Vətəndaşlığımızı qəbul edən ermənilər köhnə Laçın dəhlizindən istifadə edə bilərmi?

Vətəndaşlığımızı qəbul edən ermənilər köhnə Laçın dəhlizindən istifadə edə bilərmi?

Yeni Laçın yolunun istifadəyə verilməsi ilə bağlı Laçın rayon mərkəzinin, Zabux və Sus kəndlərinin qanunsuz məskunlaşanlar tərəfindən boşaldılması prosesində ənənəvi erməni hay-küyü, özlərinin əzabkeş obrazını yaratmaq cəhdləri və adət etdiyimiz yalanlar ilə yenidən rastlaşsaq da, bir məqam diqqət çəkdi. Köç edənlərlə ilk görüşə gələn separatçı rejimin rəsmisi Ayk Xanumyan evlərin yandırılması məsələsinə toxunanda ( ermənilər bəlkə də yer üzündə yeganə millətdir ki, vandalizm edəcəklərini açıq müzakirə edirlər) bildirib ki, "Çərəkdarı da yandırmışdılar, amma geri qayıtdıq və indi bərpa üçün pul xərcləyirik”. Xanumyan əlavə edib ki, "bir-iki ilə nə olacağını bilmək olmaz, bəlkə elə ilyarımdan sonra bura qayıdacağıq”.

Xanumyandan sonra separatçı rejimin başqa bir rəsmisi, David Babayan sosial şəbəkədə belə bir status paylaşıb: " Qarşıdakı iki-üç il çox vacib dövr olacaq. Biz düzgün düşünsək, anlayarıq ki, Artsaxın xilası yerinə yetirilib” . Dünən də Araik Arutunyan Xocavəndə gedib, başına yığışan yerli ermənilər qarşısında çıxış edib və onları "möhkəm səbrlə silahlanmağa və Artsaxın müstəqilliyindən dönməməyə” çağırıb.
 
Xankəndi separatçılarının İrəvandan daha çox Rusiyanın təsiri altında olduqları aydın məsələdir. Qarşıdakı iki ili xüsusi vurğulayan, yaxın il üçün səbrli olmağa çağırışlar edən separatçı rejim rəsmlərinin eyni mövqedən-zaman kəsimindən danışması sadə təbliğat məsələsi ola bilməz. Onları zamana fokuslandıran, vəd verən var və təbii ki, bu Kremldən gəlir. Kreml  həqiqi mövqeyini çox vaxt rəsmilərin dili ilə deyil, sözçülərin vasitəsilə çatdırıb və bunun nümunəsini Jirinovski başda olmaqla bir çox Moskva siyasi fiqurlarının fəaliyyətində, bəyanatlarında görmüşük. Başı daha çox Ukrayna müharibəsinə qarışsa da, Rusiya sözçüləri bu günlərdə perspektiv zamana ümid verir və görüləcək işlərin tezislərini elan edirlər. Ermənipərəst Stanislav Tarasovun iki gün əvvəl yazdığı məqalədə nələr olacağı barədə dediklərini Kreml siyasətinin planı kimi də dəyərləndirmək olar.
 
"Moskvaya gəlincə, o, Zaqafqaziyada baş verən hadisələri diqqətlə izləyir. Sadə bəyanatlar, boş ritorika və situativ qərarlar dövrü arxada qaldı. Əsas məsələ - Dağlıq Qarabağın gələcəyi ilə bağlı sərt qərarların qəbul edilməsinin vaxtı yaxınlaşır. Bu problem Zaqafqaziyanın geosiyasətində davam edən tektonik sürüşmələr fonunda bütün kəskinliyi ilə yenidən üzə çıxmağa başlayır”. Tarasov demək istəyir ki, artıq bəyanatlar yox, konkret hərəkətlər olacaq. "Situativ qərarlar” yox, fundamental addımlar atılacaq və bu addım "Dağlıq Qarabağın gələcəyini” müəyyən edəcək.  
 Moskvanın son anda qarşıya çıxıb meydan oxumaq siyasətini unutmamışıq ( 9-10 noyabr 2020-də olduğu kimi). Laçından köçən ermənilərə yaxın günlərdə Xankəndi ermənilərinin də qoşulmaması üçün separatçıların və Moskva şərhçilərinin dili ilə mesajlar verildiyi ortadadır. Azərbaycan dövlət başçısının İsmayıllıda verdiyi açıqlamaların yalnız Xankəndidə deyil, bütün Ermənistanda necə rezonans yaratdığı və qeyri-müəyyənlikdə qalan Qarabağ ermənilərinin şüuruna ciddi təsir etdiyi son gəlişmələrdən aydın sezilir. Qarabağ ermənilərində son "Qisas”əməliyyatından və dövlət başçısının İsmayıllıdakı çıxışından sonra miqrasiya meylinin gücləndiyini görən terrorçu-separatçı liderlər hərəsi bir tərəfdə " səbrli omaq” çağırışı edib, yaxın iki-üç ilədək dözmək təbliğatına keçiblər.
 
Moskvadan gələn təlimatla "iki-üç il” zamanını təbliğ etməyin boş bir yalan olduğunu Azərbaycan növbəti addımları ilə darmadağın etməlidir. İlk olaraq  sentyabrın sonunadək erməni silahlı qüvvələri bütün arsenalı ilə birlikdə Azərbaycan ərazilərindən çıxarılmalıdır. Növbəti addım 10 noyabr bəyanatına əsasən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti ilə azərbaycanlı qaçqınların keçmiş Dağlıq Qarabağ ərazisinə, öz doğma yurdlarına köçürülməsinə start verilməsidir. İrəvanda da, Xankəndidə də birmənalı şəkildə birgəyaşayışın mümkün olmayacağını, bunun faciə olacağını deyənləri qınamırıq. Onlar 34 ildə törətdikləri cinayətlərin fərqindədirlər. Qarabağ erməniləri İrəvan ermənilərindən fərqli olaraq törətdikləri cinayətləri və bizim də heç vaxt bu cinayəti və cinayətkarları unutmaycağımızı yaxşı bilirlər. Hətta, SSRİ dövründə, altmışıncı illərdə danışılması qadağan olunan, Xankəndinin ortasında günahı olmayan azərbaycanlını diri-diri yandırdıqlarını unutmadığımızı da bilsinlər. Cinayət törətməyənlər istəsələr Azərbaycan vətəndaşlığını qəbul edib yaşaya bilərlər. Azərbaycan hətta belə bir humanist jest də edə bilər. Məlumdur ki, yeni Laçın yolunun Ermənistan ərazisindəki hissəsinin hələ gələn ilin payızına təhvil veriləcəyi deyilir.  Azərbaycan Qarabağ ermənilərinə belə bir müraciət ünvanlaya bilər: Azərbaycan vətəndaşlığını qəbul edən Qarabağ ermənisi bu bir il ərzində köhnə dəhliz vasitəsi ilə sərhədi Ermənistan tərəfə keçib-qayıtmaq imkanı əldə edəcək. Uyğun yoxlama və filtirasiyadan sonra vətəndaşlıq pasportu alan şəxslər sərhədin bu nəzarət məntəqəsindən istifadə edə bilərlər. Bu imtiyazdan sonra, onsuz da vətəndaşlıqla bağlı müraciət edən ermənilərin sayı arta bilər və öz aralarında ayrı-seçkilik hallarının artıb qarşıdurmaya da keçməsi mümkündür.
 
 2022-ci il Azərbaycan üçün Qarabağ münaqişəsində son nöqtənin qoyulması üçün fundamental addımların atılması ilidir. Sentyabrın sonunadək erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılmasından sonra Xankəndidə dövlət nəzarətimizin bərpası üçün siyasi-hərbi mövqemiz daha da sərtləşməli, sülh müqaviləsinin bağlanmasının tarixi elan edilməlidir. Sərhədlərin delimitasiya və demarkasiyası, Zəngəzur dəhlizinin yekun statusu və ona uyğun yeni Laçın yolundan istifadə qaydası ilə bağlı Ermənistanın və Rusiyanın süni şəkildə vaxtı uzatması bizim üçün risklər yarada bilər. Onların "iki-üç il” zamana fokuslanmasının arxasında Rusiya-Ukrayna müharibəsinin və gələn il Türkiyədə keçiriləcək seçkilərin nəticələrindən, beynəlxalq siyasi münasibətlər sistemində yeni yaranacaq düzəndən maksimum bəhrələnmək məqsədi dayanır. Azərbaycanın geopolitik siyasətdə Avropa İttifaqı, ABŞ, Türkiyə ilə siyasi-hərbi-iqtisadi münasibətlərinin yüksək olması erməniləri və havadarı Rusiyanın, İranın ümidlərini suya düşürüb, sadəcə ehtiyatı əldən vermək olmaz, çünki düşmənlərimiz yaxındadır və məkrlidirlər.
 
İlham İsmayıl
Moderator.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az