Xərclənən milyonlar, məhv edilən aqrar sektor - Yaşasın Konsultasiya!

Xərclənən milyonlar, məhv edilən aqrar sektor - Yaşasın Konsultasiya!

Bu gün Azərbaycanda ən bərbad sahələrdən biri aqrar sektordur. 2018-ci ildə İnam Kərimov Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin ediləndən sonra aqrar sektorda çalışan sahibkarların bu sahədə böyük dəyişikliklərin, inkişafın olacağına ümidləri yaransa da, sonrakı proseslər bu ümidlərin boşuna yarandığını, sektorda olan durumun daha da pisləşdiyini göstərdi. 
 
"Asan Xidmət" sisteminin ölkədə yaranmasında, formalaşmasında böyük uğur qazanan İnam Kərimovun Kənd Təsərrüfatı naziri kimi 3 ildən artıq olan fəaliyyəti hələ də nəzərə çarpmır. Əlbəttə, kənd təsərrüfatının, ümumilikdə aqrar sektoru hərəkətə gətirmək qısa zaman kəsimində nail olunası məsələ deyil. Lakin etiraf etmək lazımdır ki, inkişafa gedən yola istiqamətlənmək üçün 3 il heç da az zaman kəsimi deyil. 
 
Kənd Təsərrüfatı nazirliyinin rüblüklərdə, illik hesabatlarda ictimaiyyətə təqdim etdiyi hesabatlarda təqdim olunan rəqəmlərdə faiz nisbəti ilə aqrar sektorun ildən-ilə inkişaf etdiyi görünür. Hətta bəzi rəqəmlərə diqqət etdikdə bu inkişafın daha da sürətlə getdiyi göz deşir. Lakin reallıq başqadır. Reallıq bu gün hər birimizin marketlərdə, bazarlarda qarşılaşdığımız od tutub yanan qiymətlərdir. Reallıq dolanışığı yalnız əkin əkməkdən, mal-qara saxlamaqdan çıxan zəhmətkeş kənd adamlarının qarşılaşdıqları problemlərdir. Bu insanların zəhmətlə becərdikləri məhsullar dəyərindən ucuz alınır, əkinlərinə vaxtlı-vaxtında su verilmir.
 
Demək olar ki, regionlarda bu gün kənd təsərrüfatı ilə məşğul olan insanlar başlı-başına buraxılıb. Kimin bir az imkanı, məlumatı, əlaqəsi varsa çabalaya-çabalaya təsərrüfatı ilə məşğul olur, digər çoxsaylı xırda təsərrüfatlar isə sözün əsl mənasında batmaqdadır. Bütün bunların nəticəsində ölkədə bahalıq yaranır, işi əkin əkmək, bağ salmaq, mal-qara saxlamaq olan kəndçi isə mayadan düşərək, müflis olur. 
 
Kəndlərimizdə kənd təsərrüfatı ilə məşğul olmağı dədə-babadan gələn peşə kimi qəbul edən, bu peşəni davam etdirən insanların sayı sürətlə azalmaqdadır.  Əvəzində isə dövlətdən hansısa layihələr əsasında milyonlarla pul qoparan "fermerlər" peyda olub. Hələ bu azmış kimi, Kənd Təsərrüfatı nazirliyi son illər "konsultasiya" adı altında sayı bilinməyən layihələr həyata keçirib. Və kəndçi babaya heç bir səmərəsi olmayan bu layihələr bu gün də davam etməkdədir. Əlbəttə ki, dövlət büdcəsindən ayrılan vəsaitlərin - yüz minlərin, milyonların hesabına. 
 
Təsəvvür edirsinizmi, "konsultasiya" adı altında olan bu layihələrdə regionlarda yaşayan 50-60 yaşlarında olan xanımlara inəyi necə sağmaq, toyuğa necə dən tökmək öyrədilir. Özü də bunu kimlər edir, kənd təsərrüfatından praktiki anlayışı olmayanlar. Sahibkarları, fermerləri konsultasiya etmək adı altında dövlət satınalmaları həyata keçirilir. Bu satınalmalarda qalib edilən təşkilatların arxasında isə nazirliyin rəhbər şəxsləri dayanır. 
 
Buna misal kimi, 2019-cu ildə keçirilən, 2020-ci ildə bitən milyonluq tenderi göstərmək olar. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin "Aqro-texniki xidmətlərin göstərilməsi" lotu üzrə keçirdiyi 1.2 milyon manatlıq tenderdə "Agrodev" adlı bir təşkilat qalib olmuşdu. Bu şirkətin sahibi isə nazirliyə yad adam deyildi. Elə sifarişçi olan qurumun - Aqrar Kredit və İnkişaf Agentliyinin layihəsi olan Aqrar Məşğulluğun Artırılması Layihəsinin (AMAL) rəhbəri Elvin Nəbiyev idi. 
 
Bu hal özü situasiyanı açıq-aydın göstərmirmi? Kəndçi baba sual edir: "Aqro-texniki xidmətlərin göstərilməsi" kimi mücərrəd bir lot üzrə keçirilən milyonluq tenderin axırı nə oldu? Kimlər iştirak etdi bu layihələrdə? Kimlər nə qazandı? Əlbəttə sonuncu sualı, yəni kimlərin nə qazandığını nazirlikdə əyləşən bəzi şəxslər daha yaxşı bilər. Amma görünən budur ki, bu kimi səmərəsiz layihələr dayanmadan davam etməkdədir. 
 
Aqrar sektordakı situasiya isə fərqlənmir. Məsuliyyətli, dolanışığı yalnız əkin əkməkdən, mal-qara saxlamaqdan ibarət olan insanlar hələ ki, dövlətin yaratdığı şəraitdən yararlana bilmir. Dövlət müəssisələrində olan bürokratik əngəllər sahibkarları, fermerləri bezdirməkdədir. Bəli məhz bezdirməkdə!
 
Bu sözü Kənd Təsərrüfatı naziri İnam Kərimovun nazir təyin edildikdən sonra Sabirabad rayonuna səfər edərkən şəxsən görüşdüyü, ölkənin ən peşəkar pambıqçılıqla məşğul olan fermeri Əfras Əsgərov bir neçə gün öncə sosial şəbəkədə yazaraq ictimailəşdirdi. Fermer Sabirabad DAİM-dən kupçası olan torpaqlarına dövlətin ayırdığı subsidiyanı ala bilməməyindən şikayət edirdi. Təsəvvür edirsiniz, Kənd Təsərrüfatı nazirinin şəxsən görüşdüyü, əkib-becərdiyi pambıq sahələrinə dövlət rəsmilərinin səfər etdiyi, əkib-becərdiyi pambıq sahələri rəsmi media qurumlarında ölkə fermerlərinə nümunə kimi təqdim edilən fermer açıq-aşkar bezdiyini yazaraq ictimailəşdirir...
 
Atalar ümidin sonda öldüyünü deyir. Amma aqrar sektorda baş verənlər ümidin ölü doğulduğunu göstərir. 
  
Yaşasın Konsultasiya!
 
Samid Qasımov
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az