“Vətən müharibəsinə başlamalıyıq, vəssalam” – Çağırış

“Vətən müharibəsinə başlamalıyıq, vəssalam” – Çağırış

"Jurnalistlər onsuz da indiyəcən gedirdilər, gəlirdilər. Kimin qohum-əqrabası var, onlar da gedirdilər, gəlirdilər. Hətta Azərbaycan iqtidarının nümayəndələri, nazirlər vardı ki, Ermənistana səfər edirdilər, guya, dədə-babalarının qəbirlərini ziyarət edirdilər, bunların heç birisi Qarabağ probleminin həll edilməsinə yönəlməyib, əksinə camaatı bir az çaşdırmaq və sülh, xalq diplomatiyasına və.s xidmət etməkdən ötrüdür”. 

Miq.Az xəbər verir ki, bunu "Hürriyyət”ə açıqlamasında Qarabağ münaqişəsinin həll edilməsi üçün qarşılıqlı səfərlərinin təşkil olunması məsələsi ilə bağlı təklifə münasibət bildirərkən Klassik Azərbaycan Xalq Cəbhəsinin sədri Mirmahmud Mirəlioğlu deyib.

O, bildirib ki, Moskva görüşü ehtiyac olmayan, əhəmiyyətsiz bir görüş idi: "Bizim xarici işlər nazirimizin görüşdən qabaq bir bəyanatı var idi ki, "mənimlə razılaşmayanlar Zakir Həsənovla görüşməli olacaqlar”. Bu, Lavrovun təşəbbüsü, Rusiyanın iştirakı ilə həmin şüarın əhəmiyyətsizləşdirilməsinə xidmət edən bir görüş idi, başqa bir şey deyildi. 

Jurnalistlərin də bu məsələdə nə qədər xidmətləri olsa belə, Qarabağ probleminin həllinə heç bir müsbət təsiri olan məsələ deyil. Əsirlərin ailə üzvləri ilə görüşməsi, təmaslar olması, əkin-biçin zamanı şərait yaradılması müzakirə olunub. Bu, əkin-biçin harada gedir? Azərbaycan ərazisində. Niyə bizim torpağımızı başqası əkməlidir, becərməlidir? Hələ ona da Azərbyacan tərəfi atəşkəs pozulmasın deyə şərait yaratmalıdır və yaxud onlar bizim zəmilərimizi od vurub yandırmalıdır, biz də bu məsələlərə baxmalıyıq? Moskva görüşü dişsiz, uğursuz, əhəmiyyətsiz bir görüş idi”.

M. Mirəlioğlu qeyd edib ki, hazırda Avropa Birliyi məsələsi, başqa məsələlər var deyə və heç nədənsə bir iş görmək lazımdır deyə, bunlar edilir: "Rusiyanın rəhbərliyi, iştirakı ilə Azərbaycan torpaqları işğal olunub və işğal olunmuş torpaqlar erməniyə peşkəş verilib. Rusiya burada daha nə etməlidir ki? Biz sadəcə olaraq ordumuzla, insanlarımızla bütövlükdə müsəlləh bir əsgər kimi səfərbər olmalıyıq, torpaqlarımızı azad etməliyik. Biz nə "Lavrov planı”na, nə "Medvedev planı”na, nə Moskva görüşünə, nə də dünyanın ayrı-ayrı çeşidli şəhərlərinin adı ilə olan sammitlərə etina etməməliyik və torpağımızı azad etməliyik, milli birliyə nail olmalıyıq, vətən müharibəsinə başlamalıyıq, vəssalam. Ondan sonra, qalan məsələlər də olacaq, jurnalistlər gələcəklər, zəfər reportajı da yapacaqlar və bir-biri ilə əlaqə saxlayacaqlar”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az