Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”

Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
"Mən 1970-ci illərdən Bakıda yaşayıram. Qaçqın və məcburi köçkün statusu daşıyıram. Atamın mülkündə ev tikilib, bəs niyə mənə və ailəmə ev düşmür? Bu məsələ ilə bağlı Ağdamdan çoxsaylı insanlar mənə müraciət edirlər. Onlar da soruşurlar ki, niyə bizə ev verilməməlidir?"
"Yeni Sabah" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Aqil Abbas bildirib.

O xahiş edib ki, bu məsələnin həllinə kömək istəyib: Toyuqlu pizza

"Qaçqın və məcburi köçkün statusu ilə bağlı məsələyə yenidən baxılmasına ehtiyac var. Mən Ağdamda, ata-baba yurdumda dünyaya gəlmişəm, lakin ailəmə orada ev verilməyib. Deməli, Ağdamda öz cibimdən pul xərcləyərək ev almalıyam? Niyə? Mənimlə yanaşı, qardaşımın və 5 bacımın da heç birinə ev verilməyib. Bacılarımdan ikisi artıq dünyasını dəyişib. Onlara da ev düşməyib. Səbəb kimi qeydiyyat məsələsi göstərilir.

Ailə üzvlərim yaşayış şəraitlərinə və işlə bağlı vəziyyətlərinə uyğun olaraq başqa şəhər və rayonlara köçüblər. Qardaşım Ağcabədidə qeydiyyata düşüb, sonradan isə onun qeydiyyatı ləğv olunub. Mənim də Ağdam qeydiyyatım ləğv edilib.

Bu problemlə üzləşən təkcə mən deyiləm. Mənə müraciət edən çoxsaylı insanlar var. Ağdamda olarkən də bu məsələ qaldırıldı. İnsanlar soruşurdular ki, nə edəcəyik? Dedim ki, bu barədə dəqiq cavabım yoxdur, amma onların fikirlərini aidiyyəti üzrə çatdırmağa çalışacağam. Ona görə də xahiş edirəm, bu məsələyə baxılsın".

Deputatın çıxışına Milli Məclis sədri Sahibə Qafarova sərt rəy bildirib.

O, Aqil Abbasın çıxışını Ağdamda görülən quruculuq işlərinə ləkə kimi səciyyələndirib:

"Deyirsiniz ki, ağdamlılara söz vermisiniz. O zaman xahiş edirəm, bir siyahı tərtib edin: kimlərə ev verilib? Niyə görülən bu qədər işə kölgə salırsınız? Bu qədər iş görülür. Ağdamlılar köçürülməyəndə, bəs kim köçürülür?Başqa ölkələrdən insanları gətirib orada məskunlaşdırırlar? Niyə bu məsələni tribunadan bu şəkildə təqdim edirsiniz?

Bir müddət əvvəl də həmin məsələni qaldırdınız, dediniz ki, ağdamlılara yer vermirlər. Mən hələ onda sizə demişdim: bəs kimə yer verirlər? Ağdamda yaşayanları başqa yerlərdən gətirib məskunlaşdırırlar?

Orada böyük işlər görülür. Niyə bu işlərə kölgə salırsınız? Yeni tikilən Ağdamda kim yaşayır?"
 
 
*******
 
 
"Ağdamda atamın 6 otaqlı evi olub, amma 5 bacı, 2 qardaşıq və bizə Ağdamda ev düşmür”.

"Qafqazinfo” xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

"Həmkarım Bəxtiyar Əliyevə və qardaşlarına da ev düşmür. Niyə? Ağdamda böyük tikinti gedir. Baxırsan, ürəyin açılır. Mən məcburi köçkün statusunda deyiləm, 1970-ci ildən Bakıda yaşayıram. Amma atamın mülkündə tikilən evdən niyə mənə düşmür?

Deməli, mən Ağdamdan öz cibimə ev almalıyam, niyə? Nə mənə, nə bacı-qardaşlarıma ev düşür. Mən tək deyiləm, mənim kimi bir neçə belə şəxs var. Bu məsələ olduqca ciddidir və qaçqın statusuna yenidən baxılmalıdır”.

Spiker Sahibə Qafarova deputatın fikirləri ilə razılaşmadığını və onun bu çıxışı ilə görülən işlərə ləkə saldığını bildirib: "Bu qədər iş görülür və niyə siz ləkə salırsınız? Ağdama ağdamlılar köçməyəndə kim köçür? Haradan, hansı ölkədən gətirib məskunlaşdırırlar? Siz bir dəfə də bu məsələni qaldırmışdınız, demişdiniz ki, ağdamlılara yer vermirlər. Onda da sizə demişdim, bəs kimə yer verirlər? Bu qədər iş görürlər, siz bu işlərə ləkə salırsınız. Siz də, Bəxtiyar müəllim də deputatdır, ayrı tribuna yox idi ki, bu qanun (red. "Pulsuz hüquqi yardım”) müzakirə olunanda deyəydiniz? Sizin başqa imkanınız yox idi ki, bu məsələni vəkillərlə danışasınız?”




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az