Zakir Həsənovdan Ermənistanı SİLKƏLƏYƏCƏK TAPŞIRIQ: Genişmiqyaslı hücum...

Zakir Həsənovdan Ermənistanı SİLKƏLƏYƏCƏK TAPŞIRIQ: Genişmiqyaslı hücum...

Aprelin 6-da Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Miq.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə səfərlərini və Aprel döyüşlərinin nəticələri ilə bağlı səsləndirdiyi fikirləri xatırladan müdafiə naziri ordu qarşısında qoyulan son tapşırıqları iştirakçıların diqqətinə çatdırıb.

Müdafiə naziri döyüş hazırlığı planına uyğun olaraq, xüsusilə gecə vaxtı, döyüş şəraitinə, real əraziyə uyğun keçirilən təlim və məşqlərin intensivliyinin artırılması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin, bölmələrin döyüş qabiliyyətinin yüksəldilməsi, birlik və birləşmələrin silah, döyüş və xüsusi texnikasının yay mövsümündə istismar rejiminə keçidinə hazırlığın təşkili, eləcə də hərbi xidməti başa vurmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması və hərbi xidmətə çağırılmış gənc əsgərlərin qəbulunun mütəşəkkil qaydada həyata keçirilməsi ilə bağlı müvafiq vəzifəli şəxslərə tapşırıqlar verib.

Ermənistanın hərbi-siyasi rəhbərliyinin son zamanlar səsləndirdiyi məsuliyyətsiz çıxışlara toxunan general-polkovnik Zakir Həsənov bunun cəbhə xəttində gərginliyin artmasına səbəb olacağını qeyd edib. Nazir plana uyğun olaraq keçirilən bütün təlimlərin genişmiqyaslı hücum əməliyyatlarının aparılması məqsədinə xidmət etdiyini bildirib. Zakir Həsənov bütün səviyyələrdən olan komandir və rəis heyətinə düşmənin fəaliyyətinin daim müşahidə edilməsi, hərəkətinin nəzarətdə saxlanılması, onun törədə biləcəyi istənilən təxribata qətiyyətli cavab vermələri və hər an fəal döyüş əməliyyatlarının başlanmasına hazır olmaları barədə konkret göstərişlər verib.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az