Sürüşmələrlə bağlı son vəziyyət – “Ərazinin böyük hissəsi uçub…”

Sürüşmələrlə bağlı son vəziyyət – “Ərazinin böyük hissəsi uçub…”
"Əsas məsələ sürüşmənin dərinlik müstəvisini tapmaqdır”.

"Qafqazinfo” xəbər verir ki, bu sözləri Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. O bildirib ki, minlərlə kubmetr sürüşmə davam edir:
"Biz bunun qarşısını almaq üçün iş görürük. İlk növbədə bu ərazinin elmi cəhətdən tədqiqat işlərini aparıb bunun dərdini öyrənmək lazımdı. Dron çəkilişləri də aparılır, kompleks tədbirlər görülür. Burada hələ sürüşmə prosesi davam edir. Teleqüllə ətrafında olan sürüşmədən sonra iki sürüşməyə meyilli zona tapılıb, nə vaxtsa sürüşəcək. Amma orada 4 ay analiz aparmışdıq”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Əziz Qaralov qeyd edib ki, Qaraçuxur-Zığ sahəsində tektonik qırılma var:
"Zığda vəziyyətini dəyişən evlər müşahidə olunub. Zığ şossesində çökmə tipli sürüşmə baş verib dünən. Ərazinin böyük hissəsi uçub, istinad divarı çatlayıb, dəmir konstruksiyalar dağılıb. Orada həm də piyada səkisi üzərində deformasiyalar görünür. Bu da o deməkdir ki, qabarma var, təzyiq davam edir”.
O qeyd edib ki, bugünkü müşahidələrinə görə Badamdar qəsəbəsində sürüşmənin qaş hissəsində çatlar böyüyüb:
"Yaşayış evlərinin hasarları istiqamətində yaxınlaşma qeydə alınıb. Eyni zamanda, sürüşmənin qərb hissəsində çatlarda gözlə görünəcək artım var. Sürüşmə kütləsi üzərində gərginlik davam edir.
Ölkə ərazisində digər yerlərdə, məsələn Zığ sürüşmə sahəsi, Masazır-Zəli gölü sürüşmə sahəsi, Hökməlidə Nübar qəsəbəsində aktivlik müşahidə olunur.
Şamaxı rayonunun Muğanlı kəndində, Muğanlı – İsmayıllı yolunda, Mədrəsədə, Bakı-Şamaxı yolunun 106-ci kilometrliyində, Bakı-Ağsu yolunun 132-ci kilometrliyində gərginlik var, müəyyən yerlərdə uçqun tipli sürüşmə prosesi gedir. İsmayıllı rayonun Lahıc inzibati ərazisinə daxil olan Qoydan qəsəbəsində iki ay əvvəl sürüşmə olub, hazırda aktivdir, yaşayış evlərinin divarlarına çatıb.
Cənub bölgəsində Astara, Lerik, Yardımlı rayonu ərazilərində, Lənkəran – Lerik yolunda bir neçə yerdə uçqun tipli sürüşmə prosesi baş verib.
Bayılın Buxta ərazisində gərginlik qalır, sürüşmə prosesi davam edir”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az