"Vətənim kimiyəm, kimiyəm, Allah..."

Hikmət Nikbin
 
 
 
Hər bir Xalq Vətəni kimidir!
 
Vətənim kimiyəm, kimiyəm, Allah ,
Mənim səbrim çoxdur, Sənin dözümün!
Bir gün tərk edəcəm axşamlarını,
Görməyəcəm üzən sabahını da!
 
Vətənim kimiyəm , kimiyəm, Allah,
Neçə acısına əkiz tayıyam...
Buludlar Şuşama üzülüb, gedir...
Duz dadı verir də mənə baharın.
 
Milləti kimidir, kimidir, Allah ,
Soruş Vətənimi mələklərindən!
O qədər özündən qopdu, bölündü ,
Nərgizi dərməyə boyu çatmadı.
 
Göy üzü, göy üzü kimiydi, Vətən,
Bir vaxt kiçik idi boyundan dəniz!
 
 
***

Göyərçin uçurur Göy üzü məndə,
Bulud da yıxılır üstümə bəzən.
Sinəm yüz dağılmış şəhər rəsmidir,
elə bilirmişəm yerə damıram!
 
Günəş çiçək açır... Tərləyir dəniz,
ağaclar torpağa kəndirlənibdir,
yoxsa saatların qara ağzında
bir ovuc sərinlik aparardılar!
 
Bütün fəsilləri çiynimdən atam,
vaxt da dolanmaya saat hesabı!
Oturam özümdən çox-çox kənarda,
çox-çox kənardakı adama deyəm:
 
-Əgər Tanrısansa, bəs, hanı dünyan?
Peyğəmbər imişsən kitabın hanı?

Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az