Tanınmış tarixçi alim Sərdar Cəlaloğlunu müdafiə etdi: "Rusbaşlılar..."

Tanınmış tarixçi alim Sərdar Cəlaloğlunu müdafiə etdi:

Dilavər Əzimli
Tarixçi alim
Bütöv Azərbaycan Ocaqlarının başkanının ideologiya üzrə müavini
 
"Əgər Sərdar bəy desəydi ki, "Gəlin, Rusiya ilə ittifaqa gedək”, onda onlar onu tərifləyəcək və sevinəcəkdilər."

Son günlər Sərdar Cəlaloğluna qarşı başlanan kampaniyanı diqqətlə izlədim və nəhayət, münasibət bildirməyi qərara aldım. Çünki onu artıq dövlətə xəyanətdə də ittiham edənlər vardır. Bu cür iddialarla çıxış edənlərə bir sual vermək istərdim: Azərbaycanın müstəqilliyi məsələsində Sərdar Cəlaloğlu qədər əziyyət çəkmisinizmi? Sərdar Cəlaloğlunun ailəsindən və nəslindən neçə-neçə şəhid vardır. Sizlərin nəslində neçə şəhid vardır? 

Yaxud, onu savadsızlıqda ittiham edənlər, onunla debata çıxa bilərsinizmi? Bu insan Azərbaycanda ən çox mütaliə edən insanlardan biridir. Bu adamın ixtiraları az qala Nobel mükafatını qazanacaqdı, amma yaxşı müdafiəçisi olmadı. Onunla dəfələrlə söhbətlər etmişəm. Zəkasına, ağlına heyran qalmışam. Elmin bütün sahələrində güclü mütaliəsi vardır. Bəs Sərdar Cəlaloğlunu nədə ittiham edirlər? Türkiyə ilə Azərbaycanın konfederasiyada birləşməsi məsələsini müdafiə etdiyinə görə....Bu məsələni mən də hərdənbir gündəmə gətirirəm. Həm də istinad etmişəm ki, bunu Əbülfəz Elçibəy gündəmə gətirmişdi. Həm də Kələkidən qayıdandan sonra...Mənim də üstümə hücum etdilər və bəziləri xəyanətdə suçladı. Bunlar üç qismə bölünürdülər: 

1.Ciddi mütaliədən xəbərsiz milli düşərgənin adamları; 
2.Rusiyapərəst və İranpərəst qüvvələr; 
3.Separatist meyilli qüvvələr.

Maraqlıdır ki, əqidəsinə və qələminə hörmət etdiyim Vaqif bəy də bu məsələyə şübhə ilə yanaşdı və hamıya müraciət etdi ki, Ə.Elçibəyin bunu nə zaman deməsini aydınlaşdırın. Ona səs verənlər də mənə qarşı hücuma keçib ağıllarına gələni yazdılar. Hörmətli Vaqif bəy, mən çox təəssüf edirəm ki, Ə.Elçibəyin silahdaşları belə onun əsərlərini dərindən oxumayıblar. Onun yaradıcılığı aşağıdakı dövrlərə bölünür: 
 
1.Müstəqilliyə qədərki dövr; 
2.Müstəqillik dövrü;
3.Kələki dövrü;
4.Kələkidən sonrakı dövr. 

Kələkidən sonrakı dövr fəaliyyəti daha çox Bütöv Azərbaycan Birliyi (BAB) ilə bağlıdır. Bu dövr Böyük bəyin siyasi fəaliyyətini diqqətlə izləmək lazımdır. Bu dövr Böyük Bəy Türkiyə ilə bağlı, Turanla bağlı münasibətlərini açıqlamışdır. Təbii ki, Turanın yaranması da məhz Azərbaycan-Türkiyə birliyindən keçirdi. Böyük Bəy də BAB yığıncaqlarının birində konfederasiya üzərində dayanmışdı. Çoxları konfederasiyanı federasiya kimi qəbul edirlər. Əslində, Böyük Bəy həm də praktik idi. Gəlin bunu bir qədər də açıqlayaq. Bu gün İranda 40 milyona yaxın azərbaycanlı yaşayır. Bizim onlara təsir imkanımız çox aşağı səviyyədədir. Amma Türkiyənin çox böyük təsir imkanları vardır. Bu gün Türkiyə televiziyalarını bütün İranda izləyirlər. Urmiyada hamı Türkiyə türkcəsində danışır. İsfahanda, Tehranda, Qumda hamı Anadolu türkcəsini öyrənir. Bu da Türkiyədən yayımlanan filmlərə baxmaq istəyi ilə bağlıdır. 

Bundan əlavə İrandan çoxlu sayda iş adamları Türkiyədə, Türkiyədən olan iş adamları İranda çalışırlar. Türkiyədən olan iş adamlarına da bələdsiniz. Bizim iş adamlardan fərqli olaraq onlar hər yerdə doğma türkcələrində danışırlar. Bu böyüklüklə bağlıdır. Bizim, yaxud Azərbaycanın Güneyində olan iş adamları isə ya rusca, ya ingiliscə, ya da ki, farsca danışırlar. Bu da aşağılıq kompleksi ilə bağlıdır. Bakıda elə ailələr var ki, türkcəyə hələ də ikrahla baxır və ruscaya üstünlük verirlər. Eləcə də İranda elə azərbaycanlı ailələr var ki, türkcə danışmağı özlərinə sığışdırmırlar. Bu gün Türkiyədə Azərbaycanın Güneyindən olan 14 mindən çox tələbə təhsil alır. Siz deyə bilərsinizmi ki, bizdə Azərbaycanın Güneyindən nə qədər insan təhsil alır? Tez-tez qardaş Türkiyədə elmi simpoziumlarda oluram. On il bundan qabaq Türkiyənin elmi ictimaiyyəti orada nə qədər azərbaycanlı yaşaması barədə məlumatsız idi. Amma indi hamısı xəbərdardır. Bütün bunlar adi məsələ deyildir. Bu Türkiyənin nəinki Turan Dünyasının yaranmasında, eyni zamanda Azərbaycanın bütövləşməsində rolunu artırır. Bir də unutmayın ki, Türkiyə dünənki Türkiyə deyildir. Türkiyə artıq regional gücə çevrilməkdədir. Türkiyə Qarabağ məsələsini özünün problemi sayır. Türkiyə bütün Qafqaza iddialıdır. Hamı bilməlidir ki, sülh yolu ilə Qarabağ məsələsi həllini tapa bilməz. Biz iə kiçik dövlətik. Ətrafımız hamısı düşməndir. Bircə ümidimiz Türkiyədir. Qarabağ məsələsinin həlli Türkiyənin güclənməsindən və regional gücə çevrilməsindən keçir. Biz torpaqlarmız uğrunda müqəddəs savaşa hazır olmalıyıq. Bunu yalnız Türkiyənin hərbi-siaysi yardımı ilə edə bilərik. Bu həm də Azərbaycanın bütövləşməsinə aparacaqdır. 

Təsəvvür edin ki, Azərbaycan-Türkiyə adlı bir ittifaq yaranır. Bakı iqtisadi-siyasi mərkəzə çevrilir. Əslində, Təbriz olmalıydı, amma buna imkan yoxdur. Vahid pul, vahid iqtisadiyyat və vahid hərbi, vahid idarəçilik....Bunun ardınca Mərkəzi Asiya dövlətləri də buna qoşulur. Bu cür münasibət İranda milli oyanışı daha da artırır və İranda Azərbaycanın Güneyi gedən siyasi proseslərə uyğun istiqlal əldə edir. Bunun ardınca da Azərbaycan ərazilərinin bütövləşməsi baş verir. Biz öz hesabımıza bu bütövləşməni həyata keçirə bilmərik. Amma arxamızda güclü Türkiyə olarsa, edəcəyik. Son illər Türkiyədə etdiyim söhbətlər ona imkan verir deyəm ki, orada da bu planın tərəfdarları həddən artıq çoxdur. Bax, Sərdar bəy də bunu istəyir. Budurmu xəyanət? Əgər buna xəyanət deyirsinizsə, biz qəbul edirik!!! Sərdar bəyə hücum edənlər içərisində rusbaşlılar daha çoxdur. Onları qorxuya salan burada Türkiyəyə qarşı sevginin hər gün artması, Rüsiyanın nüfuzunun günü-gündən aşağı enməsidir. Əgər Sərdar bəy desəydi ki, "Gəlin, Rusiya ilə ittifaqa gedək”, onda onlar onu tərifləyəcək və sevinəcəkdilər. Bəli, biz Türkiyə ilə konfederasiyanın tərəfdarıyıq! Çünki bunu tarixi reallıq ortaya qoyur. Tarix həm də nəticədir. Nəticəni hesablamayan millətlər faciə ilə üzləşir!

P.S.İstəsəniz də, istəməzsiniz də Turan Birliyi yaranır! İmzalanan iqtisadi layihələr və Azərbaycanın mərkəzə çevrilməsi buna sübutdur. Bütün Turan Dünyası vahid iqtisadi məkanda birləşmişdir. Əbülfəz Elçibəy də bunu deyirdi. Bunun ardınca da siyasi birlik gəlir. Bu da Azərbaycanla-Türkiyənin bir konfederativ ittifaqda birləşməsindən keçir!

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az