Vahid Əhmədov Zakir Həsənovla Nəcməddin Sadıkovu sərt tənqid etdi : MN-dən reaksiya

Vahid Əhmədov Zakir Həsənovla Nəcməddin Sadıkovu sərt tənqid etdi : MN-dən reaksiya

Millət vəkili Vahid Əhmədov parlamentin bu gün keçirilən iclasında Müdafiə naziri Zakir Həsənovu sərt tənqid edib.

"Qafqazinfo" xəbər verir ki, deputat çıxışında Zakir Həsənovu və Nəcməddin Sadıkovu Azərbaycan dilini təmiz bilməməkdə günahlandırıb:

"Bilirsiniz ki, yüksək dövlət məmurlarının Azərbaycan dilini bilməməsi bizim üçün böyük bəladır. Dünən Zakir Həsənovun brifinqinə qulaq asdım. Ona Şuşadakı inauqurasiya ilə bağlı sual verdilər. Zakir Həsənov da, Qəraragah rəisi Nəcməddin Sadıkov da azərbaycanca danışa bilmir. İzah edə bilmədilər. Bilirsən, sən Müdafiə nazirisən. Belə bir mərasim olan zaman sən dövlət rəhbərliyi qarşısında məsələ qaldırmalıydın.

Amma biz susduq. Xocalı aeroportunda Sarkisyan açılışda iştirak etmək istəyirdi. O zaman Müdafiə nazirinə müraciət etdilər ki, görüşə problem yaranmasın, ancaq açılış baş tutmadı. İndi də Şuşayla bağlı müəyyən addımlar atmağa ehtiyac var idi. Biz elə bil kimdənsə qorxmalıyıq. Mən demirəm ki, silah atəşi açaq, amma heç olmasa müəyyən addımlar atmalıydıq”.

Milli Məclisin sədri Sahibə Qafarova isə Vahid Əhmədovun çıxışını kəsərək ona sərt irad bildirib. Spiker V.Əhmədovun müzakirə olunan qanun layihəsi haqqında çıxışa yazıldığı halda mövzuya aidiyyatı olmayan məsələlərə toxunduğunu deyib.

Millət vəkili Siyavuş Novruzov isə təklif edib ki. ehtiyac yaransa. Müdafiə nazirini bura dəvət edərik o da təkliflərini verər: "Biz hardan bilriik ki, müdafiə naziri Ali Baş komandana öz təkliflərini verməyib?! Mən də bu məsələni çox ciddi şəkildə izlədim. Xaricdə oturan bəzi qüvvələr dedilər ki, Azərbaycan raket atmalıdır, biri dedi, Şuşa bombalanmalıdır. Milli Məclisdə qərar qəbul edilmədən provakasiyaya getmək olmaz. Bu uşaq oyuncağı deyil. Müharibə istəyiriksə, bununla bağlı qərar verməliyik”.

Müdafiə Nazirliyi deputat Vahid Əhmədovun nazir Zakir Həsənovla bağlı fikirlərinə cavabı gecikdirməyib: 
   
 "Milli Məclisin növbəti iclasında millət vəkili Vahid Əhmədovun Müdafiə nazirinin ünvanına səsləndirdiyi fikirlər yalandır və həqiqəti əks etdirmir. Bildiririk ki, son bir ildə Müdafiə naziri heç bir brifinqdə iştirak etməyib və ona Şuşa ilə bağlı heç bir sual verilməyib.
Millət vəkilinə xatırladırıq ki, "Azərbaycan Respublikasının Müdafiə haqqında Qanunu”nun 4-cü maddəsinin müvafiq bəndinə əsasən "müharibə elan edilməsinə və sülh bağlanılmasına razılıq” verilməsi Milli Məclisin səlahiyyətləri çərçivəsindədir"-deyə Müdafiə Nazirliyinin açıqlamasında bilidirilir.
 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az