"Eldar Həsənov əsa ilə gəzir, mədəsində və belində ağrılar da var"- Vəkil


Eldar Həsənovun vəkili nələr deyir?

Həbsdə olan hüquqşünas, dövlət xadimi, diplomat, alim Eldar Həsənovun səhhəti pisləşib. "Amerikanın səsi” radiosuna danışan vəkil Adəm Məmmədovun sözlərinə görə, ayaqları tutulan Eldar Həsənov əsa ilə gəzir, onun mədəsində və belində ağrılar da var.

Özünün "Facebook” səhifəsində də açıqlama yayan Adəm Məmmədov qeyd edib ki, Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi Teymur Qarayev Eldar Həsənovun oğlundan atasına qarşı ifadə almağa cəhd edib: "Övladını öz atasına qarşı ifadə verməyə məcbur etmək, səhhəti ağır olan məhbusun yanına iki aydır həkimlərin buraxılmasına icazə verməmək nə dinə-imana sığır, nə qanunlarımıza. Bunlar kobud qanun pozuntusu ilə yanaşı böyük bir günahdır”.

Adəm Məmmədov bildirib ki, müstəntiq vəkillərin vəsatətlərinin mütləq əksəriyyətini araşdırmadan, yoxlamadan rədd edir.

Eldar Həsənov 1955-ci il oktyabrın 10-da Kəlbəcər rayonunun Laçın kəndində doğulub.

İndiki Azərbaycan Texniki Universitetini elektronika mühəndisi ixtisası, SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını hüquqşünas ixtisası ilə bitirib.

1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.

1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantıdır.

2001-ci il martın 28-dən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu il sentyabrın 14-dən ölkəni həmçinin Serbiyada, 2010-cu il iyulun 28-dən eyni zamanda Monteneqroda, həmin il avqustun 31-dən həmçinin Bosniya və Herseqovinada təmsil edib. 2013-cü il martın 28-də onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.

2020-ci il iyulun 3-dən Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbirləri aparıb, bir neçə məmur cinayət məsuliyyətinə alınıb.

İyulun 16-da prezident İlham Əliyev xarici işlər naziri olan Elmar Məmmədyarovu vəzifədən azad edib, Ceyhun Bayramov xarici işlər naziri təyin olunub.

Avqustun 13-də açıqlama yayan Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki, Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə maliyyə yoxlamaları zəminində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov şübhəli şəxs qismində tutulub.

Avqustun 14-də Səbail Rayon Məhkəməsi Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçib. Ona vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə ittihamları irəli sürülüb.

Avqustun 17-də prezident İlham Əliyev Eldar Həsənovu Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri vəzifəsindən azad edib.

Avqustun 24-də bəyan olunub ki, Eldar Həsənov barəsində cinayət işi Xarici İşlər Nazirliyi əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsində istintaq edilən cinayət işindən ayrılaraq istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.

Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanır.

Xarici İşlər Nazirliyinin ittiham olunan əməkdaşları ev dustaqlığına buraxılsa da, Eldar Həsənovun həbsdən çıxmaq üçün müraciətləri nəticəsiz qalıb.

Eldar Həsənov hüquq elmləri doktoru, professordur. Gəncə Pedaqoji Universitetinin müəllimi, Azərbaycan Pedaqoji Universitetinin dosenti olub.

Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda kitabların, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.

Eldar Həsənov ailəlidir, iki qızı, bir oğlu, altı nəvəsi var. Onun bütün övladları Türkiyədə yaşayır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az