Türkiyə ilə İran arasında böhran dərinləşir: Məsələ arbitraj məhkəməsində...

Türkiyə ilə İran arasında böhran dərinləşir: Məsələ arbitraj məhkəməsində...

İranın Türkiyəyə verdiyi təbii qazı yanvarın 20-dən etibarən 10 gün müddətinə kəsdikdən sonra Türkiyənin BOTAŞ (Boru Xətləri ilə Yanacaq Daşıma) şirkəti bölgəyə nümayəndə heyətini göndərib.

Teleqraf.com xəbər verir ki, nümayəndə heyəti ilkin yoxlamada texniki nasazlıq aşkar etməsə də, ölkədəki sərt qış şəraiti səbəbindən Türkiyəyə qaz axınının dayandırıldığını müəyyən edib.

Məlumata görə, müqavilələrə əsasən, İran Türkiyəyə gündəlik 28 milyon kubmetr təbii qaz göndərməli idi, lakin hazırda gündəlik cəmi 1-2 milyon kubmetr təbii qaz nəql edir. İran üzərinə götürdüyü öhdəliklərə əməl etdiyini göstərmək üçün az miqdarda da olsa qaz tədarükünü davam etdirir. Bu vəziyyət İran tərəfindən sui-istifadəyə çevrilərsə, Türkiyənin məsələni beynəlxalq arbitraja çıxaracağı gözlənilir.

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz bildirib ki, İranın müqavilə üzrə qaz təzyiqi şərtlərini yerinə yetirə bilmir: "Avropa ilə eyni mənbələrdən qidalanırıq. Bənzər problemlər var idi və tədarük qıtlığı səbəbindən qiymətlərdə ciddi artımlar oldu. Vətəndaşların qaranlıqda, soyuqda qalmaması üçün bütün müqavilələri yenilədik. İran istisna olmaqla, digər giriş məntəqələri tam işlək vəziyyətdədir”.

Nazir qeyd edib ki, İran kəmərlərdə sızıntı olduğu barədə məlumat verib: "Bizim yanaşmamız qış bitdikdən sonra təmirə başlamaq idi. Onlar bu riski ala bilməyəcəklərini söylədilər. Prosesdən ən az zərərlə çıxmağa çalışırıq”.

Türkiyənin Sənaye və Texnologiya Naziri Mustafa Varank isə qeyd edib ki, İran kimi böyük bir təchizatçının birdən-birə təbii qazı kəsməsi problemlər yaradır: "Bunların öhdəsindən birlikdə gəlməyə çalışacağıq. Nazirlik olaraq sektorların problemləri ilə bağlı hər zaman diqqətliyik və bu prosesdə ayıq-sayıq olmuşuq”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az