Xalid Mahmudun yaradıcılığında məhəbbət lirikası

Xalid Mahmudun yaradıcılığında məhəbbət lirikası

Artıq neçə illərdir ki, Xalid Mahmud özünəməxsus yaradıcılığı ilə oxucuların diqqətini cəlb etməkdədir. O, kiçik lirik şeirlərlə yanaşı, həm də geniş həcmli poema janrında da əsərlər yazır və respublikamızın nüfuzlu mətbuat orqanlarının səhifələrində çap olunur. Onun üşüncü kitabı olan "Ovcumda açılan sabah” adlı seirlər toplusunda məhəbbət mövzusuna da geniş yer ayrılmışdır. Lakin bütün gənclərə xas olan məhəbbəti X. Mahmud bir qədər fərqli şəkildə ifadə etməyə çalışmışdır. Bu isə ondan ibarətdir ki, o, məhəbbəti natural formada ifadə etməkdən tamamilə qaçmış, lirik qəhrəmanın daxili düşüncələrinə, onun əhvali-ruhiyyəsinə daha çox işıq salmağa çalışmışdır. Bu işığın fonunda biz təkcə onun özünü yox, həm də yan-yörəsini, məşuqu haldan-hala salan,  bəzən onu dönüklüyə yuvarlayan səbəblərin də mahiyyətinə nüfuz etməyə çalışmışıq. 

"Dəlicəsinə sevgi” şeiri şəhid Gültəkinin ölməz xatirəsinə həsr olunmuşdur. Şair Vətəni sevməyin ən yüksək və ülvi məqamını, haqlı olaraq "dəlicəsinə sevgi”də görür. Özü də belə bir sevginin yayılmasında qadınların misilsiz rol oynaya biləcəyini inandırıcı boyalarla əks etdirir:

Elə torpağın 
azadlığı da
dəlicəsinə sevgidən
dəlicəsinə ölümə qədərki
yoldan keçir...
Və bir qadının 
dəlicəsinə 
şəhidlik arzusundan doğur
 kişilərin vətən sevgisi... 

Bunları sübut etməyə ehtiyac yoxdur, ona görə ki, son dövrlərdə torpaqlarımızın işğalı zamanı igid və qəhrəman oğullarımızın əfsanəvi qəhrəmanlıqlar göstərməsində  qızlarımızın vətənpərvərliyi, nümunəvi fədakarlığı misilsiz rol oynamışdır. 
Bəzən cavanlıq və təcrübəsizliklə bağlı düzəldilməsi mümkün olmayan elə səhv addımlar atılır ki, insan uzun müddət onun əzab-əziyyətini çəkir. "Bağışla” şeiri belə bir əhvali-ruhiyyənin təsiri ilə yazılmışdır:

Bu gün səni 
sevdiyim günə gəldim.
Bir vaxt səninlə
birgə otuduğum oturacaqda 
səsini eşitdim.
Əllərimi tapdım 
saçlarının sığal yerində.

Peşimançılıqdan irəli gələn, həmin hissləri xəyalında canlandırmaqla təsəlli tapmaq istəyən aşiqin iztirabları təsirsiz qalmır, oxucuya səhv etməyin acı nəticələrini xatırladır, onları bu hadisələrdən ibrət almağa səsləyir:

Sənə unutmağı 
öyrədə bilmədiyim halda, 
özümə sevməyi öyrətdim.
Həsrətin nə olduğunu 
indi anladım.
Məni bağışla, sənsiz 
səni sevdiyimə bağışla...

X. Mahmud burada sözün təsvir və ifadə imkanlarından da sənətkarlıqla istifadə etmişdir. Yuxarıda işlənmiş "əllərimi tapdım”, "unutmaq...sevmək”, "sənsiz səni sevmək” kimi ifadələri məcaz və təşbeh kimi uğurlu alınmışdır.
Başqa bir şeirdə isə sevgisinə dönük çıxmış məşuqənin çəkdiyi iztirablar, əzab-əziyətlərə elə bir prizmadan işıq salınır ki, bu nöqtədən oxucular onu daha yaxşı görür, daha yaxşı duya bilirlər. Oxucuların da, şairin də bu dayaq nöqtəsi "Sevgililər günu”dür ( Bu söz həm də şeirin adıdır):

Hər ilkindən 
fərqli gələcək səninçün 
heç kimi oyatmadan, 
heç kimə xəbər vermədən 
sevgililər günü...

Növbəti bənddə zahiri əlamətlər təsvir olunsa da, daxili aləmin bütün sarsıntıları "bir üzuk yerinin üşüməsi” ifadəsində obrazlı və lakonik şəkildə yaxşı əks olunmuşdur:

Sonra da 
boş qalmış qolların 
düşər yanına və 
bir üzük yeri 
üşüyəcək 
barmağında...

"Barmağından keçdi” şeiri öz reallığı və təbiiliyi ilə yadda qalır. Aşiq bir nişanlı qıza bilmədən Ələsgərsayağı vurulur və özünu məhəbbətin "bir addımlığında” hesab edir, "bütün dərdlərini unudur”. Lakin qəflətən gözlərinə sataşan üzüyü görərkən onu sanki ilan sancır, zinət və bəzək əşyası birdən birə öz əsas vəzifəsini aşiqin gözlərində itirir, o zövqdən daha çox, zəhər mənbəyi təsiri bağışlayır:

Barmağında 
ilan kimi qıvrılıb yatan, 
gün düşdükcə üstünə 
sapsarı zəhər kimi 
gözlərimə axan üzük olmasaydı...
- deyə acı-acı təəssüflənir.
Kitabda sevgiyə əyləncə kimi baxan, onu qiymətdən salan yüngül əxlaqlı həm kişi, həm də qadınların mənfur əməlləri, onların atdıqları addımların acı nəticələri də diqqətdən kənarda qalmamışdır. "Uç nöqtə” şeirində bir "zavallı qızcığazın imkanlı oğlana özünü sevdirməkdən ötrü” canfəşanlıq etməsindən, sonra isə sədaqətsiz bir kişi tərəfindən aldadılmasından bəhs olunur:

Kişilərin içində 
hər gecə bir qadının 
öldüyünü bilsəydin...  
Ah zavallı qızcığaz...
Onda ağlına gəlmirdi bir gün
günahın əllərindən yıxılacağın ...
Gənc şairin "Fakt” şeirində isə tənqid hədəfi "sevgi nağılları” uyduran qadınlardır: 
İçində hər gecə 
bir kişi öldürən 
qadınların ürəyi 
kişi qəbristanıdı. 

Biz burada daha çox məhəbbət motivli şeirlərə nəzər saldıq və X. Mahmudun həyata baxışını bu aspektdə üzə çıxarmağa çalışdıq. Halbuki, onun mövzu dairəsi çox geniş və rəngarəngdir. Şübhə etmirik ki, bunlar tədqiqatçıların nəzərindən yayınmayacaq və Xalid Mahmud bir şair kimi öz layiqli qiymətini alacaqdır. 

Fərhad Mədətov
Filologiya elmləri namizədi
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az