Unudulmaz sevgi ünvanı və...

Unudulmaz sevgi ünvanı və...
Aydın Caniyev

İsmayıl Ömərovun ötən ad gününə

Tez-tez xatırlayıram desəm düz olmaz. Tez-tez cəmiyyət və kultbomond mənə xatırladır dünyanın üç məğlubedilməz sərkərdəsindən biri olan Çingiz xanın ölüm ərəfəsində dediyini! Fateh üzü qüruba olanda demişdi: "Xalqımın nümayəndələri ən qiymətli atları minəcək, ən dadlı ətləri yeyəcək, al yanaqlı, ağ buxaqlı ən gözəl xanımların pəmbə dodaqlarını öpəcək, amma bunu kimə minnətdar olduqlarını unudacaq".
Bu gün... ən qarışıq dönəmlərdə kəmfürsətlik edib, separatçılıqlarıyla şərt diqtə edən, bütün fəaliyyəti və xidmətləri ilə bu dövlətə qarşı çıxan psevdopatriotlara münasibətdə ən sərt mövqe tutan, onlarla açıq-açığına mənsub olduğu komandanın ən sadiq üzvü kimi sonacan vuruşan və yenə də... işsiz dönəmində həmin siyasi kursa sadiq qalan İsmayıl Ömərovun ad günüydü.
İsmayıl Ömərov vəzifədə olan çox az adamlardan və jurnalistika təmsilçilərindəndir ki, vəzifəni hörmətə, jurnalist sözünü, zəngini mintənəyə mindirib, nə işçisini özünə qul edib, nə də ətrafındakı kimsəni kiminsə ayağına verib. Heç özü də vəzifə qulu olmadı - indi bu sözləri Onun haqqında rahat deyə bilirik. Bax, ən azından buna görə ad günündə aramağa dəyər.
Və İsmayıl Ömərov "çoxları üçün..." demək azlıq edəcək deyə həm də çox rahat sadalamaq olar ki, mətbu və telecameə nümayəndələrindən ən azı yüzləri üçün "ən qiymətli "at"ları minməyə, ən dadlı ətləri yeməyə, al yanaqlı, ağ buxaqlı ən gözəl xanımların pəmbə dodaqlarını öpməyə" səbəb olmuş media sərkərdəsidir!

Və... təəssüf ki, Çingiz xana minnətdarlığı unudanlar dünyasının İsmayıl Ömərovu da "unutmaq damarı" yox deyil!
Və... İsmayıl Ömərov mənim nəzərimdə həm də ona görə böyükdü ki, heç vaxt giley etmir, heç nəyi dərd eləmir! Bu dəqiqə zəng vurub təbrik etsəniz də, qəflətən rastlaşıb çıxılmazlıqdan üzrxahlıq etsəniz də, hətta görməzlikdən gəlsəniz də, bu, İsmayıl müəllimi ilgiləndirməz! Təmənnasız insanların əndişəsi olmur!
Amma mənim bu konuda öz qənaətlərim var: biz minnətdarlıq etməli olduqlarımızı "unutmaqla" onlara pislik etmirik, onları incitmiş olmuruq, sadəcə, yaxşı olmaq istəyənləri fikrindən daşındırırıq. Və unutduğumuz bir şeylər var: biz peyğəmbər övladı deyilik, bizi peyğəmbər qızı dünyaya gətirməyib, hamısı həzrəti-Əli deyil, nəfsinə sahib olub, hətta pisə də yaxşılıq etməkdən usanmasın!
Biz "Süleymana qalmayan dünya" məsəlinə sığınanlarıq, bundan təsəli tapanlarıq!
Və... həzrəti-Əlinin həyatından bir misal həmişə nankorlar üçün dilimin əzbəridir: atıyla gedən həzrəti-Əli yol kənarında birinin zarıdığını görür, düşür onu atın belinə qoyur ki, bir çarə etsin. Ancaq... "məriz" həmən atı səyirdir. Həzrtəi-Əli şaqqanaq çəkib gülür. "Məriz" bu gülüşə atı məhmizləyir, geri çönüb soruşur: "nəyə gülürsən, ya Əli?"
Həzrəti-Əlinin cavabı:
- Mən kimdən hansı atı istəsəm, sidq-ürəklə atını mənə hədiyyə edər, mən atsız qalan deyiləm, amma sən yolda həqiqətən də məriz düşüb qalmış insanları mərhəmətdən məhrum etdin!
Və... anlamaq mənə həmişə çətin olub: insanlar dönüklük və unutqanlıq etməklə öz yaşamlarını mərhəmətdən, dəstəkdən, dəyərləndirmədən niyə məhrum etməyi xarakterik hala çevirirlər? Axı...
Hə, düşündüyüm bir şey də var İsmayıl müəllimin ad günündə: səhər tezdən özləri, axşam gecdən qohumları İTV-ni və İsmayıl Ömərovu hədəf alanları indi doğrudanmı İTV qane edir? Dəvənin beli düzəlib? Ya... Ayran içib ara açmaqdan vaz keçirəm, amma deyim və bitirim qınağımı: quru yurdda İTV-ni yaradıb, Azərbaycanı beynəlxalq efirdə ortaya ilk üçlüyün hər pilləsində qalibliyə yetirib sonda nizamnamə ilə seçim və səlahiyyət müddətini bitirən İsmayıl Ömərov hər şeyi bizim üçün qoyub getdi.
Və... bu gün məlum olan budur ki, biz İTV uğrunda vuruşmuruqmuş, İsmayıl Ömərovla döyüşürükmüş. Hərdən fikirləşirəm və qınamıram da: İsmayıl Ömərov İTV-nin şəriksiz sahibiydi, indikindən fərqli olaraq. Amma və lakin... 
İstənilən halda bundan artıq qənaətə gəlmək üçün heç bir əsas və tutalqa yoxdur!
Sadəcə, təbrik edirik İsmayıl müəllimi.
Bizim üçün unudulmaz bir ünvan saxladığı üçün: vəzifədən getmiş adamı çəkinmədən xatırlaya bilir, ona "təbrik edirəm" yaza bilirik!
Var olun, İsmayıl müəllim - vəzifənin və sözünün ağası!
p.s. İsmayıl Ömərovla həyatda cəmi iki dəfə üz-üzə gəlmişik. Amma vəzifədə olduğu və səlahiyyəti olanda həmişə xalqın maraqları ifadə olunan əlli işdə onu arasaq da, əllisində də, loru dillə desək, "kasıbın yanında olub"...

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az