Vilayət Quliyev sabiq naziri oğurluqda günahlandırdı

Vilayət Quliyev sabiq naziri oğurluqda günahlandırdı

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev keçmiş Rabitə naziri Nadir Əhmədovu oğurluqda günahlandırıb.

Miq.Az xəbər verir ki, bu barədə "Facebook” hesabında yazıb. V.Quliyev bildirib ki, müəllifi olduğu məqalə internetdə Nadir Əhmədovun yazısı kimi təqdim olunur:

"Deyəsən, son illərdə əli maddi çax-çuxdan çıxan keçmiş həmkarım, əski ulaşdırma bakanımız Nadir müəllim Əhmədov ixtiyar yaşında intellektual çapovulçuluğa girişib. Mənim 2008-ci ildə "525-ci qəzetdə” çap olunan "Türk ordusunun azərbaycanlı generalları” adlı məqaləmi sərlövhəsini və bir sözünü də dəyişmədən əvvəlcə 2009-cu ildə "Elm və Təhsil” nəşriyyatında çıxan "İblis xislətli erməni” kitabına, sonra da özünün www.nadir-ahmedov.com saytına yerləşdirib. İndi "Google”da axtarış verəndə bir sətrini də yazmadığı uzun zəhmət və axtarışların bəhrəsi olan bu araşdırma-yazı Nadir müəllimin "əsəri” kimi təqdim olunur.

Məqalədə haqqında danışılan general-polkovnik Mehmet Nuri və ordu generalı Mahmud Berköz (Sarıkərimli) qardaşları əslən şəkili olduqları üçün, yəqin, Nadir müəllim elə hesab edir ki, bu mövzudan yazmaq başqa bölgədən olan bir kimsənin işi deyil, yalnız onun şəninə şayandır. Amma yeni peyda olmuş "qocaman ədib” heç olmazsa köhnə şəkili kimi vətəninin övladlarından söz açan yazıya bir-iki məhəlli ştrix əlavə eləsəydi, yenə də dərd yarı idi... Görünür, "Oğrudan oğruya halaldır” prinsipi ilə hərəkət edən Ülviyyə Tahirqızı adlı bir xanım da eyni yazını başlığını da dəyişmədən "Xalq cəbhəsi qəzeti”ndə öz araşdırması kimi çap etdirib (bax. "Türk ordusunun azərbaycanlı generalları”, "Xalq cəbhəsi qəzeti”, 25 aprel 2014-cü il, www.xalqcebhesi.az.news.accident) Əcəb işdir! Adam bilmir qocasından rəncidə olsun, yoxsa cavanından incisin! Yəqin ki, ən salamat yolu oxucu sayını artırdıqlarına görə bu "müəlliflərə” təşəkkür etməkdir”.

Qeyd edək ki, N.Əhmədov 1997-2004-cü illərdə Azərbaycanın Rabitə naziri olub.(oxu.az)

Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az