Tural Turandan yeni teoloji baxış: Möhtəşəmliyin çöküşü

Tural Turandan yeni teoloji baxış: Möhtəşəmliyin çöküşü
Möhtəşəmliyin çöküşü 

(esse) 

Bütün insanlar bir öncəki həyatlarında tanrı idilər. Sonra bir olan Yaradan onların arasında nifaq salaraq qalib gəldi. Qansız savaşdan uduzaraq çıxmış insanların yaşamaları üçün yeganə çıxış yolları qalmışdı. Yenildiklərinə görə ona tapınmağa başladılar. Beləliklə tanrıların insan erası başladı. Bu möhtəşəmliyin çöküşü idi. 

İnsanın gözə görünməyən birinə köləliyi Alpla - Adəmlə başladı. Bu həm də insanın başqaları önündə saxladığı əyilməzlik ritualının, toteminin yeganə çıxış yolu idi. Yəni, bir olan Yaradana inanmaqla insan başqalarının- gözə görürən digər varlıqların qarşısında qul olmaq təhlükəsindən qurtuldu. Bu mistik mənada Yaradanın insana lütfü, yuxu konteksində isə tanrının (insanın) yarımmüstəqilliyini qoruyub saxlaması anlamına gəlir. 

Bu o deməkdir ki, insan gözəgörünən bir çox cansızları yaratmaq gücünü özündə saxlayırdı. Sonrakı yüzilliklərdə Yaradan-tanrı müharibələri səngiyəcək, barışın (sülhün) gətirdiyi imkanlardan yararlanmağa çalışan insan canlı orqanizmləri də yaratmağa cəhd göstərəcəkdi. Artıq biz axırıncı cümlədə bəhs olunan çağa varıb çatmışıq. 

Heç şübhəsiz ki, bu vaxta qədər doğulmuş və doğulacaq adamlar insanoğlunun Alpdan (Adəmdən) bu yanakı uğurların hər birində birbəbir iştirakçıdır. Söhbət ruhların külliyatından (iştirakından) gedir. Bunun isbatı çox sadədir; əgər ruhlar insanın keçdiyi sivilizasiya dolaylarında birbaşa iştirakçı olmasaydılar fiziki olaraq xələflər (yeni nəsillər) sələflərin (əskilərin) yarım saxladıqları işləri davam etdirə bilməzdilər...

Bütün bunlar möhtəmliyin çöküşünün hələ uzun müddət davam edəcəyinə işarədir. Yəni, tanrılar sonsuza qədər insana tabe olmaq istəməyəcəklər... Mütləq tabeçilik ancaq bir halda mümkündür; Yaradan öz metafizik pərdəsindən çıxsın və tanrılar - insanlar üzərində öz mütləqiyyətliyini elan etsin. Daxili müstəqilliklərini də əlindən alsın. 

Bu isə ali şüur, hətta adi refleks yaddaşının da silinməsi, çöküşü deməkdir. Möhtəşəmliyin çöküşü də məhz insan yaddaşının məchul silinişi ilə başa çatacaqdır. 

Tural Turan 

27 bürkü (iyul) 2019-cu il 
Bakı


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az