Tətikçi barmağını qəlpə aparan Qazi şikayətçidir: "Bədənimdə 12 mm-lik qəlpə var"

Tətikçi barmağını qəlpə aparan Qazi şikayətçidir:

Muxtarzadə Ədalət Şahin oğlu. 1995-ci ildə Astara rayonunda anadan olub. N saylı hərbi hissədə 4 ildi kiçik gizir kimi xidmət edir.

Sentyabrin 30-da Füzulidə Şükürbəyli kəndində yaralanıb.

Düşmənin minamyotdan atdığı mərmilərdən Muxtarzadə Ədalətin sağ əlinin ikinci barmağı, (tətik barmağı) qopub, bir qəlpə sifətinin sağ tərəfindən, iki qəlpə sol tərəfdə kürəyindən dəyib. Digər qəlpə sol tərəfdə ürəyinin üstündən dəyib. Hal-hazırda bədənində olan qəlpələrdən birinin ölçüsü 12 mm-likdi. 

Miq.Az-ın əməkdaşı ilə söhbətində qazi gizir deyir ki, o, xidmətə yararsız olduğunu bildiyi halda onu tərxis etmirlər:

"Mənim əsas barmağım- tətikçi barmağın yerindən qopub. Silahın tətiyini necə çəkə bilərəm? Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında mənə dedilər ki, zabit və gizirlərə bu vəziyyətdə ordudan tərxis olunmaqla bağlı qanun yoxdur. Amma başa düşmürəm, tutaq ki, mənə sıradan kənar xidmət etmə haqda qərar qəbul etdilər, jurnal yazmağa hansı barmaqla yazacam?"

Kiçik gizir Muxtarzadə Ədalət deyir ki, hal-hazırda xidmətdə olduğu N saylı hərbi hissə  Şuşa şəhəri yaxınlığındadır:

"Coğrafi iqlimi ağır və sərt soyuq hava şəraiti olan yerdə xidmət aparmağım mümkünsüzdür. Soyuq olanda yaralarım sızıldayır. Yaralanandan sonra Füzuli, Şirvan, Şəmkir xəstəxanalarında müalicə olunmuşam. Hal-hazırda bədənimdə 12 mm-lik qəlpə var. Mənə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında bildirdilər ki, sənə bu yaralarla bağlı xəstəlik qrupu düşmür. İndi mən nə etməliyəm?"

Hospitalda hərbi komisiya üzvlərinə şifahi şəkildə müraciət etsəm də, müraciətim nəticəsiz qalıb:

"Mənə komissiya üzvlərindən biri dedi ki, tərxis heç halda mümkün deyil. Hələ bir minnət də qoyurlar ki, sizə hörmət olunur. Amma hansı hörmətdən getdiyini vallah bilmirəm. Yaralanan mən, barmağını və sağlamlığını itirən mən, əsassız yerə minnət qoyan isə bunlar. Hansı hörmətdən danışırsız, bu vəziyyətdə heç bir xəstəlik qrupuna şamil etmirsiz, tərxis etmirsiniz, qrup vermirsiniz. Hansı qanunlarda yazılıb bu?"-deyə qazi gizir Muxtarzadə Ədalət bizə şikayətində bildirir.

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalı bu addımı hansı qanunlara istinad etməsi maraqlıdır. Belə şikayətlərin sayı çoxalır.  Hər halda ruh düşkünlüyü yaradan "həmin qanun müəllifi"nin kimliyi araşdırılmalı və ona yenidən baxılmalıdır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az