Uşağını həkimə apardı, qayıdanda evini dağılmış gördü FOTOLAR

Uşağını həkimə apardı, qayıdanda evini dağılmış gördü FOTOLAR

Abşeron rayon sakini İntiqam Bayramovun evini uçurublar. Uşağını həkimə aparan İntiqam, qayıdanda yaşadığı evdə daşın daş üstündə qalmadığının şahidi olub. Vətəndaşın bildirdiyinə görə, evi Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən sökülüb. Ev sahibi bildirir ki, evin də, torpağın da sənədləri qaydasındadır. Hadisə noyabrın 1-i günorta saatlarında baş verib.

Vətəndaşın sözlərinə görə, Abşeron rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Sərviz Süleymanovun rəhbərliyi ilə bir qrup şəxs ağır texnika vasitəsi ilə o evdə olmadığı vaxt mənzilini yararsız vəziyyətə salıblar: "Söküntü barədə mənə öncədən heç bir xəbərdarlıq edilməyib. Övladım xəstə olduğu üçün onu həkimə aparmışdım. Onlar da mən evdə olmayan zaman gəliblər, evi tamamilə yararsız hala salıblar. Bir daha qeyd edirəm ki, bununla bağlı heç bir sərəncam və məhkəmənin qərarı yoxdur. Söküntü aparan şəxslər digər qonşuların da çəpərlərini söküblər. Əslində onlarında evlərini sökmək istəyiblər. Lakin qonşular evdə olduqları üçün buna mane olublar.

Sakin bildirib ki, ailəsinin maddi vəziyyəti də yaxşı deyil. Bununla yanaşı övladı da birinci qrup əlildir: "Evin tikildiyi ərazidə tikinti üçün heç bir maneə yoxdur. Ərazidən nə neft-qaz borusu , nə elektrik xətti, nə də digər dövlət əhəmiyyətli layihələrin icrası aparılmır. Yəni ərazi tam olaraq yaşayış massividir. Evin sənədlərinin hamısı kiçik qardaşım İslam Bayramovun adınadır. Torpağın çıxarışı, təsdiq olunmuş eskizi, evin və torpağın təstiq olunmuş layihə planı var. Məsələ ilə bağlı artıq hüquq-mühafizə orqanlarına da müraciət etməyi qərar almışıq. Düşündük ki, öncə icra hakimiyyətinə gedib, başçının müavini ilə görüşək. Ona zəng də etdik. Lakin bildirdi ki, mənə zəng filan etməyin. Gedin işinizlə məşğul olun. Bu evi çətinliklə tikib yeni başa çatdırmışdım. İllərdir ki, kirayələrdə, ümumi yataqxanalarda qalırdım. Evi çətinliklə tikib başa çatdırdığımda isə bu cür hadisə baş verdi. Dünəndən yağışın altında qalmışıq. Övladım da xəstədir, ayağa dura bilmir. Bizi çox çətin vəziyyətə salıblar”./azadliq.info/

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az