"Zəngəzur əməliyyatı" 200 min rubla ermənilərə necə satıldı? - Sensasiyalı MÜSAHİBƏ + VİDEO

"Zəngəzur əməliyyatı" 200 min rubla ermənilərə necə satıldı? - Sensasiyalı MÜSAHİBƏ + VİDEO

1828-ci ildə İrəvan xanlığı Rusiya imperiyası tərəfindən işğal olunduqdan sonra erməniləri kütləvi şəkildə bu torpaqlara köçürməyə başladılar. Çox qısa müddətdən sonra ermənilər və onların havadarları bu torpaqların əzəli sakinləri olan azərbaycanlılara qarşı soyqırım və deportasiya həyata keçirdilər. 1905-06, 1915, 1918-20, 1937, 1947-53 və nəhayət  31 il əvvəl - 1988-ci ilin oktyabr ayından  etibarən ermənilər tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində yaşayan azərbaycanlıların sonuncu deportasiyasına başladılar. 
Yeniavaz.com-un soyqırım və deportasiya tariximizin ən faciəli dönəmlərindən olan bu hadisələr barədə suallarını Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa cavablandırıb.  

- Nazim müəllim, necə hesab edirsiniz İrəvanın ermənilərə güzəştə gedilməsində tarixi səhvlərimiz olubmu? Ümumiyyətlə, İrəvan ermənilərə verilməyə bilərdimi?
- Bilirsiz, o dövrün siyasi mənzərəsinə nəzər salmaq lazımdır. Bolşeviklər hakimiyyətə gəldikdən sonra rusların Cənubi Qafqazdan və ümumiyyətlə Şərqi Anadoludan geri çəkilməsi prosesi başladı. Bu zaman Cənubi Qafqazda 5 quberniya vardı. Bunlar Bakı, Gəncə (Yelizavetpol), Tiflis, İrəvan və Kutaisi quberniyaları idi. Bu quberniyaların bölünməsi məsələsi meydana çıxanda, yəni o zaman belə idi ki, təxminən 2 quberniya Azərbaycana düşürdü, 2 quberniya gürcülərə, 1 quberniya qalırdı ermənilərdə. İrəvan şəhərinə gəldikdə isə 1917-ci ili sonu, 1918-ci ilin əvvəllərində orada ermənilərin hərbi birləşmələri yaranmışdı. O zamanlar İrəvanda azərbaycanlıların vəziyyəti çox ağır idi. Düzdür, azərbaycanlılar müqavimət göstərirdilər. Lakin, fiziki güc, yəni silah artıq ermənilərin əlində idi. Çünki, 1918-ci ildə fevral ayında Şərqi Anadoludan, Osmanlı ordusunun qarşısından qaçan  Andranikin dəstəsilə birgə 300 min erməni də gəlirdi.  Bu erməniləri yerləşdirməyə yer axtarırdılar, o cümlədədn İrəvanda. 1918-ci ildə Azərbaycan, Gürcüstan, Ermənistan dövlətləri yarandı və İrəvanın paytaxt məsəsləsi orataya çıxdı. Bu məsələ Trabzon konfransında da Türkiyənin iştirakı ilə müzakirə olunub. Azərbaycan nümayəndə heyəti deyirdi ki, yaxşı olardı ki, yeni qurulan erməni dövlətinin paytaxtı Eçmiədzin olsun. Bildiyiniz kimi, bu məsələ Azərbaycan Xalq Cümhuriyyəti zamanında Milli Şuranın iclasında müzakirə olundu və Fətəli xan Xoyski çıxışında dedi: "Biz İrəvan şəhərini ermənilərlə müzakirə etdik və İrəvan şəhərini ermənilərə güzəştə getməkdən başqa çarəmiz qalmadı. Acı olsa da bu həqiqətdir".  Təxmini belə ifadə işlədib. Bəzən bəzi tarixçilər Cümhuriyyətin qurucularını çox ciddi təqid edirdilər. Ancaq mən hesab edirəm ki, tarixi reallığı nəzərə almaq lazımdır. Çünki başqa yol yox idi.
Ancaq burda başqa bir məsələ var idi, belə ki, bunu səsverməyə çıxarmaq olardı. Ancaq yenə deyirəm, o zamanki İrəvan quberniyasının əhalisinin çoxu artıq ermənilərdən ibarət idi. Azərbaycanın da elə bir gücü yox idi ki, İrəvan şəhərini qorusun və paytaxt kimi güzəştə getməsin. Yəni bu tarixi zərurət idi. Bir tərəfdən də yaxşı idi ki, heç olmasa müzakirə olunub.  Milli Şuranın qərarı var. Bu gün bizim əlimizdə sənəd var ki, biz ermənilərə İrəvanı güzəştə getmişik. O şərtlə ki, yeni qurulmuş erməni dövləti Azərbaycana qarşı torpaq iddiası ilə çıxış etməyəcək. Ancaq bu məsələ protokollaşdırılmadığı  üçün sonradan ermənilər bunu inkar etdilər. Şifahi şəkildə razılaşdırılmışdı ki, ərazi iddiası olmayacaq. Yəni, İrəvan şəhəri paytaxt kimi ermənilərə güzəştə gedilir və ermənilər Azərbaycana qarşı ərazı iddiası irəli sürməyəcəklər. Lakin, sənədləşdirmə olmadığına görə bizim nümayəndəlik belə bir razılaşmanın olduğunu deyəndə erməni tərəfi bununla bağlı sənəd tələb edib. Belə bir sənəd olmadığına görə ermənilər Qarabağa, Naxçıvana, Zəngəzura ərazi iddiası irəli sürdülər və bunun bir qismini sonradan gerçəkləşdirdilər. Sözün qısası odur ki, tarixi zərurətdən əmələ gələn məsələ idi və güzəştə getmək zəruri idi, qaçılmaz idi. Lakin, AXC Milli Şurasının qərarında belə bir sənəd qəbul edildi ki, biz bunu güzəştə getmişik. İrəvan Azərbaycanın tarixi şəhəridir və biz bunu ermənilərə güzəştə getmişik.

Ermənilər Azərbaycan ordusunun toplarını necə sıradan çıxarda bilir?

- İrəvandan qısa müddət sonra Zəngəzuru da itirdik. Necə fikirləşirsiniz, Zəngəzuru hansı tarixi zərurət bizim əlimizdən aldı? 
- 1918-ci ildə turk qoşunlarının önündən geri çəkilən Andranik Şərqi Anadoludan, Gümrüdən, Göyçə gölünün ətrafından keçərək Zəngəzura daxil oldu.  1918-ci ilin yayından - iyul ayından etibarən Zəngəzurda - Gorusda Andranikin qərargahı qurulmuşdu. Azərbaycan hökuməti dəfələrlə Ermənistan hökumətinə nota vermişdi ki, Andranik qoşunlarını Zəngəzurdan geri çəksin. Ermənistan hökuməti isə bidirirdi ki, Andranikin qoşunları Ermənistan ordusuna tabe olmur. İddia edirdilər ki, guya Andranik Zəngəzurda özbaşına hərəkət edir. Bu ermənilərin yeritdiyi siyasət idi. Andranikin gəlməsindən, yəni 1918-ci ilin yayından 1919-cu ilin yayına kimi 115 kəndi azərbaycanlılardan təmizləmişdilər. 1919-cu ilin payızında Azərbaycan ordusu güclü bir əməliyyat hazırladı. Bu tarixə "Dığ" əməliyyatı olaraq düşüb. Cavad bəy Şıxlınskinin başçılığı ilə Azərbaycan ordusu hücum edərək Zəngəzuru azad etməli idi. İndi deyəcəyim faktı ilk dəfə burda açıqlayıram. Ermənistan dövlət təhlükəsizli orqanlarının 1918-20-ci illərə aid olan məxfi sənədləri ortaya çıxıb. Bir nəfər erməni tarixçi öz elmi işində bu sənədləri ortaya qoyub. Erməni yazır ki, bizim kəşfiyyatımız müəyyənləşdirdi ki, Azərbaycan ordusu iki cinahdan hücum edəcək. Onlardan birinə Cavad bəy Şıxlınski, digərinə isə Davud Yadigarov başçılıq edirdi. 1919-cu ilin yayında Andranik qoşunlarını Ermənistan hökumətinə təhvil verib Avropya getmişdi. Andranikin yerinə Qaregin Njde gətirilmişdi. Erməni tarixçi yazır ki, Ermənistan kəşfiyyatı müəyyən edir ki, Azərbaycan ordusunun cinahlarından birinə başçılıq edən şəxsin anası qeyri-azərbaycanlıdır.  Erməni kəşfiyyatı Tiflisdə onun anası ilə görüşür və 200 min rubl pul təklif edilir. Anası həmin şəxslə danışır və Azərbaycan ordusunun mövqelərini ermənilərə ötürür. Azərbaycan ordusundakı topların koordinatları ermənilərə verilir. Nəticədə ermənilər əməliyyatdan əvvəl Azərbaycan ordusunun toplarını sıradan çıxarda bilir və bu əməliyyat baş tutmur. Həmin əməliyyatın hazırlanmasında hərbi nazir Səməd bəy Mehmandarov şəxsən iştirak edib və Bakıdakılar əmin idilər ki, bu əməliyyat uğurla başa çatacaq. Şübhələnirlər ki, necə ola bilər ki, ermənilər Azərbaycan ordusunun mövqelərini bu cür dəqiqliklə vura bilib. Səməd bəy Mehmandarov general-mayor Davud Yadigarovu geri çağırır, rütbəsini aşağı salır və istintaqın başlaması barədə göstəriş verir. Bu Zəngəzurun verilməsində birinci səhvimiz olur. Daha sonra - 1920-ci ilin yanvarında Njde daha 50 kəndi işğal elədi və Zəngəzuru tamamilə azərbaycanlılardan təmizlədilər. Çox qəribədir ki, Sovet hökuməti Ermənistandakı daşnaq hökumətilə gizli danışıqlar aparır və Gorusdan Naxçıvana daxil olmaq üçün yol açılır. Njdenin qoşunları isə Qafan və Mehriyə doğru çəkilir. 1920-ci ilin yayında Sovet qoşunları Zəngəzura girsə də, Njde oranı tərk etmir. Yalnız Sovet hökuməti Zəngəzurun Ermənistana birləşdirilməsinə razılıq verəndən sonra Njde oranı tərk edir. Daha sonra Nərimanov Zəngəzurun Ermənistan verilməsi ilə bağlı bəyanat səsləndirir. Əslində Nərimanovu ruslar və ermənilər oyuna gətirirlər.
Burda bir məsələ də var: 1918-ci ilin yayında Qasım Qarabəkir Paşanın qoşunları gəlib Naxçıvanda yerləşmişdi. Qasım Qarabəkir Paşa "İstiqlal Hərbimiz" adlı əsərində yazır ki, mən Naxçıvana gələndən sonra Şərq Ordularının komandanı Xəlil Paşaya dəfələrlə müraciət etdim ki, bizə icazə verin Zəngəzuru azad edək. Lakin, bizə əmr gəldiki siz Tehrana daxil olmalısınız.
- 23 dekabr 1947-ci ildə SSRİ Nazirlər Sovertinin sədri Stalinin azərbaycanlıların keçmiş Ermənistan SSR-dən deportasiya olunması ilə bağlı imzaladığı tarixli qərarda ermənilərin rolu nədən ibarət olub?  
- 1948-1953-cü illər deportasiyasının səbəblərini müəyyən etmək üçün həmin dövrdə gedən proseslərə nəzər salmaq lazımdır. İkinci dünya müharibəsinin sonuna yaxın SSRİ-nin Türkiyə ilə münasibətləri həddindən artıq kəskinləşmişdi. 1945-ci il martın 19-da SSRİ hökuməti hələ 17 dekabr 1925-ci ildə imzalanan və sonradan müddəti dəfələrlə  uzadılan  iki ölkə arasında dostluq və neytrallıq haqqında müqaviləni birtərəfli qaydada denonsasiya etmişdi. Ləğv edilən həmin müqavilədə bir-birinə hücum etməmək və neytrallığa əməl etmək barədə öhdəliklər var idi.
Müharibədən qalib çıxan SSRİ-nin öz sərhədlərini genişləndirmək siyasəti müharibədən sonra formalaşmağa başlayan Stalin-Molotov doktrinasının əsasını təşkil edirdi. 1945-ci il iyunun 7-də SSRİ Xalq xarici işlər komissarı  Molotov Türkiyənin SSRİ-dəki səfiri Sarperi dəvət edərək Boğazlara birgə nəzarət, Bosfor və Dardanel rayonunda Sovetlərə hərbi baza verilməsi, Qars və Ərdahanın SSRİ-yə qaytarılması haqqında Sovet hökumətinin tələblərini elan etmişdi. İyunun 18-də Molotov Sarperlə yenidən görüşərək "tarixi ədalətsizliyin bərpa edilməsi üçün Qars və Ərdahanın qaytarılmasını" ultimativ qaydada yenidən irəli sürmüşdü. 
Belə bir məqamda ermənilərin Türkiyəyə qarşı ərazi iddiası ilə SSRİ-nin sərhədlərini genişləndirmək  planları üst-üstə düşürdü. SSRİ-nin Türkiyədən qopartmaq istədiyi əraziləri məskunlaşdırmaq problemi qarşıya çıxmışdı. Sovet rəhbərliyi bu problemi xaricdə yaşayan Türkiyə əsilli ermənilərin hesabına həll etmək niyyətində idi.  Qarşıdan isə bütün ermənilərin katolikosunu seçmək kampaniyası gəlirdi. 1945-ci il aprelin 3-də  bütün ermənilərin katolikosunun seçkiləri ərəfəsində Eçmiədzin kilsəsinin arxiyepiskopu Gevorq VI Çörəkçyan mövcud problemlərin həlli ilə bağlı  Stalinə məktubla müraciət etmişdi. Stalin bu məqamdan istifadə edərək, arxiyepiskop Gevorq Çörəkçyanı Moskvaya çağırır. Aprelin 19-da Gevorq Çörəkçyan SSRİ Nazirlər Sovetinin nəzdindəki Dini İşlər Şurasının sədri Polyanskinin müşayiəti ilə Stalinlə görüşür. Stalin əvvəllər Eçmiədzin kilsəsinə məxsus olmuş torpaqların qaytarılması tələbindən başqa, arxiyepiskopun bütün xahişlərinin yerinə yetiriləcəyini bildirir. Çünki həmin torpaqlar artıq kolxozlara məxsus idi və qaytarılması böyük narazılıqlar yarada bilərdi. Görüşün sonunda Stalin deyir: "Tezliklə müharibə qurtaracaq. Bizim hökumət 1920-ci ildə Ermənistanın Türkiyəyə verilmiş qərb quberniyalarını geri qaytarmaq istəyir. Aydındır ki, həmin torpaqlarda ermənilər yaşamalıdırlar. Arzu olunandır ki, onlar Türkiyədən qaçmış və hazırda xaricə səpələnmiş ermənilər olsunlar. Ona görə də təqribən yüz min erməninin immiqrasiyasını təşkil etmək lazımdır. Tezliklə bu barədə hökumətin qərarı olacaq.  Siz də öz növbəsində bu  işdə bizə kömək etməlisiniz". Bunları eşidən Gevorq sevincini gizlədə bilmir. O,  bu məsələnin həllində hər cür köməklik ediləcəyini vəd edir və eyni zamanda bildirir ki, Ermənistanda iqtisadi vəziyyət ağırdır və  xaricdən gələcək bu qədər ermənini mənzillə və ərzaqla təmin etmək mümkün olmayacaq.  Stalin cavab verir: "Eybi yoxdur, biz hər şeyi edərik, təki repatriantlar sıxıntı çəkməsinlər". Məhz bu görüşdən sonra ermənilərin xaricdən Ermənistana köçürülməsinə ciddi hazırlıq görülür. "Hər şeyi edərik" dedikdə isə Stalin xaricdən köçürülüb gətiriləcək ermənilərin mənzil problemlərinin azərbaycanlıların Ermənistandan deportasiya edilməsi yolu ilə həll edilməsini nəzərdə tuturdu.
1945-ci il noyabrın 21-də SSRİ Xalq Komissarları Soveti "Ermənilərin xaricdən Sovet Ermənistanına qayıtmaları ilə əlaqədar tədbirlər haqqında" qərar qəbul edir. Bu qərara və katolikos Gevorq Çörəkçyanla Stalin arasında olan razılaşmaya əsasən, Eçmiədzin kilsəsi xaricdəki erməni din xadimlərinə, partiyalara, xeyriyyə təşkilatlarına, erməni diasporunun tanınmış nümayəndələrinə müraciətlər göndərir ki, ermənilərin repatriasiyasını təşkil etsinlər.
1946-cı ildə Suriya, Yunanıstan, Livan, İraq, Bolqarıstan və Rumıniyadan 50 min 900 nəfər erməni immiqrasiya edilmişdi. 1947-ci ildə Fələstin, Suriya,  Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan 35,4  min nəfər erməni qəbul edilib Ermənistanda yerləşdirilmişdi. Ermənistan rəhbərliyi 1946-cı ilə nisbətən 1947-ci ildə xaricdən köçürülən ermənilərin sayının azalmasının səbəbini onunla  izah edirdi ki, xaricdən gələn ermənilər əsasən şəhər sakinləridir, onları dağlıq rayonlarda yerləşdirmək mümkün deyil, köçürülənlər isə yalnız İrəvan və onun ətraf rayonlarında məskunlaşmaq istəyirlər. 
Ermənilər Qars və Ərdahanı Ermənistana birləşdirmək istəklərinə nail ola bilməsələr də, digər istəklərinə nail oldular. 1947-ci il dekabrın 23-də İ. Stalin "Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" SSRİ Nazirlər Sovetinin 4083 nömrəli qərarını imzaladı.

Mustafa Bərzaninin kürd silahlı dəstəsi Azərbaycana niyə gəlib?

- Bu gün, "1948-53-cü il hadisələri" dediyimiz həmin tarixin araşdırılması istiqamətində aparılan tədqiqatları qənaətbəxş hesab etmək olarmı?
- Prezident Heydər Əliyevin 18 dekabr 1997-ci ildə imzaladığı "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR-dəki tarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" fərman xalqımıza qarşı  həyata keçirilən bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılması məqsədini daşıyırdı. Cəmisi iki bəddən ibarət olan bu fərmanın 1-ci bəndinə əsasən 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyanın hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə dövlət komissiyası yaradılmışdır. Sənədin 2-ci bəndində isə Nazirlər Kabinetinə tapşırılır ki, fərmanın icrası ilə bağlı məsələləri həll etsin. Çox təəssüf ki, indiyədək bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi məsələsi həll edilməmişdir. Beynəlxalq ictimaiyyət hələ də Azərbaycan xalqının başına gətirilən bu faciənin miqyasından xəbərsizdir. Təkcə onu qeyd etmək kifayətdir ki, Sovet hakimiyyəti illərində repressiyaya məruz qalan xalqlar haqqında son dövrlərdə Rusiyada çoxlu tədqiqat əsərləri yazılmışdır. Lakin azərbaycanlıların  Ermənistandan 1948-1953-cü illər deportasiyası faktı hələ də rusiyalı tədqiqatçıların əsərlərində özünə yer tapmamışdır. Sovet hakimiyyəti illərində xalqların repressiyası və deportasiyaları tarixini ən xırda detallarına qədər araşdıran demoqraf, professor Pavel Polyan (milliyyətcə erməni deyil) müəyyən etmişdir ki, SSRİ məkanında 110 deportasiya əməliyyatı həyata keçirilmişdir. O, həmin əməliyyatlardan miqyasına görə seçilən 47-sinin siyahısını təqdim. Həmin siyahıya 1938-ci ildə Cənubi Azərbaycandan olan soydaşlarımızın, İran inqilabı yatırıldıqdan sonra öz dəstəsi ilə bir müddət Azərbaycanda yerləşən Mustafa Bərzaninin kürd silahlı dəstəsinin 1948-ci ildə deportasiyası faktı daxil edilsə də, Ermənistandan soydaşlarımızın 1948-1953-cü illər deportasiyası faktı daxil edilməyib. Bu, o deməkdir ki, biz hələ də öz həqiqətlərimizi dünya ictimaiyyətinə çatdıra bilməmişik. Ermənilərin yalanları isə hər yerdə ayaq açıb yeriyir.
 
Qərbi Azərbaycan hökuməti yaradılmalıdır

- Nazim müəllim, Azərbaycanlıların indiki Ermənistan ərazisindən sonuncu deportasiyası necə baş verdi?  Azərbaycanlılar yenidən öz tarixi torpaqlarına geri dönməsini mümkün hesab edirsinizmi? Bu hansı halda baş verə bilər və nə etmək lazımdır?
- Müəyyən işlər görülür. Ən azından azərbaycanlıların soyqırımı haqqında Prezidentin iki fərmanı var. Son 200 ildə indiki Ermənistan ərazisində azərbaycanlılara qarşı törədilən soyqırım, etnik təmizləmə, deportasiya siyasəti ümumiləşdirilmiş şəkildə bu fərmanlarda öz əksini tapıb. 1948-53-cü il deportasiyası ilə bağlı Prezidentin Fərmanı var. Bunun siyasi və hüquqi əsasları var. Ancaq bundan sonra atılacaq addımları müəyyənləşdirməliyik ki, nə kimi addımlar atacağıq. Bu gün ermənilər xaricdə hökumət formalaşdırıblar. Bu, Türkiyə ərazisində nə zamansa qurulacaq "Ermənistan dövlətinin" idarəçilik formasıdır. Mühacirətdə erməni hökuməti - "Qərbi Ermənistan mühacir hökuməti"  yaradıblar.  Bizdə də bu addım atılmalıdır. Biz bu əraziləri tarixi ərazilərimiz hesab edirik. Bunu üçün tarixi sənədlər var, Rusiya işğalından sonra keçirilən siyahıyaalma ilə bağlı statistika var və bunlar bizim xeyrimizədir. Bu sənədlərin hamısı bizim əlimizdədir. İrəvan xanlığı ərazisində, bizim ata-babalarımızın yaşadığı torpaqlarda  erməni dövlərinin qurulması da məlumdur. Yəni, bütün hüquqi, siyasi, demoqrafik faktlar bizim əlimizdə var. Mən də istəyərdim ki, mühacirətdə olan Qərbi Azərbaycan hökuməti yaradılsın.  Bu hökumətin də strukturu formalaşmalıdır. Tarix hər zaman ermənilərə fürsət verməycək. Mütləq bir gün bizə də fürsət verəcək. Ona görə də o fürsətlərə hazır olmaq lazımdır.
Bu gün Ermənistan ərazisində yaşayan ermənilərin 90 faizi hesab edir ki, bu ərazi onların deyil. Sonuncu - 1988-1989-cu illər deportasiyasında indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 170 təmiz və 94 qarışıq yaşayış məskənləri boşaldıldı. Bu kəndlərin bir-çoxunda yaşayış olmasa da, yaşayış olan kəndləri ermənilər hələ keçmiş adları ilə çağırırlar. Ordakı dağın, dərənin, çayın, gölün adlarını biz vermişik. Baxmayaraq ki, bu adları kağız üzərində, xəritədə dəyişirlər, amma buna baxmayaraq yerli əhali o kəndlərin adını o cür çağırır. Qərbi Azərbaycandan gələn hər bir ailənin əlində bir proqram olmalıdır.  Onlar bilməlidirlər ki, onlar hardan gəliblər, kəndləri haradır, orda nələri olub. Əgər "Böyük Qayıdış" olacaqsa, insanlar orda nələrə sahib olacaqlar. Bu həm də bir mesajdır. Necə ki, ermənilər edirlər. Qərbi Azərbaycan mühacir hökumətinin yaradılması həm o deməkdir ki, biz o torpaqlardan əl çəkməmişik.

Allahverdi Aydın 
yeniavaz.com
 

 
 
 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az