Turac Hilal- 40

Turac Hilal- 40

Turac Hilal

*
Kiri, Tanrının gözündən
taleyinə düşən adam.
Öz içinə yıxılarsan,
dərdinə ilişən adam.

Yaramadın alovuna
quş dimdiyində su qədər.
Burax dünyanın ətəyin,
inadkar olma bu qədər.

Sən hələ saydığını say
gör,  bir Fələk nə sanayar.
Sinəsində dağ gəzənin
ayaq izləri qanayar.

Kiri, bu bəxtə ,qismətə
qoyulası ad tapmazsan.
Dəryalardan bir damla su,
cəhənnəmdən od tapmazsan.

Ovucların qan qoxuyur...
Öz əlində qalan adam.
Bir Allah bəndəsi yoxmu
səni səndən ala, adam.


Deyəsən ki...

Bir diz ola   baş qoyub darıxasan,
Bir əl ola yaran üstə sıxasan,
Bir yol ola Tanrıyacan  çıxasan,
Deyəsən ki, di at məni göyündən.

Dərd dirənə sümüyünə, güləsən,
Min il yanıb, dönməyəsən  külə sən.
Cəhənnəmdən betər nə var biləsən,
Deyəsən ki, di göndər betərindən.

Ruhun candan, canın bezə əlindən,
Küfr edəsən şeytan qaça  şərindən.
Çıxarasan dünyanı məhvərindən,
Deyəsən ki, di qov məni evindən.

Bir diz ola   baş qoyub darıxasan,
Bir əl ola yaran üstə sıxasan,
Bir yol ola Tanrıyacan  çıxasan,
Deyəsən ki, di at məni göyündən.


Qadınam.

Mən öz şeirlərimə, 
Səpələnən qadınam.
Fırtınalar qoynunda, 
Ləpələnən qadınam.

Dodağının çatından,
Həzz alan dəli də mən.
Cəhənnəmində yanan
Yeganə ölü də mən.

Səninçün sərhədləri 
Sökdürə də bilərəm.
Səni dizlərin üstə 
Çökdürə də bilərəm.

Səndən sonra doğuldum, 
Səndən öncə ölərəm.
Bütün olmazları "Ol!"-
Edib, yenə gələrəm.

Mən öz ümidlərimi,
Boğan qatil qadınam.
Günahının qoynundan,
Çıxan  batil qadınam.

Sussam, səsim Tanrının,
Qulaqlarına çatar.
Səni yerinə çəkər,
Məni göyündən atar!

Mən şeytanı aldadıb,
İblisi ram edərəm.
Ya səndən eşq düzəldib,
Ya da adam edərəm.


Nəfəsimi boynunu ətrinə qurban kəsim...

Bu nağıl bitən deyil,
Hələ neçə bölüm var.
Gəl, gözlərindən öpüm,
Ayrılıq var, ölüm var.

Ruhum göyə sovrulur,
Cismimi torpaq udur.
Bağrına bas bir anlıq...
İlahi, cənnət budur?!

Nəfəsimi boynunun,
Ətrinə qurban kəsim.
Necə dua edim ki,
Yetsin Tanrıya səsim?

Bilirsən  necə sönür,
Çiyərindən yananlar?
Bilirsən  necə olur,
Ölümdən yarananlar?

Hər gecə, milyon dəfə
Cəhənnəmdən keçərsən.
Didib yaralarını,
Öz qanını içərsən.

Darıxan əllərindən,
Yanıq qoxusu gələr.
Sürünər ürəyində
Dərdin ilantək mələr.

Payızda yarpaqlarla, 
Saçlarını tökərsən.
Baharda yollarına,
Gözlərini əkərsən.

Bilsən nədir yox olmaq,
Yaranmaqçun ölərdin.
Bilsən...hardan biləsən,
Mən olsaydın bilərdin...


Bilirsən!

Sənsiz yadların şəhəri,
Qəfil ölüm xəbəriyəm.
Sənsiz korların səhəri,
Ölüsüylə yatanın 
Gecəsiyəm, bilirsən?

Qırıb körpə qanadımı,
Kimdə unutdun adımı?
Həsrətə küçə qadını,
Atılmış körpələrin 
Küçəsiyəm, bilirsən?

Ölümə can atıram
Az qalıb, bax, çatıram.
Günü -günə satıram
İlin, ayın, həftənin
Neçəsiyəm, bilirsən?

Sənə susayıb içim
Ver, günahından içim
Bizə qovuşmaq üçün,
Hələ Qıl körpüsündən
Keçəsiyəm, bilirsən!


Yadındamı

Yadındamı,  saçlarımı darayıb,
Gözləyərdim küçəmizdən keçəsən.
Səni hammı sevib, əzizləyərdi
Məndən heç kim soruşmazdı,  -necəsən?

Yadındamı, sizdə ocaq yananda,
Kor olardı xəyallarım tüstümə.
Nənən sənə  nağıllar danışanda,
Ay batardı, gün doğardı üstümə.

Yadındamı, bir gün bizim itimiz
tutdu səni, məhəlləyə qal düsdü
Anan  "İtlər,  it saxlamaz!"  -dedi ha...
Bax, o gündən ürəyimə xal düşdü.

Arzularım sərçə balası idi
Anan qırdı qanadını, it yedi.
Mən o gündən daramadım saçımı,
Kim gördüsə,  bu qız  dəlidir dedi.


P.S: Vurğulayaq ki, bu gün Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Turac Hilalın 40 yaşı tamam olur.
Turac Hilal 1979-cu ilin bu günü İsmayıllı rayonunun Qurbanəfəndi kəndində anadan olub. Bir müddətdir ki, dövrü mətbuatda şeirləri ilə çıxış edir. "Nazlı çiçək kimiyəm" və "Mən ki, səndən doymadım..." kitablarının müəllifi, 2018-ci ildən AYB-nin üzvüdür.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az