Şeyxin “ruhani diplomatiyası” kimləri narahat edir?

Şeyxin “ruhani diplomatiyası” kimləri narahat edir?

Bu günlərdə ABŞ-da yaşayan erməni din xadimləri Amerika Yəhudi Komitəsinə müraciət edərək işğaldan azad olunmuş Azərbaycan torpaqlarında guya erməni dini abidələrinin dağıdılması barədə  bəyanat verməyə çağırıblar.

Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru olan David Rosen bunu KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının növbədənkənar sessiyasında çıxışı zamanı bildirib.

Lakin Baş ravvin David Rosen bundan imtina edib. Baş ravvin erməni din xadimlərinə deyib ki, həmin məlumatlar həqiqəti əks etdirmir və heç də dini təəssüb deyil, siyasi mahiyyət daşıyır.

Rosen bildirib ki, Direktorlar Şurasında həmkarı olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin KAİCİİD tribunasından etdiyi mütəmadi çıxışlardan Ermənistan tərəfindən işğal dövründə Azərbaycan ərazilərində 67 məsciddən 65-nin, 2 pravoslav kilsəsinin və sinaqoqların dağıdılıb təhqir olunması barədə məlumatlara malikdir.

Erməni din xadimləri kor-peşiman geri dönməli olublar.

1906-cı ildə yaradılmış Amerika Yəhudi Komitəsi ABŞ-dakı yəhudi cəmiyyətlərini birləşdirən, onların fəaliyyətini əlaqələndirən çox nüfuzlu qurumdur.

QMİ sədri A.Paşazadə neçə illərdir "ruhani diplomatiyası” adı verilən ictimai fəaliyyəti ilə Azərbaycan ictimai-siyasi həyatında özünəməxsus yer tutur. Məlum olduğu kimi din dövlət münasibətlərinin tarazlığı hər bir ölkə üçün vacib məsələdir. Azərbaycanın müstəqillik illərindən bu yana özünün dünya çapında təqdimatında bu amil özünəməxsus yer tutub.

Bakı xarici vektorlarında həmişə dini dözümlülük və multkultural dəyərləri problemlərin həlli üçün prioritetlərdən biri sayıb.

Bu baxımdan QMİ sədri Allahşükür Paşazadə dini rəhbər kimi fəaliyyəti dövründə dünya işlərindən təcrid edilmiş, qapalı hücrələrdə oturan dindar kimi deyil, ictimai xadim olaraq bəşəri dəyərlərin və humanizm prinsiplərinin ardıcıl müdafiəçisi kimi çıxış edib. QMİ sədrinin Azərbaycanın daxilində dini harmoniyanın yaradılmasında, Avropanın xristian, Asiya və Yaxın Şərqin müsəlman dövlətləri arasında əməkdaşlıq körpüsünün qurulmasında xidmətləri danılmazdır.

Şeyxülislam bütün bu illərdə Azərbaycanın dünya çapında tanınmasında, ülvi ideyaları tərənnüm edən, dini həmrəyliyi dəstəkləyən və tolerantlıq prinsiplərini  özündə daşıyan siyasi prioritetlərinin təbliğində əlindən gələni əsirgəməyib.

Dünyada dini rəhbərlərin arasında sayılıb-seçilən olmaq və etimad qazanmaq o qədər də asan məsələ deyil. Dünyanın bu günkü tablosu isə qüssəlidir: Dini zəmində nifrət çağırışları, rənginə, etiqadına və etnik kökünə görə ayrı-seçkilik, zorakılıq, qanlı qarşıdurmalar acı gerçəkilyə çevrilib. Elə məqamlar var ki, orada siyasi çağırışlar, siyasətçi etimadı yetərli olmur. Dini dözümlülük, xalqları sülhə çağırmaq bəzən din xadiminin bir çağırışına möhtac qalır.

Bu baxımdan A.Paşazadə dünyanın dini rəhbərləri arasında səsi eşidilən bir rəhbərdir. Çıxış etdiyi bütün tribunalarda bəşər əhlini qardaşlığa, Allahın buyurduğu mərhəmətə, iblisin fitnəsinə qarşı olmağa çağıran QMİ sədri üçün bunlar sadəcə diplomatik xitab deyil, həyat tərzidir.

Şeyx dəfələrlə əməldə bunu göstərə bilib.

Qarabağ münaqişəsi zamanı QMİ sədrinin və erməni katolikosunun müqayisəli fəaliyyətində bu bir daha üzə çıxdı.

Qarabağın Azərbaycanın ayırlmaz tarixi torpaqları olduğunu əzəl gündən bəyan edən QMİ sədri Qafqazda milli zəmində qan tökməyin qarşısını almaq çağırışları erməni din xadimlərinin hiyləgər və qəddar fəaliyəti ilə üz-üzə qaldı. Üzdə sülhə dəstək verdiklərini deyən bu "Tanrı sözçüləri” öz xalqını müharibəyə sürükləməklə böyük faciəyə düçar etdilər.

Elə bu günlərdə Şeyxülislam Allahşükür Paşazadə BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşündə deyib ki, erməni kilsəsi Qarabağ müharibəsinin dini zəmində olması barədə absurd iddialarını təkrarlamağa başlayıblar. QMİ sədri bildirib ki, erməni kilsəsinin bu mövqeyi onun BMT səviyyəsində qəbul edilmiş qərarlara hörmətlə yanaşmamasının göstəricisidir.

Bu görüş ərəb ölkələrinin diqətindən kənarda qalmayıb.

İordaniyanın NBNJO media şirkətinin rəsmi saytında "Qafqaz Müsəlmanları İdarəsi sədrinin bəyanatı geniş rezonans doğurub” sərlövhəli məqaləsində Allahşükür Paşazadənin erməni katolikosu Qareginin Xankəndiyə səfəri ilə bağlı bəyanatının təkcə çoxmillətli Qafqaz regionunda deyil, bütün İslam dünyasında geniş rezonans doğurduğunu yazıb.

QMİ-nin sədri təəssüflə qeyd edib ki, münaqişənin sülh yolu ilə ədalətli həlli ilə bağlı səylər erməni kilsəsi tərəfindən əməldə dəstəklənmədi, illərlə davam edən dinlərarası dialoq dövründə sülhə nail olmaq naminə birgə bəyan etdiyimiz və hazırkı erməni dini liderlərinin də imzaladığı bəyannamələrin ruhuna zidd olaraq Erməni Apostol Kilsəsi öz xalqına nicat verəcək sülh ideyalarını təşviq etmədi, barışığa, dinc həyata, qarşılıqlı anlaşma və əməkdaşlığa sövq etmədi.

Digər bir görüşdə də mövzu aktuallığını saxlayıb. ABŞ-ın nüfuzlu "Vicdana çağırış” Fondunun prezidenti Ravvin Artur Şnayerlə videoformatda görüşən A. Paşazadə işğaldan azad olunmuş Azərbaycan torpaqlarında erməni vandalizminin acı nəticələri, dini məbədlərə – məscidlər və kilsələrə qarşı dağıntı və həqarət faktlarının miqyası barədə həmsöhbətini ətraflı məlumatlandırıb.

QMİ sədri üçün dünya ölkələrini, dini rəhbərləri münaqişənin dini zəmində olmadığına inandırmaq çox ciddi və ən xırda məqamları nəzərə almağı tələb edən bir proses olub. Bu baxımdan Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü tolerantlıq siyasəti çox böyük amildir. Azərbaycanda tarixən fəaliyyət göstərmiş səmavi dinlər daima qardaşcasına, ulu yaradanın buyurduğu mərhəmət çağırışları əsasında yaşayıblar. Ən ağır günlərdə çiyin-çiyinə vətənin müdafiəsi üçün birgə olublar, öz dualarında doğma vətənləri üçün Allahdan firavanlıq və sabitlik istəyiblər. Müstəqil Azərbaycanın son 30 ilində ölkənin üzləşdiyi böhranlı illərdə, ağır günlərdə, müharibədə bu dini həmrəylik sarsılmaz qala kimi olub.

44 günlük Vətən Müharibəsində Azərbaycanın müsəlman, xristian, yəhudi və digər icmalarının vahid mövqeyi erməni kilsəsinin "zülm və sitəm edilən əzabkeş xristian xalqı” obrazını darmadağın etdi. Səmavi dinlərin nümayəndələri Azərbaycanın öz tarixi torpaqlarını işğaldan azad edilməsini dəstəklədilər.

Belə vahid platformanın yaradılmasında QMİ-nin rolu əvəzsizdir. Şeyxülislam ilk gündən başqa ölkələrdə olduğu kimi digər dini icmaları küncə sıxışdırmaq xətti tutmadı. Bütün məclislərdə dini konfessiya rəhbərləri ilə birgə oturan, beynəlxalq tədbirlərdə birgə gedən Şeyxülislam bu əməkdaşlıq platforması ilə dünyanı təəccübləndirə bildi.

Bütün fəaliyyəti ilə Azərbaycanın dünyada imicinin möhkəmlənməsi üçün çalışan QMİ sədri dövlətimizin siyasi gündəmində öz yeri olan ictimai xadim kimi yer ala bilib. Şeyxülislam birbaşa dövlətin siyasi idarəçiliyində iştirak etməsə də dini rəhbər olaraq fərqli müstəvilərdə ardıcıl iş aparır.

Bu uğurlar isə göz önündədir: Bakıda keçirilən Dünya Dini Liderlərinin Zirvə görüşü Azərbaycanın öz hədəfləri üçün apardığı işin bir subutu oldu.

A.Paşazadənin mötəbər tribunalardan Azərbaycanın bütün dini konfessiyalarının vahid fikrini ifadə etməsi, dünyanın nufuzlu din xadimlərinin ona olan etimadı Azərbaycanın ən incə sahə sayılan mədəniyyətlərarası və dinlərarası əməkdaşlıq platformasının qurulmasında böyük effekt verir.

Bu baxımdan Şeyxülislama ara-sıra təşkil olunan böhtan kampaniyaları, kirli hucumlar səbəbsiz deyil. Azərbaycanda marağı olan böyük güclər, avanturist dairələr üçün əlində etimad limiti olan Şeyxülislam onların mənfur arzularının həyata keçməsi üçün bir sipərdir. Belə şəxs "xaricdən gələn siqnallara” idarə olunanlar üçün arzuolunmazdır. Şeyxülislama qarşı hucumların səbəbləri də bununla bağlıdır.

QMİ sədri isə öz imanı, dəmir məntiqi, tolerantlığı, vətənpərvərliyi, dövlət qarşısında məsuliyyəti ilə ölkəmizə töhfələrini verməkdədir.

Aydın Əlizadə



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az