Vətəni kişilər sevər!-Kişilik. Etibar. Ömür

Vətəni kişilər sevər!-Kişilik. Etibar. Ömür
Aydın Canıyev
 
 
və yaxud "səyyar "vəhşilər polku"nun növbəti görüşündən reportaj əvəzi

Vətəni kişilər sevər!
Vətəni etibarlı oğullar qoruyar!
Vətən ləyaqətli insanların çiynində tarazlığını saxlayar!
Bu üç punkta 50 üstəgəl ömründə əməl etmiş əsgərlərin - bizim növbəti toplanış-səfərimiz Gəncəyə oldu. Bu dəfə 30 ilin etibarına gəncəli Etibar Həsənov imza atdı. Lənkəran, Yardımlı, Zaqatala, Şəmkir, Ağdam sevgisini Gəncə qapısında qarşılayıb "salam"ımızı alıb bizi öz qapısından içəri adlatdı. Özləri 30 (+-1) il qabaq oğul olanların indi qulluğunda Ramin adlı oğul dururdu!

İrəli qaçaraq deyim ki, bu ocağa biz növbəti səfəri növbəti ilə planlaşdırsaq da, məlum oldu ki, Raminə görə bu məsələ tezləşməli olacaq! Allah toyunu qismət eləsin Akademiyanı bu il bitirəcək oğul balamıza! Hələlik isə süfrə başına yığışırıq və Fərhadın albomundan boylanan bahadırların o üzdə, o torpaqda qalan gəncliyinə diqqət kəsilirik. Hə, ən maraqlısı odur ki, mən heyrətlənirəm: Bizim Etibarla şəklimizə. Əhmədli balası, yay-qış Sovet Ordusunun Nizamnaməsini hərləməyib çəkələkdə gəzən "bespredelnik" Eynulla ilə, indi İctimai Televiziyada çalışan Seymurla bir yerdəyik. Fəxri Budaqovun "Qağəli" çağırdığı Qabil Nuriyev (Lənkəran rayonu, Gəgiran kəndi) də avtobölüyün komandiri Etibar Həsənovun sürücüsü kimi də şəkildə şərəflənib!

Hərəsi bir cür xatırlandıqca, səslənən fikirlər hətta ən təxəyyüllü yazıçının belə ağlına gəlməyəcək möhtəşəmlikdə olur! Özümü saxlaya bilməyib Pərviz Cəbrayıla pıçıldayıram: nə qəşəng fb statuslarıdı! - dostların istəyini nəzərə alıb yazmadım fb-də...

Sözarası deyim ki, Azərbaycan müstəqillik dövrünün qənirsiz romançısı, əvəzsiz redaktoru, as publisisti Pərviz Cəbrayılı birtəhər-bircür "bişirib" yol yoldaşı və "kompanyon" olmağa razı salmışdım! Çünki Pərviz Cəbrayıl ədəbiyyatda, jurnalistikada olduğu kimi, döyüşçü dostların da üzünə və içinə çıxarılacaq qədər nəhəng mübarizdi və dostların yanında da ona təşəkkürümü çatdıraraq təqdim etdim:

- Pərviz, sağ ol ki varsan, amma həm də sağ ol ki, dost içinə çıxarılacaq qədər möhtəşəm varsan. Mənim əziz döyüş dostlarım, birdən-birə nəhənglərdən ayrılıb tənhalığa yuvarlanmağın dəhşətini yəqin ki, siz də mənim kimi yaşamısınız, ancaq mənim xoşbəxtliyim ondadı ki, mən çox az sonra Pərvizi tanımışam və dost olmuşam. Əlbəttə, ikiüzlülük edib deməyəcəm ki, hər şey əla olub, Pərvizi incitmişəm də, küsmüşəm də, küsdürmüşəm də, lap elə bil ki, düşmən kimi üstünə cummuşam da, amma Ermənistanda ermənilərə qarşı birləşdiyimiz kimi, Pərvizlə də Azərbaycanda Azərbaycana və Sözə qarşı olanlara qarşı bir olmuşuq, bir cəbhədə olmuşuq və sevinirəm ki, bu gün ömrün əhəmiyyətli bir kəsimini bir yerdəyik. Bundan gözəl hiss tanımıram: Qol və Qələm dostlarıyla ömrü yarılamaq!
Fərhad Musayevin sarı simə toxunan etirafı:
- Aydının dediyini uutmaq olmaz: "30 il sizləri içimdə daşımışam - qışda qarda, yayda istidə, dənizdə suda, göydə havada, yuxuda röyada, yazıda qəhrəmanlarda həmişə siz olubsunuz, sizinlə olmuşam".
Ənvər Əmrahov 30 il qabaq bizim üçün qol gücüydü, zorun təntənəsiydi, bu gün ən gözəl hədislərin, munis misraların, məsum xatirələrin, gözəl xeyirxahlıqların dilmancına çevrilib. Hər iki görüşdə bizi heyrətləndirir, hərəmiz dilə gəlirik: "Ənvər, sənə heyrət edirəm, bir də yenidən tanıyıram!"
Etibar Həsənov artıq bizə "yol xəritəsi"ni təqdim edir: Göygöl. Doğrudan da, Etibara bizə ən gözəl hissləri yaşatdığı üçün bir daha minnətdarlıq edərək, dostların nəzərinə çatdırıram 25 il qabaq yazdığım fikri:
- Azərbaycana rəhbər seçərkən onu qarış-qarış Azərbaycana gəzdirmək lazımdı, bilsin ki, hansı xalqa rəhbər olacaq, hansı torpağın sahibi!
Gəncə - 40 gün qabaq qana sürüklənən, qurbanlarını alıb aparıb geriyə çəkilən dalğalı dənizin səngimiş, susmuş sunamisinin yuvasına çəkilmiş görüntüsüydü!
Keçən dəfəki - Zaqatala toplantısından fərqli olaraq, dəstəyə Etibar Həsənov ev sahibi kimi qoşulsa da, keçmiş dostlardan biri də əlavə olunmuşdu: Faiq Cəfərov. Düzdü, Ənvər, Etibar, Fərhad tam dolğunluğu ilə xatırlamırdılar Faiqi, amma axı mən də az aşın duzu deyiləm. Yadımdadı axı Faiq öz müdrikliyi ilə hansı məqamlarda bizləri nahaq qandan, yersiz qurbandan xilas edib. İsrarla danışmağına, xatirələrini döyüşçü dostların yaddaş diskinə köçürməyinə nail oluram. Hərənin öz həqiqəti var və ən gözəl həqiqət odur ki, yaşadığın doğma torpaqda səni yad bildikləri halda, özünü hakimi-mütləq kimi aparırsan!
Faiq Cəfərovun məclisdə və yolboyu danışdıqları ayrıca yazının materialdı - müdrik məsləhətlər, doğru, məntiqli təhlillər, üstəlik də qənirsiz lətifələr və xatirələr!
Sözsüz ki, mən dinc duran deyiləm, sürpriz etməsəm, nə ləzzəti bu toplantının: canlı yayıma Qazaxın İncə dərəsinin şirin ləhcəsini qoşuram. Xətdə Yusif Papaqçıyevdi: Azərbaycanın əməkdar mühəndisi, "Tərəqqi" medallı körpü çəkənimiz - hələ bizimlə məclisə körpü salmağa nail olmasa da!
İlk sürprizim isə dəyərli Aqil Abbasın "Ədalət" qəzetinin iki nömrəsində yayımına icazə verdiyi qəzet nüsxələridi: ilk görüşümüzdən yazdığım. Üstəlik də "Sözün sağlığına" kitabımı hədiyyə edirəm.

Orta məktəbi rusca oxuyan, 26 il Rusiyada yaşayan, Azərbaycan dilini hərbi xidmətdə öyrənən Fərhad Musayev söz verib ki, təsərrüfat ili bitsin, latın əlifbasını öyrənəcək qışa qədər və... uzun qış gecələrində yazılarımı oxuyacaq!
Etibarın gidliyi - ekskursiyamıza bələdçiliyi həddən artıq zövq verir: sanki əsgərlikdə komandir olduğu dönəmdi və hər şeyi həmyerliləri üçün etməyə borcludu. Nəzərinə çatdırıram ki, düzdü, baş düşürük, səni əziyyətə salırıq, ancaq çox xoşdu, bizə ləzzət edir sənin əziyyət çəkməyin.
Heç şübhəsiz, Etibar zarafatımı ciddiyə almır, özünə də, yaxınlarına da çox xoşdu ki, bu gün ata, qardaş, dayıoğlu olaraq ərən bildikləri Etibar elə 30 il əvvəl də belə mərd, mübariz olub. Məhz Etibarla bir daha və yenidən görüş mənə xatırlatdı: kişi doğuluşundan kişi doğulur, sonradan qazanılan mal--dövlətlə kişi olmaq olmaz! Əgər bir insan həyatın tələb etdiyi situasiyda gərəkən mərdliyi-kişiliyi sərgiləyə bilmirsə, sonra heç vaxt o rütbəyə yüksəlməz: istər 10 yaşın olsun, istər 15, istər 20. Formalaşan xarakteri dəyişmək qeyri-mümkündü. Məhəmməd peyğəmbər demişkən: desələr dağ yerini dəyişib, inanın, desələr xasiyyət dəyişib, inanmayın.
Bu gün mən həm də ona görə sevinirdim: bu ölkədə hal-hazırda mənim yanımda özümdən başqa daha altı xarizma vardı! Əslində isə tanıdıqlarım çoxdu və bizim bəlli dəstəmizə daha 6 igid qoşulacaq! Bir-bir tapacağıq. Bəhruz Məmmədyarovu (Quba rayonu, Küpçal kəndi)  Rostovdan gətirəcəyik, Mobil Əsgərxanovu Füzulinin Dilağardasındn qarşımıza çıxan birinin əliylə tapacağıq, İlham Talıbovu dəstəmizə qatacağına Əlizadə Nuri söz verib: Cəlilabadda hərbi komissardan, pasport qeydiyyatı bölməsindən, necə olursa olsun, harda olduğunu öyrənəcəyik!
Hələlik isə Göy-gölü ziyarət edirik! Şəkil çəkdiririk. Hərəmiz ayrı-ayrı və bir yerdə. Mən söz verirəm: "vinetka" düzəltdirəcəm!

Geri qayıdırıq: Əzizim, nazlım, gözəlim Göy-göl, sağ ol ki, varsan! Təşəkkür edirəm belə gözəl olduğun üçün, mənim dünyanın səkkizinci möcüzəsi dediyim, gülüm!
YAZIYA SÖZARDI: 1985-ci ildə jurnalistika fakültəsinin birinci kursunda bizə rus dilindən Zara xanım (səhv etmirəmsə Şahmuradova idi soyadı) dərs deyirdi! Bizə "Dünyanın səkkizinci möcüzəsi" mövzusunda esse yazmağı təklif etdi. Kim nə yazdı, yadımda qlmayıb, amma Ənvər Çingizoğlu "Xudafərin"i qəşəng yazmışdı. Hətta bir bənd şeir də rusca guppuldatmışdı. Mənsə... azərbaycanca "Göygöl"ü yazmışdım. Parta yoldaşım tanınmış jurnalist Rauf Mirqədirovun bacısı Sevinc Mirqədirova tərcümə eləmişdi. Zara xanım çox bəyənmişdi və hətta şübhəsini də gizlətməmişdi: özün yazmısan? Etiraf etdim: mən azərbaycanca yazmışam, Sevinc ruscaya çevirib! İkimizə şərikli "əla" yazmışdı. Ancaq onda etiraf etməsəm də, indi boynuma alıram: mən yalnız 50 yaşıma çatandan sonra ilk dəfə Göygölü gördüm Etibar Həsənovun sayəsində! Amma onda orta məktəbdə coğrafiyanı yaxşı oxumağımın sayəsində əldə etdiyim bilgilərə görə fiziki-coğrafi məlumatların fonunda təxəyyülümü işə salmışdım.
Göygöldə olanda zarafata dostlara onu da dedim ki, xoşbəxt adamsınız ki, mən YAP-ıın təbliğatçısı deyiləm, ölkədə müxalifəti "mıkk" eləməyə məntiq saxlamazdım, Göygölü görməyə-görməyə, rusca bilməyə-bilməyə ortaya o cür möcüzə yazı qoyan adamam!
SON SÖZ ƏVƏZİ: Qəfil zəng gəldi. Anam idi. Məni yüz ildə bir dəfə itirib axtarmaz. Elə mən də onu axtarmaram. Dalağım sancdı: "Dur, gəl, məni həkimə apar!" Demədim o biri oğlun aparsın, ərin aparsın. Bildim ki, anamın vəziyyəti ağırdı: dədəmin,  qardaşımın ilkin tibbi yardım potensialı gərəkən həddə deyil. Yazıq canım! Mən Lənkərana necə çatdım, bir allah, bir də Pərviz Cəbrayıl şahiddi!
Amma onu da deyim ki, anam sağ olsun. Kişi qızı kimi məni pərt və peşman etmədi! Növbəti görüş Lənkərandadı və mənim 30 illik döyüş dostlarımı qarşılamaq, onlara süfrə açmaq anamın xoşbəxtlik payıdı. Mən söz vermişəm.
Lənkəranda görüşənədək, inşaallah!

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az