİsiz olmayın, yoxsa bu həyat başqa cür çəkilməz.
Və sonda...
Bayramınız mübarək, ey güruhu-niksifat!
 
 
TOMRİS ƏSGƏRLİ
Miq.Az
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az