TƏHLÜKƏ: Polkovnikdən HƏYƏCANLI açıqlama- "Nazir və xidmət üzrə yetkililər DƏRHAL məsuliyyətinə cəlb edilməlidirlər

TƏHLÜKƏ: Polkovnikdən HƏYƏCANLI açıqlama-
 
Üzeyir Cəfərov, 
ehtiyatda olan polkovnik-leytenant,
hərbi ekspert

Əziz dostlar! Hörmətli həmkarlar!

İyulun 2-dən 3-nə keçən gecə Azərbaycanın bütün ərazisində baş vermiş enerji kəsintisi hadisəsi ilə əlaqədar səhər saatlarında ölkə rəsmilərinin açıqlamalarına baxıram və doğrusu onların bu qədər sanki heç nə olmamış kimi davranmaları məni hiddətləndirir. Mən başa düşürəm ki, heç bir ölkə, heç bir şəhər hansısa fors-major hadisədən sığortalanmayıb. Amma, baxanda ki, baş verən hadisədən əvvəl də oxşar və analoji birisi o vaxt baş vermişdi və üstündən sadəcə 16 il keçib deyə, indi çoxları ya bilərəkdən, ya da bilməyərəkdən bu haqda sadəcə susurlar, hesab etdim ki, həyacan təbilinin tam vaxtıdır. Daha susmaq olmaz və bu gələcəkdə daha ağır və ciddi faciələrə gətirib çıxaracaq. 

Baş vermiş hadisədə mən tam məsuliyyətimlə Azərbaycan hökumətində təmsil olunan bir neçə məsul vəzifəli şəxsi BİRBAŞA İTTİHAM edirəm. Bəli, bəli, düz oxudunuz və düz eşitdiniz. Məhz özündən xeyli razı, cəzasız qalacağına əmin olan bəzi məmurların səhlənkarlığı nəticəsində Azərbaycan adlı məmləkətin taleyi yenə çox ciddi TƏHLÜKƏ və sual altına düşdü. Durub mənə "panikaya və narahatçılığa" əsas yoxdur" kimi uşaq başı aldadan nağıllar danışmaq lazım deyil. Birbaşa vəzifə borclarınızı həm özünüz, həm də sizə tabeçilikləri olmasa da, amma ölkənin fors-major hadisələri zamanı idarəçiliyinə cavabdehlik daşıyan strateji qurumların yetkililəri də yerinə yetirsələr, bu mənə və ölkəmin milyonlarla vətəndaşına bəs edər. Görün nə qədər naşı və nə qədər, üzr istəyirəm ifadəmə görə, məsuliyyətsiz olasan ki, baş verənləri də təbiətin üstünə atasan. "Çox isti olub, insanlar enerjidən həddən çox istifadə ediblər, ona ona bu vəziyyət baş verib" kimi qeyri-ciddi açıqlamalar sadəcə özlərini məsuliyyətdən yayındırmaq üçün deyilən boğazdan yuxarı ifadələrdir. Nə deyirsiniz deyin, baş verənlər və indi oxuduqlarımız sadəcə mənim üçün utancverici mənzərədir. Əhalisi vur-tut 10 milyona yaxınlaşan bir ÖLKƏNİ əgər siz bu cür primitiv və bivec idarə edirsinizsə, hörmətli müvafiq təssarrüfat başçıları, yazıqlar olsun sizə! Siz belə nağıllar uydurarkən, heç olmasa yan-yörəmizdə olan ölkələri demirəm, Azərbaycandan da kəskin isti iqlimi və şəraiti olan məmləkətləri düşündünüzmü? Və kişi kimi deyin, xəcalət çəkib, utandınızmı? Ayıbdır, vallah ayıbdır! Bütün dünyaya biz cəng edirik, dünyanı Tanrı tərəfindən bəxş edilən yeraltı və yerüstü sərvətlərimizlə, gücü iqtisadi və hərbi gücümüzlə təəccübləndiririk, burada isə ən ELEMENTAR və ƏN SADƏ sahələrdə büdrəyirik. Axı belə olmamalıdır, əziz dostlar!

Düz 16 il əvvəl belə oxşar hadisə baş verəndən sonra, həm o vaxtkı hökumətdə təmsil olunan, həm də indiki yetkililərdən kimsə ağılla-başla üzərinə düşən vəzifələri azca da olsa vicdanla, ağılla-başla yerinə yetirsəydi, bu cür ölkəmin və xalqımın adına utanc gətirən vəziyyət yaşanmazdı. 

Bu gün üçün, bu saatlar üçün hesab edirəm ki, cənab prezidentin ciddi nəzarəti altında, vaxtında lazımı tədbirlər görmədiklərinə görə, kimliyindən və hansısa xidmətlərindən, kim olmağından asılı olmayaraq BÜTÜN cavabdeh nazir və xidmət üzrə yetkililər DƏRHAL VƏZİFƏLƏRİNDƏN təkcə çıxarılmaqla deyil, yol verdikləri ciddi səhlənkarlıq və məsuliyyətsizliklərə görə CİNAYƏT məsuliyyətinə cəlb edilməlidirlər. Söhbət sadəcə hansısa xırda enerji kəsintisindən getmir. Dünən, faktiki olaraq Azərbaycan adlı ölkənin təhlükəsizliyi və müdafiəsi bir müddət ən ciddi şəkildə risk altına atılmış oldu. Bu isə ağır nəticələrə səbəb ola bilən bir hadisə sayılmaqla adekvat məsuliyyət yaratmalıdır. Baş verənlər nə qədər gözlənilməz və qəfil olsa da ƏSLA yolverilməzdir. Yazdıqlarımı sadəcə soyuq başla oxuyun və sonra isə, məni ya söyün, ya da döyün. Mən hələ çox yumşaq formada və cüzi bir hissəyə toxunmuşam. Vaxtınız olanda baş verənləri bir balaca incələsəniz, elə bir mənzərə gözünüz önünə çıxar ki, bizi yaradana sadəcə min dəfə şükür edəcəksiniz. 

Tanrı Azərbaycanımızı növbəti dəfə qorudu.

Arzu edək ki, bundan sonra daha belə kobud, bağışlanılmaz səhvlər təkrarlanmayacaq və ölkəmiz, xalqımız etibarlı, güvənli şəkildə yaşamını davam etdirəcəkdir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az