Uzaq, yaxın xatirələr
Xalid Mahmud
"Keçmiş günlər" silsiləsindən...
və qaldı çox uzaq xatirələrdə,
dağ döşü, göy yamac, xırda təpəcik.
bir dəstə quzunu bir dəstə uşaq,
qabağımıza qatıb ya evcik-evcik,
ya kəpənəktutdu oynayardıq biz.
beləcə keçərdi uşaqlığımız...
bir yerdə böyüdük bir dəstə uşaq,
nə padşah olmadıq, nə ağa, nə bəy.
uşaq qonşumuzun pay torpağına,
nə şərik kəsildik, nə dikmədik göz...
tox oldu nəfsimiz, gen oldu ətək
bir gün gözümüzü açdıq dünyanın,
barıt qoxusuna, güllə səsinə.
bilmədik, böyüyüb çəkiləcəyik,
uşaq qəlbimizin məhkəməsinə.
böyüdük gecədən səhərə qədər,
böyüdük kənddən şəhərə qədər...
beləcə uşaqlıq daşını atdıq,
zaman ömrümüzü dərdi beləcə.
beləcə qız əli tutdu əlimiz,
böyüdü dünyanın dərdi beləcə...
qarışdıq qlobal oyuncuqlara,
qaynadıq taleyin dərd oyununda.
zamanın tasına zər ata-ata,
uduzduq dünyanın nərd oyununda...
ölçüyə sığmadı nə gündüz-gecə,
tarıma cəkildi saat da, gün də.
bax, budur ömrümüz, günümüz indi,
nə geri dönməyə nəfəsimiz var,
nə xəyal qurmağa həvəsimiz var...
Miq.az