Yerevan supermarketində “Azərbaycan hərbçiləri”?

Yerevan supermarketində “Azərbaycan hərbçiləri”?

Sosial şəbəkələrin erməni seqmentində və bəzi erməni KİV-lərində Azərbaycan əsgərlərinin Yerevandakı supermarketlərdən birində göründüyü, alış-veriş etdiyi barədə xəbərlər yayılıb.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu xəbərlər ciddi təşviş yaradıb.

Sosial şəbəkələrdə və KİV-lərdə yayılmış fotoya əsasən Azərbaycan ordusunun hərbi geyiminə oxşar geyimdə olan hərbçilər Yerevanın Komitas küçəsindəki "Yerevan City” supermarketində Ermənistan Müdafiə Nazirliyinin əməkdaşlarının müşaiyəti ilə alış-veriş edir.
 
Lakin Ermənistan Müdafiə Nazirliyinin informasiya mərkəzi bu fotoya izahat verərək bildirib ki, təşvişə əsas yoxdur, çünki fotoda yer alanlar Azərbaycan hərbçiləri deyil, İran ordusunun hərbçiləridir. Belə ki, İran Müdafiə Nazirliyinin nümayəndə heyəti Yerevanda işgüzar səfərdə olub və onları Ermənistan hərbi polisinin əməkdaşları müşaiyət edib.

Xatırladaq ki, bundan əvvəl də erməni cəmiyyətində Azərbaycan hərbçilərinin Xankəndində alış-veriş etdiyi, yaxud Gorusda restoranlardan birində göründüyü haqda xəbərlər təşvişə səbəb olmuşdu. Qarabağdakı 44 günlük müharibəni və onun  nəticələrini nəzərə alanda ermənilərin Azərbaycan hərbçiləri haqda belə xəbərlərdən təşvişə düşməsini anlamaq olar…

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az