Soyuq hava ölkəmizə hardan gəlib? – Nazirlikdən açıqlama

Soyuq hava ölkəmizə hardan gəlib? – Nazirlikdən açıqlama

Mərkəzi Rusiyadan hərəkət edən siklonun təsiri nəticəsində axşama doğru Bakıda və Abşeron yarımadasında havanın temperaturu 0 dərəcəyə yaxınlaşacaq.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, dünənlə müqayisədə bu gün Bakıda və Abşeron yarımadasında havanın temperaturu kəskin, yəni 8-10 dərəcə enib:

"Axşama doğru havanın temperaturu 0 dərəcəyə yaxınlaşacağından Bakıətrafı ərazilərdə və şəhərin nisbətən yüksək ərazilərində zəif qar örtüyü əmələ gələ bilər. Fevralın 19-dan 20-nə keçən gecə şəhərətrafı yolların buz bağlama ehtimalı var".

Gün ərzində əlverişsiz, yağıntılı hava şəraitinin davam edəcəyini deyən U.Tağıyeva qeyd edib ki, sabahdan hava şəraiti sabitləşəcək. Əksər rayonlarda, eləcə də Abşeron yarımadasında yağıntıların tədricən kəsiləcəyi gözlənilir.

Hazırda Bakıya yağan qarın paytaxt üçün ilk qar hesab edilmədiyini söyləyən departament direktoru builki qış mövsümü ərzində Bakıda və Abşeron yarımadasında bir neçə dəfə sulu qarın yağdığını nəzərə çatdırıb.

U.Tağıyeva əlavə edib ki, Mərkəzi Rusiyadan hərəkət edən siklon respublikanın əsasən şimal və şərq rayonlarına öz təsirini göstərib. Bu gecə ərzində əsasən şimal rayonlarında – Quba, Şabran, Altıağac, Xaçmaz, Qəbələ və İsmayıllıda yağıntılar qar şəklində düşüb:

"Neftçala, Salyan, Biləsuvar, Yardımlı, Astarada yağıntılı hava şəraiti müşahidə edilib. Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 5 mm təşkil edib ki, bu da aylıq normanın 23-24 faizini təşkil edir".

O deyib ki, respublikanın bir sıra rayonlarında - Ağstafa, Mingəçevir, Tovuz, Gəncə, Yevlax, Quba, Ağsu, Ağdam və Sabirabad rayonlarında külək güclənib. Küləyin maksimal sürəti saniyədə 25-28 metr olub. Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti saniyədə 20 metrə çatıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az